Azərbaycanın 44 günlük Vətən müharibəsində iştirak edənlərdən biri də Rzaxanov Nihat Natiq oğludur. 2001- ci ildə Bakının Biləcəri qəsəbəsində dünyaya gələn Nihat 2007-ci ildə 301 N-li məktəbdə birinci sinfə başlayır. Ailənin maddi vəziyəti yaxşı olmadığı üçün 9 il təhsil aldıqdan sonra işləməyə başlayır. 2019-cu ildə Ağcabədiyə hərbi hissəyə yollanır.
“Report” xəbər verir ki, Nihat 44 günlük Vətən müharibəsi başlayan zaman adının siyahıda olmamasına baxmayaraq, könüllü olaraq yazılır və qəhrəmancasına vuruşur. Şəhidin anası, İradə xanımın sözlərinə görə, oğlu Nihat son dəfə anasına zəng edərək, “Ana, mən getdim” deyir və sağollaşır.
Bir ay müddətdən artıq xidmət edən Nihat, noyabr ayının 6-sı səhər saat 11 radələrində Xocavənd istiqamətində hücuma keçərkən bir neçə əsgər yoldaşına kömək edir və nəticədə başından qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalır.
Ölümündən sonra "Vətən Uğrunda" medalı ilə təltif olunan Şəhid Nihatın anasının indi yalnız bir arzusu var. Yaşadıqları ərazidəki küçəyə oğlu - Şəhid Rzaxanov Nihat Natiq oğlunun adı verilsin.
Qeyd edək ki, evin demək olar ki tək çalışan üzvü Nihat şəhid olduqdan sonra ailənin maddi vəziyyəti yaxşı deyil. Ailə təmirsiz və şəraitsiz evdə yaşayır.


Şərhlər
Allah şəhid balamıza rəhmət eləsin! Qəbri nurla dolsun! Kasıb ailəyə xahiş edirik kömək olunsun! Küçəyə Nihatın adı verilsin!