Menu

Özbəkistanda ilk azad, demokratik seçki keçirildi

03.05.2019, 13:30
Özbəkistanda ilk azad, demokratik seçki keçirildi

Özbəkistanın Əndican vilayətinin Mərhəmət rayonunda ilk dəfə alternativ namizədlərin də qatıldığı azad, ədalətli məhəllə seçkiləri keçirilib. Virtualaz.org “Azadlıq” radiosunun özbək xidmətinə istinadən xəbər verir ki, vətəndaşlar eksperiment qaydasında dörd məhəllənin ağsaqqalını (yerli idarəetmə orqanının rəhbəri) tamamilə azad və demokratik səsvermə yolu ilə seçiblər. Bu seçkilərin koordinatoru, uzun müddət Özbəkistanın Dövlət Gömrük Komitəsinə rəhbərlik edən Batır Parpiyev seçkiləri “şəffaf və demokratik” adlandırıb.

Mərhəmət rayonunun administrasiyasının əməkdaşı təsdiq edib ki, mayın 2-də dörd məhəllənin ağsaqqalı yeni metodla seçilib. Seçki komissiyasının sədri Tursunali Mamacanovun bildirdiyinə görə, seçkilər “Vətəndaş icmaları sədrlərinin (ağsaqqallarının) seçkisi haqda” qanun əsasında keçirilib. Həmin qanun 2018-ci ilin oktyabrında Özbəkistan prezidenti tərəfindən imzalanıb.

Məhəllə ağsaqqalı seçkilərində iştirak edən sakinlərdən biri deyib ki, bu rayonda ilk dəfədir bu cür azad seçkilər keçirilir. Onun bildirdiyinə görə, belə məhəllələrdən birində 157 seçicidən 144-ü səsverməyə qatılıb. “Bu seçkilər bizim ölkəmizin tarixində ilk dəfə şəffaf keçib. Ötən seçkilərdə biz səsvermə hüquqlarımızdan yararlana bilmirdik. Bu seçkilər prezident Şövkət Mirziyayevin seçkilər sahəsində demokratik siyasətini bir daha təsdiq edir”-həmin sakin deyib.

Prezident Mirziyoyev bu ilin yanvarında selektor müşavirəsi zamanı bildirmişdi ki, bundan sonra Özbəkistanda azad seçkilər keçiriləcək və vətəndaşlar buna vərdiş etməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol