Menu

Hakim şəhid ailəsinin evini niyə əlindən alıb oliqarxa verib? - Ali Məhkəmədən açıqlama

29.03.2019, 18:05
Hakim şəhid ailəsinin evini niyə əlindən alıb oliqarxa verib? - Ali Məhkəmədən açıqlama

Tikinti oliqarxı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun aprel şəhidi Sənan Axundovun ailəsinə məxsus evi əlindən almasına dair yayılan məlumatlar ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Bununla bağlı yazılarda ittihanm olunan tərəflərdən biri də Ali Məhkəmənin hakimidir.  

Belə ki, Sənan Axundov vəfat etməmişdən bir neçə il əvvəl “Kamran MMC”-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra “Kamran MMC”-nin işçiləri haqqında fırıldaq etdiklərinə görə cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini “Şərurlu İsfəndiyar” alıb. Həmin binada əlavə 5 mərtəbə də tikib. “Şərurlu İsfəndiyar”ın sakinlərlə şərti belə olub ki, binadakı mənzillər üçün yenidən onun istədiyi qiymət ödənilməlidir. Sənan Axundov sağ olanda öz hüququnu qoruyub və məhkəmələrin birində qanuni qərar çıxarılıb ki, binadakı 50 kvadratmetrlik yerin sahibi onun özüdür.

Şərurlu İsfəndiyar isə dayanmayıb. Sənan şəhid olandan sonra ailəni məhkəməyə verib və məhkəmə prosesini qazanıb. 

Yeni tərkibli hakimlər belə qərar çıxarıblar ki, iddiaçı ailənin əlindəki sənədləri “Kamran MMC” verdiyinə görə saxta sayılır. Lakin eyni sənədlərlə binada öz haqqını tələb edib, mənzilinə sahib olan bir-iki nəfər var. Həm də ki, bina sakinlərinin hamısı “Kamran MMC”-dən aldıqları sənədləri, “Şərurlu İsfəndiyar”ın şirkətinin verdiyi sənədlərlə əvəzləyiblər. Şəhid Sənan Axundovun ailəsi bir neçə dəfə binadakı özlərinə aid olan yerdə təmir-bərpa işləri aparıblar. İsfəndiyarın adamları isə bu otaqları vurub-uçurublar. Hətta əri ölən qadının düşdüyü hal da onları pis niyyətlərindən, bəd əməllərindən çəkindirməyib. Bu günə qədər aparılan müxtəlif məhkəmə çəkişmələrinin sonunda, Ali Məhkəmə yenidən “Şərurlu İsfəndiyar”ın xeyrinə qərar çıxararaq, şəhid ailəsinin adına olan 50 kvadratmetrlik yeri əllərindən alıb”.

Ali Məhkəmədən bununla bağlı açıqlama yayıb . Ali Məhkəmənin mətbuat katibi Allahverdi Məmmədlinin "AzPolitika.info" ya göndərdiyi məktubda bildirilir:

"Bir sıra saytlarda, həmçinin Sizin onlayn qəzetinizdə “Oliqarxla hakim birləşib şəhid ailəsinin evini əlindən aldı” sərlövhəli yazı dərc olunmuşdur. Bu yazı Ali Məhkəmənin və hakimin fəaliyyətinə əsassız olaraq gölgə saldığı üçün məsələyə aydınlıq gətirməyi məqsədəuyğun hesab edirik.

Zeynalov Novruz Qafar oğlu 13.08.2008-ci ildə “Kamran B.Ə” MMC ilə müqavilə bağlayaraq 50 kv.m qeyri-yaşayış sahəsinin (market) 64.480 manata almış, lakin pulun 53.480 manatını hissə-hissə ödəmiş, 11.000 manatını ödəməmişdir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2013-cu il tarixli hökmü ilə “Kamran B.Ə” MMC-nin rəhbərləri Babayev Ələkbər Tofiq oğlu, Hüseynov German İsmayıl oğlu CM-nin 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə məhkum olunmuşdur.

Həmin hökmlə Novruz Zeynalov zərərçəkmiş tanınmış və onun saxta müqavilə əsasında 53.480 manat pulunun cinayətkarlar tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi müəyyən edilmişdir. Həmin hökmlə qərara alınmışdır ki, Babayev Ələkbər Tofiq oğlunun, Hüseynov German İsmayıl oğlunun və Əliyev Süleyman Adil oğlunun üzərinə həbs qoyulmuş əmlakları hesabına 53.480 manat pul tutularaq Novruz Zeynalova ödənilsin.

Sonradan həmin hissə apellyasiya məhkəməsi tərəfindən hökmdən çıxarılmışdır ki, Novruz Zeynalovun mülki iddiası olmamışdır.

Bundan sonra Novruz Zeynalov Yasamal məhkəməsində qanuni qüvvəyə minmiş hökmlə səlahiyyətsiz hesab olunan “Kamran B.Ə” MMC-yə qarşı 2 noyabr 2017-ci ildə iddia qaldıraraq 50 kv.m qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınmasını xahiş etmişdir. İddianın təmin olunmasına dair rayon məhkəməsinin qətnaməsini ləğv edən apellyasiya məhkəməsi nəticəyə gəlmişdir ki, iddiaçının bağladığı müqavilə hökmlə “saxta müqavilə” olduğundan mülki hüquqda əhəmiyyətsiz əqd hesab olunmaqla tərəflər üçün heç bir hüquq və vəzifə yaratmır.

