Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə korrupsiyaya qarşı aparılan mübarizədən narazı olduğunu bildirib. “AzPolitika.info” xəbər verir ki, erməni mətbuatında Paşinyanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən toplantıdakı çıxışına yer verilib.
N.Paşinyan korrupsiya ilə mübarizənin qənaətbəxş olmamasını güc strukturlarının öz işinin öhdəsindən gələ bilməməsi və onların rəhbərliyində satqınların olması ilə əlaqələndirib: “Yaranmış situasiyanın əsas səbəblərindən biri odur ki, hüquq-mühafizə orqanlarının rəhbərliyində satqınlar olub.”
Baş nazir qeyd edib ki, hazırda da korrupsiya ilə mübarizə lazımi səviyyədə aparılmır: “Elə hallar olur ki, korrupsiya sxemlərinə qoşulan şirkətlər, yaxud qanunsuz yolla əldə edilən əmlaklar yüksək çinli məmurlara aid olsa da, hüquq-mühafizə orqanları bununla bağlı sübutlar tapa bilmirlər.”
Qeyd olunur ki, Paşinyan 2018-ci ildə hakimiyyətə gələndən bu günə kimi, korrupsiya ilə mübarizə nəticəsində Ermənistan büdcəsinə 150 milyon dollar oğurlanmış vəsait qaytarılıb. Lakin bununla yanaşı, Ermənistan dünyada xarici yardımların mənimsənilərək, ofşor şirkətlərə daşındığı ilk 20 ölkə sırasındadır və bu siyahıda Zimbabve, Burundi və Uqanda kimi ölkələrlə qonşuluq edir.


Şərhlər