Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevin məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, Eldəniz Quliyev daxili işlər naziri Ramil Usubovun məhkəmədə iştirak etməsi ilə bağlı vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra E.Quliyev ona qarşı irəli sürülən ittihamları rədd edib və heç kimi təhqir etmədiyini bildirib.
Məhkəmə prosesi bu gün saat 15:00-ə kimi təxirə salınıb.
Xatırladaq ki, daxili işlər naziri Ramil Usubov iddiasında Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırıb. Iddiaya səbəb isə Eldəniz Quliyevin yol polisi barədə yazdıqları olub. Belə ki, E.Quliyev bir müddət əvvəl mətbuatda R.Usubova müraciət ünvanlayıb. Müraciətdə bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə diqqət çəkən E.Quliyev R.Usubovu məlum problemin həlli istiqamətində konkret addımlar atmağa səsləmişdi.


Şərhlər