"BU CİNAYƏTƏ GÖRƏ ERMƏNİSTAN CAVAB VERƏCƏK" - "Ordumuz düşmənə sarsıdıcı zərbələr endirir"

Bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası” parlamentinin qədim Azərbaycan şəhəri - Şuşaya köçürülməsi haqqında qərar qəbul edildi. Bu, növbəti təxribatdır. Bu yaxınlarda Ermənistanın baş naziri bəyan etdi ki, on minlərlə insanı birləşdirən “könüllü” hərbi birləşmələr yaradılacaqdır. Bu, nə üçün lazımdır? Bunlar kimə qarşı vuruşacaqlar? Bu, Azərbaycana qarşı bu gün törədilən təxribatın hazırlıq mərhələsi idi. Mən artıq bir neçə dəfə demişdim, o cümlədən bu yaxınlarda BMT kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır və dayandırılacaqdır.

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində səsləndirib.

Müraciətdə deyilir: “Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailə Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirildi. Bu, hərbi cinayətdir. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir. Bu cinayətə görə Ermənistan cavab verəcəkdir. Bu, bizə qarşı növbəti təxribatdır.

İşğal edilmiş torpaqlarda məskunlaşma aparmaq cinayət hesab olunur və bu siyasət Ermənistan tərəfindən uzun illər ərzində aparılır. İş burasındadır ki, Ermənistanda mövcud olan ağır iqtisadi, siyasi və sosial vəziyyətə görə ölkə əhalisi azalır. Ermənistanda demoqrafik böhran yaşanır və onlarda insan resursları yoxdur ki, işğal edilmiş torpaqlarda öz adamlarını yerləşdirsinlər. Ona görə xaricdə yaşayan ermənilərə ümid edirlər. Hazırda bu siyasət davam etdirilir”.

İlham Əliyev xalqa müraciətində deyib ki, İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi, öz ərazi bütövlüyünü qorudu və bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaqdır. Əfsuslar olsun ki, bu, onlar üçün dərs olmadı.

Müraciətdə deyilir: “Halbuki mən iyul təxribatından sonra demişdim ki, Ermənistanın acı məğlubiyyəti onlar üçün dərs olmalıdır. Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı. Bu dəfə Azərbaycana diversiya qrupu göndərilmişdir. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmışdır və hazırda ifadələr verir. Bu ifadələrdə açıq-aydın göstərilir ki, bu planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəlmişdir. Bu gün Ermənistan tərəfindən mülki əhaliyə və hərbçilərimizə qarşı növbəti hərbi təxribat törədildi. Qeyd etdiyim kimi, onlar öz cəzalarını alıblar və alacaqlar”.

İlham Əliyev xalqa müraciətində deyib ki, bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır.

Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2020-09-29 11:28:53

Bu bu qətiyyətinizin arxasındayıq cənab Prezident. Sona qədər irəli. Bu hücum dayanmamalıdır. Lazım gəlsə Dərələyəz Zəngəzurda üstəlik götürülməlidir. Onsuz da o torpaqların verilməsi yanlış olub və o yanlışlığı edən dövlət də tarixin səhnəsindən silinib.

B.Qarabağlı 2020-09-28 10:18:59

Cənab Prezident, 32 il öncə rəsmi fərmanı ilə DQMV HƏRBİ GENOSİDinə başlamış bunu bütün Azərbaycana qarşı davam etdirir və bu günə qədər hərbi terrorçu və işğalçıları məsuliyyətə, cavabdehliyə və mühakiməyə dəvət edən(Tdən qeyri) yoxdur?!

Son yazılar