60 NƏFƏR SAXLANILIB - Bakı Şəhər Baş Polis İdarəsi məlumat yaydı (Yenilənib)

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxtda qanunsuz aksiyaya cəhdlə bağlı məlumat yayıb.

Daxil olan məlumatda bildirilir ki, Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri 2019-cu il oktyabr ayının 19-da paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər.

Müraciətə baxılaraq "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və cinayətlərin baş verməməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə aksiyanın şəhərin mərkəzi hissəsində keçirilməsi onun yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun təlim bazası təklif olunub. Bu barədə müraciətin müəlliflərinə rəsmi məlumat verilmiş və onlar müəyyən edilməmiş yerlərdə keçiriləcək mitinqin qarşısının alınacağı, baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə Bakı şəhər Baş Polis İdarəsi və Prokurorluğu tərəfindən rəsmi xəbərdar ediliblər.

Buna baxmayaraq, aksiyanın təşkilatçıları oktyabrın 19-u saat 15:00-dan başlayaraq ümumi sayı, təxminən, 220 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən metronun “28 May” stansiyasının önündəki meydana daxil olmağa cəhd göstəriblər.

Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin genişlənməsinin qarşısı alınıb, qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılıb.

Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 42 nəfər, hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıblar.

* * *

"İki gün öncə televiziya vasitəsilə də tərəfimdən müraciət olunmuşdu ki, Bakı şəhəri "28 May" metrostansiyasının qarşısında heç bir aksiya keçirilməyəcək. Bir daha xatırladıram ki, metronun mühafizə zonasına daxil olan heç bir yerdə heç bir aksiya keçirilə bilməz. Bununla bağlı çıxış elədim və ictimaiyyəti məlumatlandırdım".

APA-nın məlumatına görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlı deyib.

İdarə rəisinin sözlərinə görə, qanunsuz aksiyaya cəhd edən insanlar olub, onların da qarşısı polis tərəfindən qətiyyətlə alınıb: "Saxlanılanlar var, onların haqqında da tədbir görüləcək. Onlar təxribat törətmək məqsədilə ictimai asayişi pozmağa cəhd etdilər, qarşıları da qətiyyətlə alındı. Hesab edirəm ki, mitinq keçirmək istəyirlərsə, onlar üçün çox yaxşı, münasib yer ayrılmışdı".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar