Menu

“49 mənzil sahibinin 190 manata göz tikməsi tragikomediyadır” – Bəs ehtiyacı olanlara real dəstək verilirmi?

25.04.2020, 00:56
“49 mənzil sahibinin 190 manata göz tikməsi tragikomediyadır” – Bəs ehtiyacı olanlara real dəstək verilirmi?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, 190 manat dövlət yardımı istəyən on minlərlə vətəndaşa imtina cavabı verilib. Nazirlik bəyan edib ki, müraciət edənlərlə bağlı 22 elektron informasiya bazası üzrə araşdırma aparılır. 

“Araşdırmalar həqiqətən aztəminatlı işsiz və xüsusi karantin dövründə qazancını itirən qeyri-formal işləyən şəxsləri müəyyən etmək və 190 manatlıq ödənişi məhz bu kateqoriyadan olan, dövlətdən sosial ödənişlər almayanlara təyin etmək məqsədi daşıyır”- deyə açıqlamada vurğulanır.

Qeyd edək ki, müraciət edənlərə imtina zamanı əsasən "Məşğulluq haqqında" Qanunun 4.1.3-cü maddəsinə istinad edilir. Qanunda "Məşğul şəxslər" kimlərdir:

1. muzdla işləyənlər - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər;

2. mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər;

3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri;

4. haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər;

5. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər;

6. ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar;

7. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

8. Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.

Nazirliyin məlumatında diqqətçəkən bir neçə məqam var. Onlardan biri 160 min aktiv VOEN-i olan, 150 min dövlətdən müxtəlif sosial ödəniş alan şəxslərin dövlətdən 190 manat yardım istəməsidir.

Daha bir maraqlı məqam hazırda aylıq 3 min manatdan çox rəsmi gəlir əldə edən, adına çoxlu sayda daşınmaz əmlak, avtomobil olan vətəndaşların dövlət yardımından faydalanmaq cəhdləridir.

Qarabağ veteranı İbrahim Qəfərov “AzPolitika.info”-ya deyib ki, ayda 80 manat müavinət aldığına görə, o 190 manat yardımdan kənarda qalıb: “Mən 4 nəfərli ailə başçısıyam. Bu günə qədər ailəmi günəmuzd işlərdə çalışmaqla dolandırmışam. İndi təbii ki, bütün işlər dayandığına görə bizim də gəlirimiz yoxdur. Hökumət də deyir, 80 manat aldığıma görə, mənim 190 manat almaq hüququm yoxdur. O yardım mənə düşmürsə, kimə verilir? Bəs fikirləşmirlər ki, 4 nəfərlik ailəni 2 ay mən necə saxlayacağam?!”

Paytaxtdakı restoranlarda çalışan ofisiantlardan biri də “AzPolitika.info”-ya deyib ki, adına VÖEN açılsa da, ümumiyyətlə vergi ödəyicisi olmayıb. Amma araşdırmadan ona da imtina cavabı verilib. 

“Bizim sektorda iş tamamilə dayanıb. İndi biz nə etməliyik?” - deyə vətəndaş ritorik sual ünvanlayır.

İqtisadçı Nazim Bəydəmirli “AzPolitika.info”-ya deyib ki, VÖEN almış şəxslərin bir çoxu vergi ödəyicisi kimi fəaliyyətini sonradan dayandırması məlumdur və onlar faktiki işsizdirlər. Amma təəssüf ki, işsiz statusu ala bilmirlər: “Son hadisələr onu göstərdi ki, işsizliyin əhatə dairəsi olduqca genişdir. Mənim təxmini hesablamalarıma görə bu rəqəmlər 2 milyona yaxın vətəndaşı əhatə edir. Gənclər arasında işsizliyin səviyyəsi haradasa 50 faizə yaxındır. Beləliklə, real iqtisadiyyatı, işsizləri müzakirə etdikdə vəziyyətin böhranlıolduğu məlum olur”.

İqtisadçı hesab edir ki, hökumət pandemiyanın təsirləri ilə mübarizədə fərdlərə, ailələrə dəstək verməlidir: “Biz ilk gündən hökumət qurumlarını ona çağırdıq ki, ilk növbədə insanların qidalanması, sağlamlığı vacibdir. Azərbaycanda orta statistik 4 nəfərdən götürdükdə təxminən 2,6 milyon ailə mövcuddur. Onların da 915 min nəfəri dövlət sektorunda çalışır. Bu vətəndaşların əmək haqları ödənilir və nazirliyin məntiqindən çıxış etsək onlara dövlət tərəfindən yardım olunur. Beləliklə qalan 1 milyon ailəyə yardım etmək olardı. Çünki ölkədən kənarda da 500-600 min ailə yaşayır. Qalan 1 milyon ailəyə adambaşına 250 manat verilsə, bu, bir ay ərzində təxminən 1 milyard manat vəsaitin xərclənməsinə səbəb olardı. İki ayda bu rəqəm 2 milyardı keçməzdi və beləliklə iqtisadiyyatı stimullaşdıra bilərdik. Təəssüf edirəm ki, hökumət bu yolu seçmədi, amma indi də gec deyil”.

Nazirliyin açıqladığı rəqəmlərdə böyük imkan sahiblərinin də 190 manat almaq istəməsini şərh edən N. Bəydəmirli bundan təəssüflənir, amma müsbət məqamları da qeyd edir: “Müsbət haldır ki, dövlət qurumları əllərində olan informasiya bazasını təhlil edir, ümumiləşdirirlər. Təəssüf edirəm ki, əvvəllər Əmlak Komitəsi öz resurslarını, məlumatlarını paylaşmırdı. Görünür, Əmlak Komitəsinin İqtisadiyyat Nazirliyinə birləşməsi ilə bu resurslara çıxış olur. Onu da müsbət qiymətləndirirəm ki, artıq vahid reyestr mövcuddur. Kimin adına hansı sayda əmlak olduğu barədə məlumatların aşkara çıxması təmin olunur. Əvvəllər elektron xidmətlərin adları olsa da, özləri yox idi. Rüşvət və s. qara gəlirləri təmin edən xidmətləri komitələr, nazirliklər özlərində saxlayırdılar. Hətta “ASAN Xidmət” uzun müddət mövcud olsa da vahid informasiya bazası onlarda tam formalaşmayıb. Müsbət addımdır ki, artıq dövlət orqanlarında informasiyalara çıxış var. Arzu olunandır ki, vətəndaşlarında çıxışı olsun”.

Ekspert təəssüflənir ki, 2012-ci ilə kommersiya şirkətlərinin təsisçilərinin gizli saxlanması ilə bağlı qanunvericiliyə dəyişikliklər edildi. 

“Bunların hamsını şəffaflaşdırmağa ehtiyac var. Nazirliyin çoxsaylı mənzil sahibinin 190 manat üçün müraciət etməsi ilə bağlı açıqladığı informasiya tragikomediyadır. Bu uçotun necə aparılmasından və vergi tətbiqinin anormallığından xəbər verir. Biz belə məsələləri dəfələrlə qaldırmışıq, amma hökumət strukturları ona təpki ilə yanaşırdılar. 

Görünən odur ki, bu istiqamətdə ciddi addımlar atılmalıdır. Bir mənzilə bir dərəcə ilə, onların artan sayına fərqli, artan dərəcə ilə vergi tətbiq olunmalıdır. Ölkədə proqressiv vergi sistemi yaradılmalıdır. Bununla acgözlüyü aradan qaldırmaq olar, dövlət dəəlavə vəsait cəlb edər”-deyə Nazim Bəyədmirli vurğulayıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol