Menu

Rusiya ilə Krımı birləşdirən dəmiryol xətti açılır- Putin də mərasimə qatılır

23.12.2019, 16:23
Rusiya ilə Krımı birləşdirən dəmiryol xətti açılır- Putin də mərasimə qatılır

Dekabrın 23-də Rusiya Prezidenti Vladimir Putin Ukraynadan ilhaq olunmuş Krım yarımadasını Rusiyaya birləşdirən körpüdə dəmiryol nəqliyyatının rəsmi açılışında iştirak edəcək.

Kiyev, Birləşmiş Ştatlar və Avropa Birliyi Rusiyanın bu körpünü çəkməsini pisləyib, onu Ukraynanın suverenliyinin pozulması adlandırıb. Qərb ölkələri tikintiylə əlaqəli şirkətlərə sanksiyalar tətbiq edib.

“Grand Service Express” özəl dəmiryolu şirkəti noyabrda elan edib ki, ilk qatar dekabrın 23-də Sankt Peterburqdan Sevastopola yola düşəcək, 2 min 741 km məsafəni 43,4 saata qət edəcək.

19 kilometrlik körpü 3,7 milyard dollara başa gəlib və Avropanın ən uzun körpüsü sayılır, Portuqaliyadakı Vasko de Gama körpüsünü ötüb.

“Krım körpüsü”

Kerç boğazından çəkilmiş körpünün dəmiryol xəttinin açılması onun genişləndirilməsi deməkdir. 2018-ci ilin mayında Putin körpünün avtomobil nəqliyyatıüçün nəzərdə tutulmuş hissəsini açmışdı. Həmin gün Putin dövlət televiziyasında canlı yayımda Kamaz maşınının sükanı arxasına keçmişdi.

Rusiya bu körpünü Krım Körpüsü adlandırır. Krım qurudan əsasən Ukraynaya bağlıdır və bu körpü yarımadanı Rusiyaya bağlayan yeganə xətdir.

Ukrayna layihəni təkcə ərazi bütövlüyünün pozulmasına görə pisləməyib. Bu körpü Ukrayna üçün gəmiçiliyi də çətinləşdirmiş olur.

Avropa Birliyi körpü tikintisini pisləyib. ABŞ Dövlət Departamenti bildirib ki, bu “Ukrayna hökumətinin icazəsi olmadan” həyata keçirilib. AB və ABŞ-ın tətbiq etdiyi sanksiyalar biznesmen, Putinin yaxın dostu Arkadi Rotenbergi də hədəfə alıb. Körpünün tikinti hüquqları onun şirkətinə verilmişdi.

Rusiya Ukraynanın Krım yarımadasını 2014-cü ildə ilhaq edib. Beynəlxalq ictimaiyyət bu ilhaqı tanımayıb. Həmin ildən bəri Rusiya Ukraynanın şərqində hökumətə qarşı çıxan separatçıları da dəstəkləyib. Münaqişədə indiyədək 13 mindən çox adam həlak olub. (azadliq.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol