Menu

Mehriban Əliyeva Sami Yusufa Azərbaycan Prezidentinin fəxri diplomunu təqdim edib

01.10.2019, 23:55
Mehriban Əliyeva Sami Yusufa Azərbaycan Prezidentinin fəxri diplomunu təqdim edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusufla görüşüb.

"Report" xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva müğənniyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu təqdim etdi.

Birinci vitse-prezident Mehriban Əliyeva Sami Yusufun II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalındakı iştirakını yüksək dəyərləndirdi. Mehriban Əliyeva müğənninin bu ilin iyununda Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən konsertdəki çıxışını da xatırladı, bu konsertin ən yüksək səviyyədə təşkil edildiyini və Azərbaycan ilə UNESKO arasındakı əlaqələrə töhfə olduğunu vurğuladı. Birinci vitse-prezident bildirdi ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər. Bu şəxslərin sırasında Sami Yusuf da var.

Birinci vitse-prezident fəxri diplomu müğənniyə təqdim etdi.

Görüşdə Mehriban Əliyeva Sami Yusufa gələcək yaradıcılığında uğurlar arzuladı.

Müğənni və bəstəkar Sami Yusuf yüksək mükafata görə minnətdarlığını bildirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol