AZƏRBAYCANIN AB və NATO-ya İNTEQRASİYASI NİYƏ VACİBDİR? – Sülhəddin Əkbərdən yeni təkliflər

Sülhəddin ƏKBƏR,

Azad Demokratlar Partiyasının sədri, istiqlalçı millət vəkili

II yazı

Bu gün 16 iyul 2020-ci il tarixdə “Azərbaycan Respublikasının mövcud durumda ilk növbədə atmalı olduğu kompleks qəti addımlar haqqında” başlığı altında irəli sürdüyüm təkliflər paketinin (https://strateq.az/manshet/447296/sulhəddin-əkbər-hokuməti-dialoqa-cagirdi-təkliflərini-verdi.html) xarici siyasətlə bağlı olan, siyasi-diplomatik, müdafiə, kəşfiyyat və təhlükəsizlik sahələrinə aid olan hissələrində atılması nəzərdə tutulan digər aktual addımlardan – AB və NATO-ya inteqrasiya məsələlərindən bəhs etmək istəyirəm.

Təbii ki, Azərbaycan Respublikası qardaş Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinin qurulmasını və birliyin yaradılmasını hədəf seçərək, onunla hərbi müttəfiqlik sazişi imzalamaqla birlikdə, xarici siyasətin digər perspektivli istiqamətlərində də eynizamanlı, paralel olmaqla qəti addımlar atmalıdır.

Həmin təkliflər paketinin siyasi-diplomatik sahəyə aid olan hissəsində göstərmişdim ki, demokratik siyasi strateji seçim edən,“Azərbaycan Respublikasının demokratiyaya yumşaq keçid strategiyasını (https://strateq.az/siyaset/429209/sulhəddin-əkbər-demokratiyaya-yumsaq-kecid-strategiyasini-pa-ya-təqdim-etdi.html) qəbul edən rəsmi Bakı, eyni zamanda kompleks aktiv siyasi-diplomatik fəaliyyətə başlamalı, təbii müttəfiqimiz olan qardaş Türkiyə ilə siyasi-strateji müttəfiqlik münasibətlərinin qurulmasına öncəlik verməklə birlikdə:

Avropa Birliyi ilə Assosiasiya Sazişinin müzakirəsinə başlamalı;

NATO ilə aktiv, intensiv siyasi dialoqa, “30+1” formatında məsləhətləşmələrə, ümumiyyətlə münasibətlərin qarşılıqlı etimad və etibar doğuran yeni, daha yüksək səviyyədə qurulması üçün əhatəli və dərin danışıqlara başlamalı;

ABŞ-la siyasi-diplomatik münasibətlərin yeni, daha yüksək səviyyədə qurulması üçün aktiv, intensiv siyasi dialoqa başlamalı;

İsrail və dünya yəhudiliyi ilə mövcud yaxşı münasibətləri yeni, daha yüksək səviyyəyə qaldırmalı;

Türkiyə-Azərbaycan-Gürcüstan üçlü formatını strateji öncəliklər səviyyəsinə qaldırmalı;

– Qardaş Pakistanla qarşılıqlı etimad və etibara dayanan mövcud yaxşı münasibətləri institusional əsaslara oturtmalı;

– İran İslam Respublikasına (İİR) yönəlik siyasətdə Azərbaycan türkləri amilini aktiv, səmərəli və effektli ictimai-siyasi təsir amilinə çevirməlidir.

Təkliflər paketinin müdafiə, kəşfiyyat və təhlükəsizlik sahəsinə aid olan hissəsində isə göstərmişdim ki, ən başlıcası, Azərbaycan Respublikası təbii müttəfiqimiz olan qardaş Türkiyə ilə hərbi müttəfiqlik sazişi imzalamaqla, ölkəmizdə (ilk növbədə, Naxçıvan, Gəncə və Abşeronda) onun hərbi bazalarının, strateji silah ehtiyatlarının (anbarlarının) və birləşmiş Türkiyə-Azərbaycan silahlı qüvvələrinin yaradılmasına və Türkiyə Cümhuriyyəti ilə strateji (uzunmüddətli, hərtərəfli və dərin) müttəfiqlik münasibətlərinin qurmasına nail olmaqla birlikdə:

Yaranmış mövcud hərbi-siyasi durumu də nəzərə alaraq, Avropa Birliyi ilə enerji təhlükəsizliyilə, rus-erməni təhdidi altına düşən regional enerji infrastrukturunun mühafizəsilə, ümumiyyətlə enerji, nəqliyyat və kommunikasiya təhlükəsizliyilə bağlı intensiv məsləhətləşmələrə başlamalı;

– Paralel olaraq, bu aktual məsələ və problemlərlə əlaqədar NATO ilə “30+1” formatında intensiv məsləhətləşmələrə başlamalı;

– Cənubi Qafqaz və Xəzərin regional enerji, nəqliyyat və kommunikasiya təhlükəsizliyilə bağlı həm kollektiv (AB və NATO), həm üçtərəfli (Türkiyə-Azərbaycan-Gürcüstan), həm də ikitərəfli (ABŞ, Türkiyə, BB və İsrail) səviyyələrdə intensiv məsləhətləşmələrə başlamalı;

– Bu məsləhətləşmələrin nəticəsində həyati vacib regional enerji, nəqliyyat və kommunikasiya sistemlərinin etibarlı, səmərəli və effektli mühafizə və müdafiəsi təmin olunmalı;

– Xəzərdən Avropayadək uzanan, güclü, səmərəli və effektli perspektiv vəd edən bu regional təhlükəsizlik komponentindən ümumiyyətlə ölkəmizin müdafiə və təhlükəsizliyinin gücləndirilməsi üçün maksimal səviyyədə istifadə olunmalı;

– Gürcüstan və Ukrayna təcrübəsi də nəzərə alınmaqla, NATO ilə münasibətlər yeni səviyyədə qurulmalı, genişləndirilmiş və dərinləşdirilmiş NATO-Azərbaycan özəl tərəfdaşlığı yaradılmalı;

ABŞ-la strateji tərəfdaşlıq sazişinin imzalanması, onun NATO-dan kənar əsas müttəfiqi statusunun alınması üçün intensiv danışıqlara başlamalı;

– İsraillə müdafiə, kəşfiyyat və təhlükəsizlik sahəsində münasibətlər daha yüksək səviyyəyə qaldırılmalı;

– Qardaş Pakistanla, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqaviləyə uyğun, strateji tərəfdaşlıq və qarşılıqlı yardım müqaviləsi imzalamalı;

Ümumiyyətlə, müdafiə, kəşfiyyat və təhlükəsizlik sahəsində bütün tərəfdaşları və müttəfiqlərilə münasibət və əlaqələri yeni, daha yüksək səviyyədə qurmalıdır.

Bugünkü yazıda, qeyd edildiyi kimi, təkliflər paketində AB və NATO ilə bağlı nəzərdə tutulan aktual addımlardan – Avropa Birliyi (AB) və NATO-ya inteqrasiya məsələlərindən bəhs etmək istəyirəm.

AB ilə münasibətlərin inkişafı bizə nə verəcək?

Təbii, ilk növbədə bu əsaslı suala əsaslı cavab verməliyik.

Birincisi, bunu milli maraqlarımız, xüsusilə pozulan həyati və həyati vacib milli maraqlarımız:

– Azərbaycan Respublikasının həyati müdafiə marağının – suverenliyi, ərazi bütövlüyü, sərhəd toxunulmazlığı, konstitusiya quruluşunun pozulması, müstəqilliyinin təhdid altına düşməsi və vətəndaşlarının, bütövlükdə cəmiyyətin (həyatının) real təhlükə ilə üzləşməsi;

– Xarici dəstəkli hərbi qiyamla və dövlət çevrilişi ilə demokratik inkişaf yolundan çıxarılması, həyati demokratik inkişaf marağının pozulması;

– Liberal iqtisadi inkişaf yolundan çıxarılması, həyati vacib hərtərəfli iqtisadi inkişaf marağının pozulması;

– Ətrafında əlverişsiz beynəlxalq və regional əhatənin yaradılması, həyati vacib əlverişli xarici əhatənin yaradılması marağının pozulması;

– eyni zamanda həyati vacib milli birliyinin kobud şəkildə pozulması tələb edir.