Mülki-Prosessual Məcəllənin 82.4-cü maddəsnə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin hadisəyə aidiyyəti hissəsində məcburidir.

Kassasiya Məhkəməsi Apellyasiya Məhkəməsinin mövqeyi ilə razılaşmış 28 mart 2019-cu il tarixli qərarla qətnaməni dəyişdirmədən saxlamışdır.

Mübahisələndirilən müqavilə mənzillə əlaqədar deyil, 50 kv.metrlik qeyri-yaşayış sahəsi ilə əlaqədar olmuşdur. Müqaviləni 2008-ci ildə Novruz Zeynalov bağlamışdır. Mübahisəli obyektin şəhid Sənan Axundova aid olmasına dair işdə heç bir sübut və sənəd yoxdur. 2016-cı ilin aprel döyüşlərində iddiaçının qızı Nəcibənin əri Sənan Axundov həlak olduqdan sonra Novruz Zeynalov müraciət edərək, həmin qeyri-yaşayış sahəsini şəhid kürəkəninin vəsaiti hesabına almasını bildirmişdir.

Sənan Axundovun sağlığında məhkəmədə iddia qaldırması, qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair qərar qəbul edilməsinə nail olmasına dair göstərilənlər həqiqətə uyğun deyil. Belə bir iddia və məhkəmə qərarı olmamışdır.

Məqalədə göstərilənlərin heç bir hüquqi əsası yoxdur.

Novruz Zeynalov hökmədən sonra məhkəmədə obyektin onun sahibliyinə verilməsinə dair 2017-ci ildə iddia qaldıran zaman obyekti şəhid kürəkəninin vəsaiti hesabına əldə etdiyini bildirmişdir.

Sənan Axundovun adına müqavilə bağlanmamış, ona mənzil və ya qeyri-yaşayış sahəsi satılmamışdır. Sonda nəzərinizə çatdırırıq ki, yazıda jurnalist peşəsi etikasına sığmayan təhqiramiz ifadələr işlədilmişdir. Bu cür ifadələrin işlədilməsi yolverilməzdir və nə müxbirə, nə də onun təmsil etdiyi sayta nüfuz gətirmir".

Qeyd edək ki, bütün deyilənlərə baxmayaraq şəhid ailəsinə məxsus evin əllərindən alınmasına haqq qazandırmaq olmaz.  Ailəni zamanında aldadıblar, sənədləri saxta olub, qanun bizim tərəfimizdədir və sair kimi fikirlər şəhid olmuş bir zabitin -  polkovnik-leytenantın ailəsinə məxsus, övladlarının yaşadığı bir evi onlardan almaq üçün bəhanə ola bilməz!  

50  kvadratmetrlik mənzil nədir ki, ölkənin tikinti oliqarxlarından biri hesab olunan, övladının sürdüyü maşınların dəyəri 100 minlərlə dollarla ölçülən İ. Axundov kimi iş adamı onu şəhid ailəsinə vermək istəmir?   

Şəhidin xanımı Nəcibə Axundova qeyd edib ki, dünənki prosesi aparan hakim Əsəd Mirzəliyev onların fikirlərinə önəm verməyib və şəhid ailəsinin hüquqlarının tapdalanmasına göz yumub: “Elə ilk başda bizə əlavə heç bir fikir söyləməməyimiz tapşırıldı. Mən dərhal buna etiraz etdim. Çünki o ev, o mənzil mənim pulumla tikilib. Bunu qeyd etməməliyəm? Məhkəmə hələ başlamamışdı, amma artıq çıxarılacaq qərar bəlli idi".

Bu adamlar unudur ki, Bakıda oturub milyonlar qazanırlarsa, övladları gecələri bar və ya restoranlarda, gündüzləri 500-600 minlik maşınlarda şəhərin küçələrində  "boy göstərirlərsə", buna görə cəbhədə gecə-gündüz keşik çəkən əsgər  və zabitlərimizə, canını Vətən yolunda fəda etmiş ŞƏHİDLƏRİMİZƏ borcludurlar! Heç bir bəhanə şəhid ailəsini narazı salmağa haqq qazandıra bilməz!  

Murad

AzPolitika.info

Şərhlər

vetendas 2019-03-29 18:05:06

Hakimlerin 80%-I terefbazliq edirler.Biz beleyik xeyiri yoxdu!yox!yox!yox.

Oqtay 2019-03-29 18:05:06

Məhkəmədəkilər indi başlayacaqlar bahanə axtarmağa ama hamı bilir ki bunlara puldan başqa müqəddəs heçnə yoxdur

azeri 2019-03-29 18:05:06

Budur -----------

t.ədalət 2019-03-29 18:05:06

"Şərurli İsbəndiyar" da ,oğlu da cəbhə xəttində Vətənə xidmət etməkdən yayınmış adamlardır.Bu adam vaxtı ilə metronun "28 May"-"Gənclik" stansiyaları arasında tikilmiş"bombabej" deyilən yeri özbaşına söküb yerində bina tikdi.Azərbaycandakı kürd təşkilatları onu güclü müdafiə edirlər.İndi də şəhid ailəsinə "hücum" etməsi göstərir ki, bu adamın qarşısını almaq üçün xalqın qınağına ehtiyac var.Çünki dövlətdən qorxusu yoxdur..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol