Dövlətimizin və xalqımızın çətin və şərəfli günündə birlik, bərabərlik kimi milli çağırışlara qoşulmayanların fəaliyyəti Azərbayacan xalqı tərəfindən də qınanır
30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azad ediləcəyi günlər yaxınlaşıb. Qəhrəman Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə hər birimiz üçün müqəddəs olan Vətənimizi – Qarabağımızı erməni işğalçılarından təmizləməyə başlayıb. Ermənistanın siyasi rəhbərliyinin təhriki ilə ermənilərin cəbhədə törətdiyi təxribatlarına cavab olaraq başlanan hərbi əməliyyatlardan qısa müddət keçsə də, Ordumuzun qazandığı uğurlar düşmənin ən qısa müddətdə acınacaqlı məğlubiyyətə uğradılacağına şübhə yeri qoymur.
Bugün bütün Azərbaycan xalqı məhz bu müqəddəs amal uğrunda birləşib. Siyasi mövqeyindən asılı olmayaraq, hamı Ermənistanın işğalçı siyasətinə son qoymaq istiqamətində vahid cəbhədə yer alıb. Sentyabrın 27-də ölkəmizdə fəaliyyət göstərən 52 siyasi partiyadan 50-nin rəhbərinin xüsusi siyasi bəyanatla çıxış edərək Ermənistanın işğalçı siyasətini şiddətlə qınaması və ölkə Prezidentinin bu istiqamətdə atdığı addımları dəstəklədiklərini bəyan etmələri də bunun bariz nümunəsidir.
Bu, həm də artıq Azərbaycan ictimaiyyətinin Prezidentimizin də qeyd etdiyi kimi tarixi ədalətin bərpa olunması istiqamətində vahid mövqe ortaya qoymasını göstərir. Təsadüfi deyil ki, həmin bəyanatda ölkənin siyasi partiyaları beynəlxalq hüququn aliliyinin bərqərar olunmasının vacibliyini vurğulayır.
BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistanın 30 ilə yaxın bir müddət ərzində məhəl qoymadığını yada salan siyasi partiyaların rəhbərləri, Azərbaycana qarşı tətbiq olunan ikili standartlarına son qoyulmasını tələb edirlər.
Bu gün ikili standartlar o səviyyəyə çatıb ki, beynəlxalq təşkilatlar, münaqişənin həllini üzərinəgötürən, ancaq 30 ildir heç bir iş görməyən ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlər hətta Ermənistanın silahlı qüvvələrinin mülki əhalinin yaşadığı Azərbaycan kəndlərini bombalaması faktını belə görməzdən gəlirlər. İnsanlığa qarşı cinayət olan bu faktlar belə beynəlxalq təşkilatlar tərəfindən lazımı qiymətini almır.
Bu da, təbii ki, Ermənistanı daha da azğınlaşdırır. Rəsmi Yerevanın son illər yürütdüyü faşizm siyasətinin, verdiyi militarist bəyanatların arxasında da məhz Azərbaycana qarşı tətbiq olunan ikili standartlar dayanır.
Azğınlaşan Ermənistanın siyasi elitasının məsuliyyətsiz bəyanatları, Azərbaycana təxribatçı hərəkətləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini artıq mümkünsüz edir. Sülhü və beynəlxalq hüququ rədd edən Ermənistan rəhbərliyi atəşkəsi mütəmadi pozmaqala işğalçılıq siyasətini davam etdirmək niyyətini biruzə verir. Bunu Emənistanın baş naziri Paşinyanın məsuliyyətsiz bəyanatları, onun və Ermənistan rəhbərliyindəki digər şəxslərin açıq şəkildə Azərbaycan torpaqlarını heç bir zaman geri qaytarmayacaqlarını bəyan etmələri də təsdiqləyir.
ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlər isə bütün bu bəyanatları görməzdən gələrək, status-kvonun saxlanılmasına çalışırlar. Ancaq, təbii ki, Azərbaycan xalqı və onun iradəsini reallaşdıran Azərbaycan dövləti status-kvonun sonsuza qədər qalmasına icazə verə bilməzdi. Prezident İlham Əliyev də bunu dəfələrlə bəyan etmişdir ki, Azərbaycan status-kvonun saxlanılması ilə barışmayacaq. Siyasi partiyaların rəhbərləri də qeyd olunan bəyanatlarında dövlət başçısının fikrini dəstəkləyir və status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu bildirirlər. Bu gün davam edən hərbi əməliyyatların da məqsədi bu status-kvonu dəyişdirmək, tarixi ədaləti bərpa etməkdir.
Doğrudan da, bugün Azərbaycan ədalətli və məsuliyyətli mövqe nümayış etdirir. Cənab Prezident İlham Əliyev bunu çox aydın ifadə edib: “Biz tarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən, ədalət nöqteyi-nəzərdən haqlıyıq. Azərbaycan əsgəri, zabiti öz doğma torpağı uğrunda vuruşur. Bugün Fizulidə, Cəbrayılda, işğal edilmiş digər ərazilərdə şiddətli döyüşlər gedir və biz itkilər veririk, bizim qazilərimiz, hərbçilərimiz yaralanır. Amma bu dava haqq davasıdır. Ona görə mən bir daha demək istəyirəm ki, bizim işimiz haqq işidir, tarixi həqiqət, beynəlxalq hüquq, haqq-ədalət 100 faiz bizim tərəfimizdədir.”

Siyasi partiya rəhbərlərinin öz birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu mövqeyi ilə tam həmrəylik nümayiş etdirilir.
Dövlət başçısının “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməklə Azərbaycanın məqsədinin sadəcə öz torpaqlarını işğaldan azad etmək olduğu bir daha vurğulanıb.
Ancaq nədənsə bir sıra beynəlxalq təşkilatlar, Qərb ölkələri, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlər Azərbaycanın məhz öz torpaqlarını işğaldan azad etmək istəməsini görmək istəmirlər. Ermənistanın təxribatlarına susmaq və onları qınaq predmetinə çevirməmək isə beynəlxalq riyakarlığın təzahürüdür. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq təşkilatların göz yummasını qınayır və onlardan adekvat tədbirlərin görülməsini tələb edirlər. Bu isə ölkə ictimaiyyətinin beynəlxalq təşkilatların və ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin ikiüzlü siyasətini rədd etdiyini göstərir.
Eləcə də, Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin yanında olduğunu nümayiş etdirir. Ermənistanın Qarabağı ilhaq etmək cəhdi bütün xalqı yumruq kimi birləşdirib.
Ölkənin 50 siyasi partiyasının Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Bu bəyanat eyni zamanda ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur. Birgə bəyanat ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır.
Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatları görməyən, daxili ictimai-siyasi həyata yeni nəfəs verən siyasi dialoq çağırışına cavab verməyən Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının dövlətimizin və xalqımızın çətin və şərəfli günündə birlik, bərabərlik kimi milli çağırışlara qoşulmamaları böyük bir təəssüf doğurur. Belə mövqe tutanların fəaliyyəti Azərbayacan xalqı tərəfindən də qınanır.
Çünki Azərbaycan xalqı bütövlükdə öz Milli Liderinin – Prezident İlham Əliyevin ətrafında sıx birləşib, zəfərə doğru irəliləyir!
Qələbə bizimdir! Qarabağ Azərbaycanındır!
Dosent ASİMAN QULİYEV
UNEC-in “İqtisadiyyat” fakültəsinin dekanı,
iqtisad elmləri namizədi


Şərhlər
Ordumuza və ali baş komandamız Cənab İlham Əliyevə güvənirik bütün qəlbimizlə.
Cənab Prezident, inanın Sizin qədər hər birimiz narahatıq. Biləsiniz ki, bütün günü dualarımız Ali Baş Komandan olaraq Sizinlə və şanlı ordumizladır. O günə kimi İşimizi yarımçıq qoya bilmərikİnşallah bu zafer destanı yazılacaqdır. Ordumuz hədəflərinə çatmalıdır. Bilirik Beynəlxalq səviyyədə də çox zənglər, çox təpgilər gəlir. Bu mənasız zənglərə fikir vermək lazım deyil. Olaki də erməni yandaşları olan Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron və ABŞ prezidenti Tarmp üçlüyünün bir araya gəlib verdikləri bəyanata. Çünki, 27 ildir ATƏT-in Minski Qrupunun üçlüyü olaraq biz həp onların nağıllarını dinlədik . İndi biz müharibə nağılını yazmalıyıq ki, indi də onlar bizi dinləsinlər. Onlar sadəcə anlamalıdırlar ki, müharibə Ermənistanda yox Bizim ərazimizdə gedir.... Ona görə də heç kəs bu əməliyyatlara qarşı çıxa bilməz. Tanrı yardımçınız olsun. Bilin ki, sizinləyik. Arxanızdayıq. Bir çağrışınız yetər ki, əli silah tutan hər birimiz cəbhəyə yollanaq.