İkincisi, bunu Azərbaycan Respublikasının başlıca siyasi məqsədi – müasir azad, demokratik, hüquqi, sosial milli dövlət quruculuğu tələb edir.

Üçüncüsü, bunu müasir dünyanın inkişafı tələb edir. Heç kimə sirr deyil ki, müasir dünyada inkişaf demokratiyadan, demokratik dünyaya inteqrasiyadan və sürətlə qloballaşan dünyaya aktiv uyğunlaşmadan keçir. AB də demokratik dünyada mərkəzi yer tutur.

Onu da nəzərə almaq lazımdır ki, hazırda dünyada müşahidə edilən, koronavirus pandemiyası ilə də güclənən özünütəcrid meylləri keçicidir. Çünki artıq qloballaşma geridönməz xarakter almışdır.

Dördüncüsü, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920-ci illər) varisi olan Azərbaycan Respublikası qurucu babalarımızın “Müasirləşməli!” şüarını, “Müasir mədəniyyətlər səviyyəsini yaxalamalı!” niyyətini və bu zaman onların Avropanı, Avropa mədəni səviyyəsini nəzərdə tutduqlarını da unutmamalıdır.

Beşincisi, bunu yeni dünya nizamı quruculuğunun və geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olması, hər bir ölkənin, o cümlədən Azərbaycan Respublikasının strateji siyasi seçim etmək zorunda qalması tələb edir.

Azərbaycan Respublikası, başda pozulan həyati və həyati vacib milli maraqları olmaqla, bütün bunları nəzərə almalı, Avropa Birliyi ilə ilk növbədə:

– hazırda müzakirəsi yekunlaşmaq üzrə olan strateji əməkdaşlıq sazişini yubatmadan imzalamalı;

Assosiasiya Sazişinin müzakirəsinə başlamalı;

– eyni zamanda, yaranmış mövcud lokal və regional hərbi-siyasi durumu də nəzərə alaraq, enerji təhlükəsizliyilə, birgə rus-erməni hərbi təhdidi altına düşən regional enerji infrastrukturunun mühafizəsilə, ümumiyyətlə enerji, nəqliyyat, ticarət və kommunikasiya təhlükəsizliyilə bağlı intensiv məsləhətləşmələrə başlamalıdır.

Əgər Azərbaycan Respublikası bu siyasi-diplomatik addımları vaxtında atarsa:

– pozulan həyati və həyati vacib milli maraqlarının bərpa olunması;

– birgə rus-erməni hərbi təhdidi altına düşən regional enerji infrastrukturunun mühafizə olunması, enerji təhlükəsizliyinin, ümumiyyətlə enerji, nəqliyyat, ticarət və kommunikasiya təhlükəsizliyinin təmin olunması;

– doğru və uğurlu strateji siyasi seçim etməsi;

– demokratik inkişaf yoluna – dünyanın müasir inkişaf yoluna çıxması;

– “müasirləşməsi” və “müasir mədəniyyətlər səviyyəsini yaxalaması”;

– nəhayət, başlıca siyasi məqsədinə nail olması üçün AB-dən, ən azı, siyasi, siyasi-diplomatik və siyasi-mənəvi dəstək ala bilər.

Azərbaycan Respublikası Ermənistan-Azərbaycan hərbi münaqişəsilə bağlı AB-nin beynəlxalq hüquqa və ölkəmizin milli maraqlarına uyğun mövqeyini və aldığı qərarları unutmamalıdır.

Onu da nəzərə almalıdır ki, strateji müttəfiqlik qurmaq niyyətində olduğu qardaş Türkiyə AB üzvlüyünə namizəd ölkədir.

Azərbaycan Respublikası bütün bu qeyd edilənləri nəzərə almalı, yubanmadan göstərilən addımları atmalı və Azərbaycan-AB münasibətlərini, real məzmun verməklə, strateji səviyyəyə qaldırmağa başlamalıdır.

Bəs NATO ilə münasibətlərin inkişafı ölkəmizə nə verəcək və ya verə bilər?

Bu da əsaslı sualdır və ona da əsaslı cavab verməliyik.

Birincisi, NATO-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsini də milli maraqlarımız, ilk növbədə, pozulan həyati müdafiə maraqlarımız tələb edir.

İkincisi, bunu Azərbaycan Respublikasının başlıca siyasi məqsədi tələb edir. Belə ki, Azərbaycan Respublikasının pozulmuş müdafiə maraqları bərpa edilmədən, ölkəmiz etibarlı kollektiv müdafiə və beynəlxalq təhlükəsizlik təminatı almadan onun öz başlıca siyasi məqsədinə çatması mümkün deyildir. Mövcud şərait və şərtlərdə Azərbaycan Respublikasına etibarlı kollektiv müdafiə və beynəlxalq təhlükəsizlik təminatını yalnız Soyuq Müharibədən qalib çıxmış NATO verə bilər.

Üçüncüsü, bunu müasir dünyanın inkişafı tələb edir. Müasir dünyada inkişaf demokratikləşmə, demokratik dünyaya inteqrasiya etmə və sürətlə qloballaşan dünyaya aktiv uyğunlaşma ilə birlikdə, dövlətin müasir müdafiə və təhlükəsizlik sisteminin qurulmasını, beynəlxalq təhlükəsizlik sistemində layiqli yer tutmasını və qeyd edildiyi kimi, etibarlı beynəlxalq təhlükəsizlik təminatı almasını tələb edir. Müasir müdafiə və təhlükəsizlik sistemi də NATO standartlarına uyğun qurulan sistemlər hesab edilir.

O da nəzər alınmalıdır ki, hərbi müttəfiqlik sazişi imzalamalı və strateji müttəfiqlik münasibətləri qurmalı olduğumuz qardaş Türkiyənin müdafiə və təhlükəsizlik sistemi də, Silahlı Qüvvələri də məhz bu standartlara uyğun qurulmuşdur.

Dördüncüsü, NATO-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsini qurucu babalarımızın “Müasirləşməli!” şüarının həyata keçirilməsi, “Müasir mədəniyyətlər səviyyəsini yaxalamalı!” niyyətinin yerinə yetirilməsi də tələb edir. Belə ki, müasirləşmək, müasir mədəniyyətlər səviyyəsini yaxalamaq cəmiyyət və dövlət həyatının bütün sahələrini, o cümlədən hərbi sahəni də nəzərdə tutur.

Beşincisi, şübhəsiz, bunu yeni dünya nizamı quruculuğunun və geopolitik qarşıdurma ilə birlikdə, geostrateji qarşıdurmanın da həlledici mərhələyə daxil olması, hər bir ölkənin, o cümlədən Azərbaycan Respublikasının strateji hərbi seçim etmək zorunda qalması tələb edir.

Azərbaycan Respublikası, AB ilə münasibətlərin inkişaf tələblərilə, demək olar ki, üst-üstə düşən, paralel olan bütün bu tələbləri nəzərə almalı və irəli sürülən təkliflər paketinin siyasi-diplomatik, müdafiə, kəşfiyyat və təhlükəsizlik sahəsinə aid olan hissəsində göstərilmiş NATO ilə bağlı olan addımları atmalıdır.

Əgər Azərbaycan Respublikası bu addımları atarsa:

– Soyuq Müharibədən qalib çıxmış bu siyasi-hərbi ittifaqın ümumi(yyətlə) siyasi-diplomatik dəstəyini qazana;

– Müdafiə və təhlükəsizlik sahəsindəki mövcud aktual məsələ və problemlərilə əlaqədar NATO ilə “30+1” formatında intensiv məsləhətləşmələr keçirməklə ittifaqla koordinasiya olunmuş siyasət apara;

– Xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi, işğal altındakı torpaqlarımızın azad edilməsi üçün ittifaqla koordinasiya olunmuş, məqsədyönlü, səmərəli və effektli siyasət apara;

– İttifaqın bu münaqişə ilə bağlı hazırkı mövqeyi də nəzərə alınarsa, onun siyasi-diplomatik dəstəyini əldə edə;

– NATO standartlarına uyğun müasir, yüksək döyüş qabiliyyətli peşəkar ordu qura;

– Ümumiyyətlə, öz müdafiə və təhlükəsizlik sektorunu yenidən, müasir tələblər səviyyəsində qura;

– Üstəlik, Cənubi Qafqaz və Xəzərin regional enerji, nəqliyyat, ticarət və kommunikasiya təhlükəsizliyilə bağlı etibarlı kollektiv təhlükəsizlik təminatı əldə;

– Xəzərdən Avropayadək uzanan, güclü, səmərəli və effektli perspektiv vəd edən bu regional təhlükəsizlik komponentindən ümumiyyətlə ölkəmizin müdafiə və təhlükəsizliyinin gücləndirilməsi üçün maksimal səviyyədə istifadə edə;

– Beləliklə, ən aktual və kəskin hərbi təhlükəsizlik problemi olan Ermənistan-Azərbaycan hərbi münaqişəsini həll etmək, əslində, neoimperialist Rusiyanın ölkəmizə qarşı apardığı vəkalət müharibəsində qalib gəlmək üçün əlverişli daxili və xarici təhlükəsizlik şəraitinin yaradılmasına nail ola bilər.

Bu səbəblə, Azərbaycan Respublikası ilk növbədə vaxt itirmədən:

NATO ilə aktiv, intensiv siyasi dialoqa, “30+1” formatında məsləhətləşmələrə, ümumiyyətlə münasibətlərin qarşılıqlı etimad və etibar doğuran yeni, daha yüksək səviyyədə qurulması üçün taməhatəli və dərin danışıqlara başlamalı;

– Gürcüstan və Ukrayna təcrübəsini də nəzərə alaraq, NATO ilə münasibətləri yeni səviyyədə qurmalı, genişləndirilmiş və dərinləşdirilmiş NATO-Azərbaycan özəl tərəfdaşlığı yaradılmalıdır.

Yaradılacaq genişləndirilmiş və dərinləşdirilmiş (taməhatəli və dərin) NATO-Azərbaycan özəl tərəfdaşlığı Azərbaycan Respublikasının Şimali Atlantika ittifaqına üzvlük perspektivini də mütləq nəzərə almalı, bir növ, üzvlüyə örtülü hazırlıq proqramı olmalıdır. Və bu vəzifəni yerinə yetirməlidir.

Strateq.az

635x100

Şərhlər

Hesabdar 2020-09-24 00:28:28

Əsrin Kontraktı bağlanandan AB üzvlüyünə cəhd etsəydik təcrübəmiz artardı! Sonra İŞĞALÇI Arsaxla üzv oldu və Neftimizin sahibi(Baqdasarın dostu) London artıq üzvlükdən çıxıb?

Xurşud Qarabağlı 2020-09-13 22:52:38

NATOya üzvlük BMTnin DQMV həllindən ən geci bir rüb sonra gərəkdi? Eyni anda ABŞı Qarabağın hərbi müdafiə yardımına çağırmaq gərəkdi!? Bu gün hərbi-siyasi dünya görür ki, rəsmi Bakı sülhməramlılarını Əfqanıstana göndərir, öz Qarabağını....

Fərəməz 2020-09-12 15:48:04

Sülhəddin bəy, NATO-ya kiminlə inteqrasiya etmək istəyirisniZ? Siz, bizim NATO yanındakı daimi Nümayəndəliyə, onun rəhbəri Qaya Məmmədova və onun işçilərinə diqqət etsəniz, bəs edər. ...

Dəxi 2020-09-11 21:29:33

Qarabağ həllinə H.Əliyevin ricasını, BMT TŞ qərarının

Son yazılar