Menu

“İÇƏRİŞƏHƏR”İ QARNI İLƏ İDARƏ EDƏNLƏR... - Turistlər abidələrimizə baxmağa gəlir, yoxsa...

26.04.2019, 16:59
“İÇƏRİŞƏHƏR”İ QARNI İLƏ İDARƏ EDƏNLƏR...  - Turistlər abidələrimizə baxmağa gəlir, yoxsa...

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi son günlər sosial şəbəkələrdə yer alan və bu qədim tarixi abidənin başına açılan oyunları əks etdirən fotolara, videogörüntülərə və rəylərə rəsmi münasibət bildirib. Bununla yanaşı, qoruğun hazırkı aparat rəhbəri Riad Qasımov də ayrıca açıqlama və “videorolik” yayaraq, idarəni tənqid edənlərin necə “yalançı və vicdansız” olduqlarını sübut etməyə çalışıb.

Əvvəlcədən qeyd edək ki, idarənin rəsmi mövqeyilə Riad Qasımovun paylaşdığı videogörüntülər arasında ziddiyyətlər var. Məsələn, rəsmi açıqlamada yeni tikilən iaşə obyektlərilə qədim qala divarları arasında 1.5 metr məsafə olduğu deyilir.

Riad Qasımovun yaydığı görüntülərdə isə arada nəinki 1.5, heç yarım metr də məsafənin olmadığı görünür. Daha bir maraqlı məqam – qoruq rəsmisi deyib ki, qala divarlarının uçurulması ilə bağlı paylaşılan şəkillər 2011-2012-ci illərə aiddir, yəni ki, hadisə indiki rəhbərliyin yox, hazırkı vergilər naziri Mikayıl Cabbarovun vaxtında baş verib.

Ancaq əsas məsələ heç bu detallarda da deyil. Ümumiyyətlə, bu açıqlamalarda nə deyilməsindən asılı olmayaraq, Azərbaycanın və dünyanın nadir tarixi incilərindən birinin kafe-restoranların girovuna, məhbusuna çevirməyin hansı anlayışın, hansı təfəkkürün, hansı beyinin məhsulu olduğunu anlamaq çətindir.

“İçərişəhər” DTMQ-nin açıqlamasında deyilir ki, sosial şəbəkələrdə son günlərdə yayımlanan fotoşəkil hazırda ərazidə görülən işləri əks etdirmir və 2018-ci ilin noyabr ayında çəkilib. Orada görünən kərpic və digər materiallar isə qətiyyən Qala divarları ilə əlaqəli deyil: “Hazırda sözügedən ərazidə yalnız yüngül metaldan ibarət dayaqlar mövcuddur. Yaradılan dayaqlar abidədən 1,5 metr aralı quraşdırılıb. Aparılan işlər zamanı restoranların terraslarının genişləndirilməsi və müasir tələbatlara uyğunlaşdırılması nəzərdə tutulub...”

Fikir verin, sanki 2018-ci ilin noyabrında da “İçərişəhər”ə tamamilə başqa adamlar nəzarət edib və o zaman baş verənlərin indiki rəhbərliyə aidiyyatı yoxdur. Kərpic və digər tikinti materialları isə həmin əraziyə yadplanetlilər tərəfindən gətirilib...

Açıqlamada ən çox qıcıq yaradan məqam hər şeyə rəğmən restoranların genişləndiriləcəyinin vurğulanmasıdır – yəni ki, belə abidələrin unikallığı, tarixi əhəmiyyəti, nəhayət, ictimai rəy və s. kimi anlayışlar bunların heç vecinə də deyil.

Digər tərəfdən, başa düşmək olmur ki, axı bu qurum tarixi qoruq idarəsidir, yoxsa ictimai iaşə müəssisəsi? Guya turistlərin və turizmin inkişafının qeydinə qalan bu adamlar ya anlamırlar, ya da anlamaq istəmirlər ki, “İçərişəhər”ə gələn alman, yapon, ingilis və s. buraya “qarnını otarmağa” gəlmir! Elə bilirlər ki, əcnəbi turistlər də bizim məmurlar kimi başları ilə yox, qarınları ilə düşünür və görürlər.

Anlamaq istəmirlər ki, guya turistlərin rahatlığı üçün inşa etdikləri bu kababxanalar əslində elə həmin turistlərin görmək istədikləri qədim qala divarlarının qarşısını kəsir, onları bizim bu qədim tarixi incimizdən zövq almaqdan məhrum edir. Bunlardan soruşan lazımdır ki, turist “İçərişəhər”ə yeyib-içməyə gəlir, yoxsa tarixi abidələrimizə baxmağa? Həm də “İçərişəhər”in ətrafı kafe-restoranlarla dolu olduğu halda, vacibdirmi ki, içəridə də kababxanalar olsun?

