Menu

“Ən gözəl Novruz Laçında, Zabuxda qaldı...”

19.03.2021, 10:50
“Ən gözəl Novruz Laçında, Zabuxda qaldı...”

Ayşən Aslan-Məmmədli

Bakı Dövlət Universiteninin müəllimi; AR Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ictimai birliyinin “Beynəlxalq məsələlər” şöbəsinin əməkdaşı

Yaxşı yadımdadır. Üçüncü sinifdə oxuyurdum. İlin elə bu vaxtları idi. Atam məni məktəbdə keçiriləcək Novruz şənliyinə aparmalı idi. Mən çox sevinirdim. Mənə aldıqları milli paltarı geyinmiş, anamın hazırladığı bayram xonçasını əlimdə möhkəmcə saxlamışdım. Birdən atamla anamın söhbətini eşitdim. Atam deyirdi: “Uşaq ki, uşaq e. Necə də sevinir. Nə bilsin ki bayramın gözəllikləri kənddə qaldı...”

Biz evdən çıxdıq. Mən yolda atamdan soruşdum: “Ata, anama nə üçün elə dedin? Hansı bayramdan danışırdın? Necə gözəlliklər var idi ki?” 

Atam dərindən ah çəkdi və çox aramla danışmağa başladı: “Qızım, biz uşaq vaxtı bayram deyəndə ancaq Novruzu düşünürdük. Başqa bayramlar adıyla deyilərdi: Qurban bayramı, Ramazan bayramı, 8 Mart bayramı və s. Amma bayram deyəndə hamı başa düşürdü ki, Novruzdan söhbət gedir. Çox sevərdik bu bayramı. Həyatın yenilənməyini görürdük. Hər yer təmizlənir, həyət-bacada səliqə-səhman yaradılır, bağda, bağçada abadlıq işləri görülürdü. Bizdə bütün çərşənbələr yox, ilaxır çərşənbə çox təmtəraqla qeyd olunardı. 

Kəndimizin ortasından Həkəri çayı axırdı və kəndi iki hissəyə ayırırdı. Kəndin o tayı, bu tayı deyirdik. Uşaqlar bir-birimizə qoşulub, o taya yumurta döyüşdürməyə gedərdik. Hətta bəzən gözləyirdik toyuq yumurtlayan kimi hindən götürüb qaçardıq döyüşməyə. Çox maraqlı olurdu, qızım, bu bayram kənddə. Çünki torpağın oyanışı bayramıdır. Ona görə də torpaq üzərində ona aid olan bütün işləri görmək mümkün idi. Müxtəlif tamaşalar hazırlayırdıq, evlərə gedərdik, oyun tamaşaları göstərərdik, papaq atardıq, pay yığardıq, papağımıza yığılan payları sonra yığışardıq bir yerə bölüşərdik... Baban ailəmizdəki 7 uşağın hamısına təzə paltar alardı. Bir də əmilərinlə məni güləşdirərdi. Həsrətlə gözləyərdik Novruzun gəlişini. Əsl gözəllik onda idi ki, hamı mehriban olmağa çalışır, küsülülər barışır, dünyasını dəyişənlər ziyarət edilirdi, ehtiyacı olanlar, kimsəsizlər yad edilirdi, onlara bayram sovqatı verilirdi. Qızım, hər il bayram vaxtı sanki uşaq oluram. Yenidən yaşamaq istəyirəm o anları. Amma... Çox təəssüf...”

Biz məktəbə çatdıq. Atamın söhbəti də tamamlandı. O vaxtdan illər ötdü. Həm də çox illər... Hər il Novruz bayramında atamın o söhbətini xatırladım. Dünyasını dəyişənlərin qəbirləri ziyarət edildikcə, babamı ziyarət etməyə bir qəbir belə olmadığını dərk edəndə başa düşdüm atamın o nisgilini. Atamın o “təəssüf” sözünün “şükürlər olsun” ifadəsi ilə əvəzlənməsini gözlədim uşaqlıqdan bəri. Uşaq oldum gözlədim, gənc oldum gözlədim, qadın oldum gözlədim və ana oldum fərqinə vardım... Novruzla bağlı ən gözəl xatirəsini danışan atamın “ən gözəl Novruz Laçında, Zabuxda qaldı”,- deyəndə, onun sadəcə Novruz əyləncəsindən bəhs etmədiyini başa düşəndə bir az da artıq gözlədim, bu dəfə daha çox inamla və istəklə...

Və nəhayət tale bizə yar oldu... Torpaqlarımız öz sahiblərinə qaytarıldı. Dağlarında qartallar qıy vuran, nəhayətsiz düzənlərində turağaylar, turaclar oxuyan, kəkliklər, qırqovullar səyrişən gözəlliklər məskəni olan diyarımızda yenə də Günəşin 24 saat ərzində çıxdığı yerdən bir də çıxdığını, gündüzlə gecənin bərabərləşdiyini biz Vətən havasını sinəmizə çəkərək elə oradaca müşahidə edə biləcəyik. Çox şükür bu günə! Binələri çadır-çadır gəzəcəyik. Dəli dağa, oradan da Qoşqar dağa köçəcəyik. İstisuyun üzərində ilhamımız cövlan edəcək. Təkcə Şuşanın dolama yolları ilə deyil, yeni salınmış müxtəlif yollarla Şuşaya, Laçına gedəcək, Novruz tonqalı qalaya biləcəyik. Və ən əsası, babamın qəbrinə ziyarət edə biləcəyik. Ən gözəl Novruzları yenidən yaşaya biləcəyik. Bu dəfə həm könül, həm də ruhlarımızın şadlığı ilə...

Şərhlər

M.Əsgərov 2021-03-19 15:10:59

Allaha şükürlər olsun, torpaqlarəməz erməni işğalından azad oldu, bizdə bayramımızı doğma torpağımızda qeyd edə biləcəyik.....

Vefa 2021-03-19 13:40:51

Seninle qurur duyuram.Oxuqca cumlelerinin mentiqini,deyerini ve o anlari hiss ederek yazmagini derk ede bilirem..Bu hekayeninin qehremanlarindan birininde anamin olmasi ve eyni seyleri anamdan esitdiyim ucun coox sansli oldugumu bir daha anladim

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol