Menu

Britanıyanın Assanc "başağrısı"

19.08.2014, 10:53
Britanıyanın Assanc "başağrısı"

WikiLeaks saytının yaradıcısı Julian Assanc (Culian Assanj) Ekvadorun Londondakı səfirliyində iki il qaldıqdan sonra elçiliyi tərk etməyə hazır olduğunu bildirib.

Julian Assanc Britaniya məhkəməsinin onun İsveçə ekstradiksiyası haqda qərarından sonra Ekvador səfirliyində sığınacaq tapmışdı. İsveçdə isə onu seksual təcavüzdə ittiham edərək mühakimə etməyə hazırlaşırdılar.

Britaniya mətbuatı xəbər verir ki, səfirlikdə keçirdiyi mətbuat konfransında cənab Assange ekstradisiya qaydalarına bu yaxınlarda edilmiş düzəlişlərə görə Britaniya parlamentinə təşəkkürünü bildirib. O hətta deyib ki, “görünür, parlament bu dəyişiklikləri mənə görə edib”.

Assanc sevinməyə tələsib

Lakin qəzetlərin yazdığına görə, həm Assanc, həm də onun vəkilləri məhz bu məqamda səhvə yol veriblər.

Bununla əlaqədar Britaniya Daxilili İşlər Nazirliyi bəyanat verivb ki, yeni qaydalar yalnız yeni, yəni bundan sonrakı işlərə şamil edələcək.

Nazirliyin sözçüsü deyib ki, hələlik ortalıqda və qüvvədə olan yeganə sənəd 2010-cu ildə İsveç tərəfindən verilmiş həbs orderidir.

43 yaşlı Assanc İsveçdə SW adı ilə təqdim olunan qadını zorlamaqda və başqa iki qadına qarşı seksual təcavüzdə ittiham olunur.

WikiLeaks –in yaradıcısı ittihamları rədd edir və bildirir ki, İsveçə ekstradisiya olunarsa, onu dərhal ABŞ-a təslim edəcəklər. ABŞ-da isə o, məxfi informasiyanın yayılması ilə milli təhlükəsizliyə xələl gətirməkdə ittiham olunacaq.

Ekvador Britaniya ilə dil tapmağa çalışır

Jurnalistlərin qarşısına çıxarkən solğun və xeyli sınıxmış görünən Julian Assanc bildirib ki, onun səfirliyi tərk etmək qərarı mediada yayıldığı kimi ilk növbədə pisləşən səhhəti ilə bağlı deyildir.

Ekvadorun Londondakı səfirliyi qarşısında qurulmuş xüsusi postda polis sutka ərzində keşik çəkir ki, Assanc ayağını binadan çölə qoyan kimi onu həbs etsin.

Öz növbəsində Ekvador hökuməti məhz bunun baş verməməsi üçün son cəhdlərini edir.

Ekvadorun xarici işlər naziri Ricardo Patino səfirlikdə keçirilən mətbuat konfransında şəxsən iştirak edib və məlumat verib ki, Assange-la bağlı düyünü çözmək üçün Britaniyalı həmkarı, ölkənin yeni xarici işlər naziri Philip Hammond-la görüşəcək.

Assanca Ekvadorda siyasi sığınacaq verilməsinin iki illiyinə həsr olunmuş mətbuat konfransına məxsusi qatılmış cənab Patino deyib: “İki il sadəcə olaraq çox uzun müddətdir. Julian Assancı azad etmək vaxtıdır. İnsan haqlarına hörmət etmək vaxtıdır”.

Nazir həmçinin bildirib ki, Assanca qarşı İsveçdə qaldırılmış cinayət işində də iki ildir, heç bir irəliləyiş əldə olunmayıb.

Ötən həftə İsveç ona qarşı həbs orderinin ləğvi barədə Assange-ın müraciətini rədd edib.

Assange xəstədir

“The Daily Telegraph” qəzeti yazır ki, Julian Assanc həyatı üçün təhlükəli olan ürək çatışmazlığından və xronik ağ ciyər xəstəliyindən əzab çəkir.

Qəzet yazır ki, iki il Ekvador səfirliyində, xarici mühitdən və açıq havadan məhrum olan Julian Assange aritmiya, xronik öskürmə və yüksək qan təzyiqi ilə əlaqədar təcili müalicəyə başlamalıdır.

Tərəfdarları bildirirlər ki, Assange insan orqanizminin əsasən günəş işığından aldığı D vitamini çatışmazlığından daha ciddi səhhət fəsadları ilə üzləşə bilər.

Ekvador səfirliyinin Assancın xəstəxanaya aparılmasının təşkili üçün Brityaniya hökumətinə müraciəti cavabsız qalıb.

Mətbuat rəsmi mənbələrə istinadən xəbər verir ki, Assanc xəstəxanaya yalnız qandallanmış şəkildə gətirilə bilər.

Ekvador səfirliyinin keşiyinə 7 milyon funt xərcləyib

Julian Assanc jurnalistlərə bildirib ki, Britaniya hökuməti Londondakı Ekvador səfirliyinin qarşısında polis patrulunun təşkili üçün iki ildə 7 milyon funt sterlinq xərcləyib.

O bildirib ki, bu pullar, daha faydalı işlərə, məsələn xəstəxana çarpayılarının artırılmasına xərclənə bilərdi.

Julian Assanc sual edib ki, o özü və onun internet saytı, görəsən, İraqdakı İslam Dövlətindən daha təhlükəlidirmi?

WikiLeaks saytının yaradıcısı inandığını bildirib ki, Britaniya və Ekvador hökumətləri onun problemini bütün tərəflər üçün münasib həllini tapacaq

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol