Ukrayna Daxili İşlər Nazirliyi Kremençuq şəhərinin azərbaycanlı meri Oleq Babayevin qətlinin sifarişçisinin “Vizit” teleşirkətinin direktoru olduğunu bildirib. “Media forum” saytının məlumatına görə, daxili işlər naziri Arsen Avakov sentyabrın 4-də açıqlama yayaraq bildirib ki, Oleq Babayevin qətlini təşkil edən cinayətkar qrupun daha bir iştirakçısı həbs olunub: “İfadələr və faktlar qətlin daha bir sifarişçisinin “Vizit” teleşirkətinin direktoru – Koval soyadlı biznesmenin olduğunu göstərir. Bu iş üzrə artıq 5 nəfər tutulub”.
Oleq Babayev bu il iyulun 26-da odlu silahla öldürülüb.
1965-ci il oktyabrın 21-də Rusiyanın Kursk şəhərində doğulan Oleq Babayevin atası azərbaycanlı, anası rusdur. O, 1986-cı ildə Minsk Hərbi Siyasi Məktəbini, 2000-ci ildə Kiyev Milli Universitetini bitirib. 1996-cı ilədək orduda qulluq edib. Həmin ildən bizneslə məşğul olub, 1998-ci ildən “Kremençuqmyaso” Açıq Səhmdar Cəmiyyətinə rəhbərlik edib. 2005-ci ildən “Vorskla” futbol klubunun prezidenti idi. 2007-2010-cu illərdə Ukrayna Ali Radasının deputatı olub. Kremençuq meri postunu 2010-cu ilin noyabrından tutub.


Şərhlər