Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb.

Nəticələrdə maraq doğuran göstəricilərdən biri də qalib elan olunan namizədlərin nə qədər səs almasıdır.

AzPolitika.infonun məlumatına görə, MSK açıqladığı nəticələrinə əsasən ən az seçici səsi ilə qalib elan edilən namizəd  16 saylı Yasamal ikinci seçki dairəsindən Erkin Qədirlidir. 

O, 35 257 seçicidən 2507 səs alaraq deputat mandatı əldə edib. Erkin Qədirli səsvermədə iştirak edənlərin 35,6 faiz səslə lider olsa da, ümumi seçicilərin cəmi 7 faizinin səsini ala bilib. 

İkinci yerdə 47 saylı Mingəçevir seçki dairəsindən qalib elan olunmuş Aydın Mirzəzadə gəlir. 

Aydın Mirzəzadənin cəmi 2550 səs aldığı elan olunub. Bu, səsvermədə iştirak edənlərin 30,1 faizi olsa da, dairə üzrə ümumi seçicilərin təxminən 6,7 faizini təşkil edir.

Bu dairədə seçicilərin ümumi sayı 37 745 nəfərdir

Üşüncü ən az səslə deputat olacağı gözlənilən 79 Sayli İmişli Seçki Dairəsindən Razi Nurullayev olub. Səsverməyə qatılanların 20,9 faizinin səsi onun adına yazılıb. 

Beləliklə o, 41 min 804 seçicidən cəmi 2 min 703 səs ala bilib. Yəni, onun dairə üzrə ümumi seçicilərin cəmi 6,4 faizinin səsi ilə deputat olduğu iddia edilir.  

Dördüncü yerdə 61 saylı Neftçala seçki dairəsindən deputat olan Sabir Rüstəmxanlı gəlir. O, səsverməyə gələnlərin 21,4 faizinin səsilə lider olub. 

Həmin dairədən 42 619 seçicidən 2 824 nəfəri S.Rüstəmxanlıya səs verib. Bu da ümumi seçicilərin cəmi 6, 6 faizinin səsi deməkdir. 

Ən az səslə deputat mandatı alanlardan biri də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq sədri Hicran Hüseynova olacaq.

İlkin nəticələrə görə, 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputat olacaq Hicran Hüseynova cəmi 3556 səs alıb. Bunun səsvermədə iştirak edənlərin 32,6 faizi olduğu qeyd edilsə də, dairə üzrə ümumi seçicilərin təxminən 8 faizini təşkil edir.

Qeyd edək ki, bu dairədə seçicilərin ümumi sayı 43 139 nəfərdir.

Ən azı seçici sayı ilə deputat olacaq namizədlərdən biri də 122 saylı Xankəndi seçki dairəsindən qalib elan olunan Gəncəliyev Tural Babaşah oğludur. Onun 1596 səs (səsverməyə atılanların 56,7 faizinin) aldığı qeyd olunub. Ancaq digər iki dairədən fərqli olaraq, 122 saylı Xankəndi seçki dairəsi seçicilərin sayı da xeylii azdır - cəmi 5006 seçici var. 

Bu baxımdan dairə üzrə seçicilərin təxminən 32 faizinin səsini qazanmaqla Tural Gəncəliyevin qalib elan olunmuş xeyli sayda namizəddən yüksək nəticə göstərib.

Elman

AzPolitika.info