Qaraçuxurdakı “Neftçilər parkı” zülmətə qərq olub - 6 gün əvvəl Prezident açılışında iştirak etmişdi (FOTO)

Bu il aprelin 18-də təmtəraqlı şəkildə açılışı təşkil olunan və hətta açılışında ölkə başçısı və birinci vitse-prezidentin də iştirak etdiyi Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən “Neftçilər parkı” bir neçə gündür ki, işıq üzünə həsrət qalıb. Sakinlərin şikayəti əsasında parkda olan əməkdaşımız axşam saatlarında cəmi 6 gün əvvəl açılmış parka üz tutan insanların kor-peşiman geri qayıtdıqlarını müşahidə edib.

Sakinlərin sözlərinə görə, ölkə başçısının gəlişi gözlənildiyindən, parkın açılışından bir neçə gün əvvəl yollarda və yol kənarlarında tez-tələsik abadlıq işləri aparılıb. Prezidentin gələcəyi yol boyu təmir, rəngləmə və digər işlər görülüb. Parkın özündə isə 3-4 ədəd kiçik “karusel” quraşdırılıb. Ancaq sakinlər bildirirlər ki, hətta o qədər də müasir olmayan bu “karusellər” belə, park açılandan bu günə qədər hələ düz-əməlli işləməyiblər. Səbəb olaraq isə sakinlərə elektrik təminatında problemlərin olması göstərilib. Bəzi yerli sakinlər isə guya parkın elektrik borcu olduğundan işığının kəsildiyini iddia edirlər. Lakin yenicə açılmış bir ictimai obyektin elektrik borcunun yaranması inandırıcı görünmür. Təəssüf ki, axşam saatlarında hər hansı yetkili şəxs tapa bilmədiyimizdən, yerindəcə parkın nədən günlərdir zülmətə qərq olduğunu aydınlaşdıra bilmədik.

Sakinlərin dediyinə görə, açılışdan sonrakı ilk günlərdə ərazi elektrik enerjisi ilə təmin olunsa da, son 2-3 gündə “Neftçilər parkı”nda işıq yoxdur. Bu da bir ildən çoxdur Qaraçuxurda demək olar ki, yeganə olan bu parkın açılışını gözləyən yerli sakinlərin haqlı narazılığına səbəb olub. Böyüklərlə birgə uşaqların da üz tutduğu parkın ərazisi zülmət qaranlığa qərq olduğundan, axşam saatlarında bu yer müasir parkdan çox qorxulu meşəyə bənzəməyə başlayır.

Ancaq xatırlatmaq yerinə düşər ki, parkın açılışında prezidentə hesabat verən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov nəinki yenicə inşa edilmiş parkın, ümumiyyətlə Suraxanı rayonunun heç bir kommunal probleminin qalmadığını demişdi: “Cənab Prezident, işlər çox yaxşı gedir. Bu gün artıq rayonun hər yerində, həmçinin Qaraçuxurda qaz, su, işıq problemləri yoxdur, hamısı gözəldir”.

Hörmətli icra başçısının “hamısı gözəldir” deyəndə nəyi nəzərdə tutduğunu söyləmək bir qədər çətindir. Ola bilsin ki, prezident gəlib-gedincə doğrudan da hər şey gözəl olur. Bəs sonra?

Əslində, Suraxanı rayonu kommunal problemlər və infrastruktur sarıdan paytaxtın heç də öndə gedən rayonu sayıla bilməz. Məsələn, elə həmin Qaraçuxur qəsəbəsinin Şərq Massivi adlanan ərazisində hər il hələ yay gəlməmişdən içməli su problemi başlayır və bütün yay boyu bu problem heç cür həll olunmur ki, olunmur. Və ümumiyyətlə, rayonda hər şeyin “gözəl olduğunu” elə ölkə başçısının cəmi 6 gün əvvəl açılışını etdiyi parkın 2 gündən sonra işıqsız qalması, qaranlığa qərq olması və heç kimin də bununla maraqlanmaması da sübut edir...

Yeri gəlmişkən, bir məsələni də qeyd edək ki, qəsəbə sakinləri arasında sözügedən park daha çox “Cavanşir parkı” kimi tanınır. Bu da həmin parkda hələ illər öncə Azərbaycanın ən gənc Milli Qəhrəmanı Cavanşir İzzət oğlu Rəhimova qoyulmuş abidə ilə bağlı olub. Bu gün də Suraxanı Rayon 104 saylı məktəbi bitirmiş və 1992-ci ildə 19 yaşında Qarabağda qəhrəmanlıqla şəhid omuş Cavanşir Rəhimovun həmin parkda büstü var. Lakin nədənsə bu parka ən gənc şəhid qəhrəmanımızın adı yox, “Neftçilər parkı” adı verildi...

TAHİR

AzPolitika.info

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar