46 saylı Şirvan Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Azər Quliyevin seçicilərlə növbəti təşviqat görüşü olub.
Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən görüşdə Şirvan şəhərinin aktiv gəncləri iştirak edirdi. YAP Şirvan Şəhər Təşkilatının sədr müavini Paşa Nəbiyev təşviqat görüşündə çıxış edərək, partiyanın 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizədi Azər Quliyev barəsində ətraflı məlumat verdi.
Azər Quliyev görüşdə çıxış edərək Şirvanda ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində gənclər siyasəti istiqamətində görülən işlərdən danışdı.

Gənclərə qayğının, diqqətin göstərilməsi, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, işsizlik probleminin həlli istiqamətində görülən işləri bir daha gənclərin diqqətinə çatdırdı: “Xüsusən də şəhər ərazisində cənab İlham Əliyevin sərəncamı ilə inşa edilən Olimpiya İdman Kompleksinin, Gənclər Evinin tikilməsi Şirvanda bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması, asudə vaxtın səmərəli təşkili, gənclərin sağlam həyat tərzi yaşaması baxımından böyük əhəmiyyətə malikdir”.

Azər Quliyev eyni zamanda millət vəkili seçiləcəyi təqdirdə Şirvan şəhərinin inkişafında, gənclərin məşğulluğunun təmin olunmasında mühüm layihələri parlamentə təqdim edəcəyini bildirərək, bu istiqamətdə fikirlərini bölüşüb.
Görüşdə iştirak edən gənclər YAP-ın Şirvan şəhərindən deputatlığa namizədi Azər Quliyevə səs verəcəklərini bildiriblər.
Gənclər Şirvan sakinlərini dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Azər Quliyevə səs verməyə çağırıblar. Deputatlığa namizəd Azər Quliyev gəncləri maraqlandıran suallara cavab verib.



Şərhlər