Bir də məsələnin sırf hüquqi tərəfi var. Görəsən, hansısa qoruq idarəsinin “İçərişəhər” kimi dövlət əhəmiyyətli tarixi bir ərazinin, abidənin başına istədiyi oyunu açmaq hüququ varmı? Varsa, bu nə dərəcədə ədalətlidir? Əslində, belə ərazilərdə nəinki restoran tikilməsi, istənilən hər hansı xırda dəyişiklik edilməsi belə, ən azı Milli Məclis kimi seçkili orqanın razılığı ilə aparılmalıdır. Çünki belə tarixi abidələr nə heç bir hökumətin, nə icra hakimiyyəti orqanının, nə də qoruq idarəsinin şəxsi mülkiyyəti deyil.

[caption id="attachment_509965" align="aligncenter" width="608"]

İçərişəhərdə Qoşa Qala qapısının yaxınlığında tarixi binaları belə restoranlara çeviriblər[/caption]

Deyəsən, televiziyalar vasitəsilə incəsənətimizə, mədəniyyətimizə, yaltaqları, məddahları önə - yüksək vəzifələrə çəkməklə isə mənəviyyatımıza vurulan ziyan azlıq edir, indi də kababxanalarla tarixi abidələrimizi gözdən salmaq istəyirlər.

Görünür, bəzi təfəkkürləri bozbaş iyi verənlər, hər şeyi mədələri, qarınları ilə ölçənlər qəbul etmək istəmirlər ki, “İçərişəhər” kiminsə atasının yox, bütün xalqın malı, mülküdür!

[caption id="attachment_509969" align="aligncenter" width="654"]

“İçərişəhər”dəki restoranlar qala divarlarını görünməz edib[/caption]

Əslində, hazırda “İçərişəhər”də baş verənlər və ictimaiyyətin buna təpkisi hökumət üçün bir sınaq sayıla bilər. Görək tariximizə sahiblənmək və ictimai rəy kimi anlayışlar üstün tutulacaq, yoxsa kimlərinsə bütün əndazələri aşan biznes maraqları...

Sonda tənqidlərə cavab olaraq yayımlanan rəsmi açıqlamadan bir hissə diqqətimizi cəlb etdi: “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Qoruq ərazisində tarixi-mədəni və əyləncə məfhumları arasında olan balansı daim nəzarətdə saxlayır və heç bir halda bu tarazlıq pozulmayacaq”. Yazıq “İçərişəhər”in daha nə halı qalıb, nə də tarazlığı - nəyi qalıb ki, nəyini də pozasınız...

Cəlal MƏMMƏDOV

AzPolitika.info

[caption id="attachment_509971" align="aligncenter" width="594"]

Tarixi abidələr belə restoranlara çevrilib[/caption]

Şərhlər

TARİX 2019-04-26 16:59:25

QANUN ŞAHDIR ŞAH QANUN DEYİLDEMİŞLƏR.ANCAQ TƏƏSÜFLƏR OLSUN Kİ BİZDƏ AZƏRBAYCAN MƏMURLARİ ŞAHLIQ EDİR.

Oqtay 2019-04-26 16:59:25

https://www.youtube.com/watch?v=tIdLXhQUpoY

bisavad 2019-04-26 16:59:25

Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamı olmayan bütün tikililər qanunsuzdur.Qız qalasının, Şirvanşahlar sarayının, qala divarlarının sərəncamı YOXDUR

Əntiqə 2019-04-26 16:59:25

İçərişəhəri sevmək,qayğısına qalmaq üçün vətəndaş olmaq lazımdır,əzizlərim.Haram milyonlarla villalar tikdirənlər nə bilir vətən hardan başlanır.Onlar hardan bilsin ki, içərişəhər "QAN AĞLAYIR" Yazıq Vaqif Səmədoğlu,yaxşıki, bu günü görmədin.

Əli 2019-04-26 16:59:25

Orada nəsə dəyişiklik etmək üçün onu tikən kişilərdən icazə almaq lazımdır Qoruq idarəsi kimdirki o bu gün var sabah yox o divarlar o içəri şəhər elələrinin 100 yola salıb İcəri şəhər hamınındı kiminsə deyil O bizim millətin tarixidir kimdir o bizim tarixi ermənilərlə birlikdə sökən.Cinayətdir bu.O tikdiyiniz şüşəli binaların 100 tikmək olar ancaq içəri şəhər təkdir və onun qiyməti onun tarixindədir.Belə getsə Qız qalasının yerində də saunadan zaddan açarlar.Bəlkə ermənilər kiməsə pul verib sökdürür oranı

Vətən OĞLU 2019-04-26 16:59:25

yalançı və vicdansız-tarixə yalnız belələri ləkədir

EJDER 2019-04-26 16:59:25

HSA HA HA...,,SOVETSKIDE,,BUTUN QEDIMI BINALARI SOKUBLER,KULEK OLANDA TOZU ERWE QALXIR.BAKINI PIS GUNE QOYUBLAR.INDI AYILMISINIZ KI,O SES HARADAN GELDI.ICERIWEHERIN ADI QALIB.AZNEFT TEREFI GORUN NE GUNE QOYUBLAR,BAYIL SURUWUB GEDIR...HAY HAY...M.E.RESULZADE BU INKIWAFI GORSEYDI FEXR EDERDI,BELI KEYF ELEYIN,ANALOQU OLMAYAN INKIWAFI ,MOVCUD OLMAYAN BIR EWYI TERIFLEYIN.NEJE DEYERLER,WIROKO WAQAYET AZEBIJAN...HANI O KECICI BAYRAQLAR

fikrət 2019-04-26 16:59:25

mən sürücüyəm fransadan turistlər ğəlmişdi apardim onlari icəri şəhərə onlar icəri şəhərə ğirib hec 5 dəqiqə qalmadilar cünki qədimi hecnə yox idi baxmaqa,sonra apardim torqovaya düşdülər ğetdilər başa düşdümki mararli hecnə yox idi icəri şəhərdə bax belə

Çingizxanın nəvəsi 2019-04-26 16:59:25

Hələbdə Əməvilər məscidinin inşasına 715-ci ildə,Parisdə Notr Dam kilsəsinin inşasına isə 1163-cü ildə başlanılıb.Avrasiyanın böyük bir hissəsini fəth edən Çingizxan isə 1227-ci ilədək hökmrnlıq etmişdir.Onun özündən sonra saxladığı bir tikilini nişan verə bilən kimsə varmı?Bəli,fəth edib,amma tikməyib,dağıdıb.Odur bu vərdiş bizə də əmanət edilib,əmanətə isə xəyanət olmaz.

Adil 2019-04-26 16:59:25

ANAR buna niyə dillənmir, niyə bu olaya da fəlsəfə açmır? Ona görə ki, "İçərişəhər" AYB-nə gəlib- getməyib, onların "tədbirlərində" "İştirak" etməyib? AYıB olsin AYB-nə və onun (başındamı və ya harasında durdugu bilinməyən) sədri Anara.Harda yaltaqlanmaq, yalmanmaq lazımdırsa Anar gözlənilmədən zühr edir.Onda ki, Anar lazımdır-QEYBƏ çəkilir, ilim-ilim itir.Bir daha ayıb olsun Anar.

yalçın 2019-04-26 16:59:25

yaızdakı 1-ci şəkildəki uçuq divatlar arxasındakı müasir paz bina çox şeyə aşkar şahidkik edir bu tarixi məkana..onu kimlərin xain izni ilə kimlər buraya paz ediblər? bu suala cavab elə qalan bütün suallara da cavablar gətirər..

Said 2019-04-26 16:59:25

SOS...SOS...SOS...!!!

Oqtay 2019-04-26 16:59:25

Prokurorluq,mədəniyyər nazirliyi YUNESKO xətti ilə qorunan abidəni sökürlər hamı da göz yumur.Bu vətəni satmaqdır

miri 2019-04-26 16:59:25

Yazıq Vətən. Gör kimlər əlində qaldın? Mədəniyyət və tariximizə cavabdehliyi həvalə etdiklərimiz idarəetməni beyin ilə yox qarın ilə düşünürsə, söz tapılmır deməyə.

t.ədalət 2019-04-26 16:59:25

Hiss olunur ki,bu quldurluğun arxasında hakimiyyət eşalonuna yaxın adam dayanır. DQ ərazisindəki dağılan tarixi obyektlərdən ötəri özümüzü öldürürük.Öz ərazilərinizdə dağıdılan obyektlərin günahını kimin üstünə ataq?İçərişəhəri dağıdanlar da,yəni ermənilərdir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol