“Oğlumun ölümünün səbəbkarları hərbi hissənin həkimləridir” – Əsgər atası Qarabağ Hərbi Prokurorluğunu da günahlandırır + FOTOLAR

Göyçay rayonu Mallışıxlı kənd sakini Məhərrəmov İlham İsmayıl oğlu 18 yaşlı övladı Bəhram Məhərrəmovun hərbi xidmətdə olarkən müəmmalı şəkildə öldüyünü bildirir.

Bununla bağlı ölkə başçısına məktub ünvanlayan və onun bir nüsxəsinin də “AzPolitika.info”-da dərc olunmasını istəyən İlham Məhərrəmov qeyd edir ki, Sərhəd Qoşunlarına aid hərbi hissələrin birində xidmət aparan oğlunun ölüm faktı ilə bağlı açılan cinayət işi obyektiv aparılmır: “Mənim oğlum Məhərrəmov Bəhram İlham oğlunun hərbi xidmət keçən zaman hərbi hissədə ölməsinə dair açılmış cinayət işi qeyri-obyektiv aparılır, cinayət törətmiş şəxslər isə məsuliyyətdən kənarda saxlanılır.

Belə ki, oğlum 20.01.2002-ci il tarixdə anadan olmuş Bəhram Məhərrəmov 24.01.2020-ci il tarixdə Göyçay rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə aparılıb. Hərbi xidmətə getdikdən 3 ay sonra 24 mart 2020-ci il tarixdə andiçmə mərasimində iştirak etdik. Həmin vaxt oğlum Bəhram gümrah və sağlam idi. Həmçinin, bundan sonra bir dəfə də məzuniyyətə çıxaraq, evə gəlib.”

Oğlunun hərbu xidmətə getməzdən əvvəl və xidmət dövründə tam sağlam olduğunu bildirən İ.Məhərrəmov onunla son dəfə telefonla danışdıqları gündən 1 həftə sonra qəflətən ölüm xəbəri aldıqlarını yazır: “17 aprel 2020-ci il tarixdə oğlum Bəhramla telefon əlaqəsi yaratdıq. 24 aprel 2020-ci il tarixdə isə zəng edib məlumat verdilər ki, oğlunuz xəstəlikdən vəfat edib. Ölümün səbəbi kimi, onun başında sətəlcəm olması göstərilib. Oğlumun ölməsinə görə açılmış cinayət işi Qarabağ hərbi prokurorluğunda aparılır. Ancaq İstintaq qeyri- obyektiv şəkildə aparılmaqdadır. Oğlumun ölümünün səbəbkarları hərbi hissənin həkimləri olublar. O, həqiqi hərbi xidmətə tam sağlam gedib, bundan sonra bir dəfə evə gəlib, bir dəfə biz hərbi hissəyə getmişik və ölümündən bir həftəəvvəl telefonla danışmışıq. O, tam sağlam görünürdü və səhhətindən heç bir şikayəti yox idi.”

Şikayətçi qeyd edir ki, ailənin yeganə oğlu olan övladının ölümünə səbəb həkim səhlənkarlığıdır. Lakin Qarabağ Hərbi Prokurorluğu düzgün araşdırma aparmır. Buna görə də İ.Məhərrəmöv ölkə başçısından xahiş edir ki, cinayət işinin həmin prokurorluqdan alınması və düzgün araşdırılması təmin edilsin: “Hərbi hissənin tibb bölməsində ona səhv iynə vurulduğu üçün şoka düşüb, həkim səhlənkarlığına görə vəfat edib. Mənə hərbi hissənin komandiri deyir ki, 24 aprel 2020-ci il tarixdə Bəhramın səhhəti pisləşib. Onu təcili Gəncə şəhərinə xəstəxanaya aparan zaman yolda vəziyyəti ağırlaşıb deyə yarı yoldan qaytarıb, Yevlax rayon xəstəxanasına gətiriblər və orada da oğlum vəfat edib. Ancaq Yevlax rayon xəstəxanasının həkimi bizə dedi ki, sənin oğlun Bəhram Məhərrəmov buraya artıq öləndən bir neçə saat sonra gətirilib.

Bu və digər ziddiyyətlər tam subut edir ki, oğlum sıravi əsgər Bəhram Məhərrəmov hərbi hissənin həkimlərinin səhlənkarlığı nəticəsidnə dünyasını dəyişib. Ekspert həkim bizə deyir ki, oğlunuz Bəhram sətəlcəm olub, ürəyində, ciyərində probelm olub. Həmçinin, başqa bir xəstəliyi də olub, ancaq onu sizə deyə bilmirik...

Bu müəmmalı, ziddiyətli cavablar bir valideyin kimi məni çox narahat edir. Bunlar cinayət törətmiş şəxsin müdafiəsi və cinayətin ört-basdır edilməsi üçün yaradılan uydurmalardır. Mən oğlumun ölümündən 3 gün sonra infarkt keçirmişəm. O, uşaqlıqdan sağlam böyüyüb, səhhətində heç bir şikayəti olmayıb, tam sağlam şəkildə hərbi hissəyə aparılıb ki, buna da dair sənədlər var.

Buna görə Sizdən xahiş edirəm, oğlum Bəhramin ölümü ilə bağlı açılmış cinayət işi Qarabağ hərbi prokurorluğundan alınıb, başqa prokurorluğa verilsin, saxta rəyi vermiş ekspert və oğlumun ölümünə səbəb olmuş həkim (və ya həkimlər) cinayət məsuliyyətinə cəlb edilsinlər.”

Şikayət məktubunda ittiham olunan tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Tahir

AzPolitika.info 


635x100

Şərhlər

nəzakət 2020-06-06 18:45:54

Allah səbr versin

Adil 2020-06-06 12:58:19

Ele indide anormal birsheydi )))

ejder 2020-06-06 12:34:15

SIQNALI BERK VER...

t.ədalət 2020-06-06 09:35:30

Hərbi-tibb idarəsi Azərbaycan əsgərionin qayğısına qalmaq üçün biganəlik göstərir....Səfər Əbiyev qan ı qarşıq olanlara üstünlük verirdi....

Son yazılar