Azərbaycan Teleradioverlişləri Qapalı Səmdar Cəmiyyəsinin (AzTV) keçmiş sədri Arif Alışanovun şikayəti əsasında həbs edilən məhbuslardan birinin vəziyyəti ağırlaşıb.
Yaxınlarından qızı Cəmilə Tağıyevanın “AzPolitika.info”-ya verdikləri məlumata görə, Şücayət Əkbərov ürəyində yaranan kəskin ağrılara görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Onun sözlərinə görə, atasının ürək damarları tutulduğundan, yenidən əməliyyata ehtiyac yaranıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şücayət Əkbərova 18, Qoçəlı Cəbiyevə 17, Zöhrab Şirinova 16, Aqşin Hüseynova isə 1 il 4 ay həbs cəzası verilmişdi. Aqşin Hüseynovun həbsdə saxlanma müddəti başa çatdığına görə məhkəmə zalından azadlığa buraxılıb.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə onların cəzası azaldılıb. Qərara əsasən, Şücayət Əkbərovun cəzası 18 ildən 16 ilə, Zöhrab Şirinovun cəzası isə 16 ildən 14 il 6 aya endirilib.
Aprel ayının 17-də adıçəkilən məhbuslardan Qoçəli Cəbiyev böyrək çatışmazlığından Pentitensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişib. Digər məhbus Zöhrab Şirinovun isə dəri xərçənginə tutulduğu bildirilir.
Cəmilə Tağıyeva bildirib ki, atası iki dəfə açıq ürək əməliyyatı keçirib. Eyni zamanda şəkərli diabetdən əziyyət çəkir: “Biz hər an onun başına bir iş gələcəyinin qorxusu ilə yaşayırıq. Arif Alışanov gücü, imkanları hesabına atamı və onunla birgə tutdurduğu şəxsləri şərlədərək həbsdə saxlayır. Biz bəlkə yüz dəfə hüquq mühafizə orqanlarına, ölkə rəhbərliyinə müraciət etmişik, atamın günahsız olduğunu, ona böhtan atıldığını, istintaqın və məhkəmənin sifarişlə ona qarşı ağır ittihamlar düzüb-qoşub cəzalandırdığını yazmışıq. Amma nəticə dəyişmir”.
Həbs cəzası ilə bağlı Ali Məhkəməyə şikayət etdiklərini deyən C. Tağıyeva, mətbuat vasitəsi ilə yeni Baş Prokuror Kamran Əliyevə də üz tutaraq kömək istəyib: “Hörmətli Kamran müəllim! Bizim ailə ümid edir ki, atam Şücayət Əkbərovla bağlı cinayət işinin yenidən araşdırılmasını təmin edib, bu saxta işi düzüb-qoşan şəxslər barəsində müvafiq ölçü götürülməsinə nail olacaqsız.
Mənim atam Arif Alışanovun sifarişi ilə həbs olunub. O, heç bir cinayət törətməyib, AzTV-nin keçmiş sədri pulu və imkanları hesabına onu həbsdə saxlayır. Bu ittihamlarla həbs olunan bir nəfər dünyasını dəyişdi, atamın səhhəti ağırdır, digər məhbus Zöhrab Şirinov isə xərçəng xəstəliyindən əziyyət çəkir. Çox xahiş edirik qanun, ədalət naminə bu sifarişli cinayət işinə son qoyasınız”.
AzPolitika.info


Şərhlər