O, Prezident yanında Ali İnspeksiya İdarəsinə rəhbər təyin oluna bilər
Bu yaxınlarda nazir postundan uzaqlaşdırılan general-polkovnik Səfər Əbiyev yaxın zamanlarda vəzifəyə gətiriləcək. Avropa.info-nun etibarlı mənbədən əldə etdiyi məlumata görə, S.Əbiyevin kənarda qalmayacağı və yeni vəzifə alacağı məsələsi artıq həll olunub.
Mənbənin sözlərinə görə, S. Əbiyevə artıq dövlət başçısı tərəfindən bir neçə vəzifə də təklif olunub. Bu vəzifələr sırasında Prezidentin yanında yaradılmış Ali inspeksiya idarəsinin rəisi, Azərbaycanın NATO-dakı təmsilçisi və xarici ölkələrin birində səfir postlarıdır.
Prezident yanında Ali İnspeksiya İdarəsi yaradılsa da, indiyədək ona rəhbər təyin olunmayıb. Bu qurum birbaşa dövlət başçısına tabedir, əsas fəaliyyəti isə güc strukturlarına, müdafiə, təhlükəsizlik, daxili işlər, fövqəladə hallar, daxili qoşunlar, sərhəd qoşunları və digər güc strukturalrına nəzarəti həyata keçirməkdən ibarətdir. S.Əbiyevin bu vəzifəyə təyinatı daha çox gözləniləndir.
NATO yanında daimi nümayəndəliyə gəldikdə isə mənbə bildirib ki, Azərbaycanə bu qurumda təmsil edən general-mayor Səfər Mahmudov Əbiyevin kadrı olmaqla yanaşı, həm də keçmiş müdafiə nazirinin qohumudur.
Mənbə S.Əbiyevin səfir postuna təyinat almasını da istisna etməyib və bildirib ki, onsuz da yeni-yeni ölkələrdə səfriliklərimiz yaradılır və o da bu ölkələrin birində səfir postu ala bilər.
Digər bir variant kimi S.Əbiyevin hökumətdə aparılan struktur islahatları nəticəsində yaradıla biləcək yeni qurumlardan birinə təyinatı ala biləcəyi deyilir.
Səfər Əbiyevə yeni vəzifə veriləcəyini hərbi ekspert Üzeyir Cəfərov da təsdiq edib. O bildirib ki, S.Əbiyev müdafiə naziri postindan vəzifəsinin öhdəsindən gələ bilmədiyinə və yaxud nöqsanlara görə uzaqlaşdırılmadığından, kənarda qalmayacaq və mütləq yeni bir vəzifə ilə təmin olunacaq.
S. Əbiyev hazırda uzunmüddətli məzuniyyətdədir və məzuniyyət müddəti bitən kimi o, yeni vəzifəyə təyin oluna bilər.


Şərhlər