ABŞ - Rusiya münasibətlərində yenidən gərginlik müşahidə olunur. ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatların Rusiyaya qarşı daha ciddi sansiyalar tətbiq edə biləcəyini, lakin bunu etməməyi qərara aldığını bəyan edib. Görünən odur ki, hələlik rəsmi Vaşinqton Moskva ilə əsas körpüləri yandırmaq niyyətində deyil.
İqtisadçı, deputat Vüqar Bayramov bildirib ki, Baydenin son açıqlamaları dünya bazarlarına da təsirsiz ötüşməyib. Artıq Brent markalı neftin 1 barelinin qiyməti 68 dollara yaxınlaşır.
"Son 10 gündə neftin dünya bazar qiyməti 8 faizdən çox bahalaşıb. ABŞ-Rusiya münasibətlərində soyuqlaşma müşahidə edilən son 2 gündə isə “qara qızıl” 5 faiz dəyər qazanıb,"-deyə millət vəkili əlavə edib.
V. Bayramov neftin dünya bazar qiymətindəki artımların həm də ABŞ və Avrozona iqtisadiyyatı ilə bağlı pozitiv mesajların gəlməsi ilə bağlı olduğunu qeyd edib: "Əksər ölkələrdə pandemiyanın üçüncü dalğasının müşahidə olunmasına baxmayaraq vaksinasiya prosesi investorlarda real sektorda artımla bağlı yeni ümidlər forlamalaşdırıb. Eyni zamanda, OPEK + anlaşmasında mühafizəkar meyillərin qorunub saxlanılması və hasilatın kəskin artımına gedilməməsi də neft bazarındakı tarazlığa müsbət təsir göstərir".
İqtisadçının sözlərinə görə, hələlik qlobal valyuta bazarında sakitlik müşahidə olunsa da regionun əsas dövlətlərinin milli valyutalarına dollar təzyiqi hələ də yumşalmayıb.
"AzPolitika.info"


Şərhlər