"2020-ci ilin 10 avqust tarixində Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Bakı-Xırdalan-Sumqayıt elektrik qatarının fəaliyyəti müvəqqəti olaraq dayandırlıb. Həmin ilin noyabr ayında sözügedən layihə çərçivəsində Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsü sökülüb. Yeni körpü inşa edilsə də, Bakı-Xırdalan-Sumqayıt elektrik qatarının fəaliyyəti bu günə qədər bərpa edilməyib".
Bu barədə "AzPolitika.info" saytına bir qrup Xırdalan şəhər sakininin göndərdiyi müraciətdə bildirilir.
Sakinlər onu da yazırlar ki, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Baş Keşlə stansiyasının kontakt şəbəkəsinin yenidən qurulması və əsaslı təmiri işləri ilə bağlı doqquz aydır elektrik qatraları işləmir.
"Çox təssüf ki, təmir - bərpa işlərinin aparılması müşahidə edilmir. Bakı-Yalama elektrik qatarının çox seyrək qrafiklə də olsa hərəkətini müşahidə edirik. Əgər söhbət kontakt şəbəkəsinin yenidən qurulması və əsaslı təmirdən gedirsə, Bakı-Yalama elektrik qatarı necə hərəkət edir və başqa qatarlar isə dayanıb?",-deyə müəlliflər sual edirlər.
Müraciətdə daha sonra qeyd olunur ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin 1822 “Çağrı Mərkəzi” əsaslı məlumat verməkdə çətinlik çəkir, yerli mətbuatda da bu məsələyə aydınlıq gətirilmir: "Hörmətli “Azpolitika” komandası! Hazırkı pandemiya dövründə yeganə ictimai nəqliyyat vasitəsi olan avtobuslardan istifadənin nə qədər riskli olması, Bakı-Sumqayıt yolunun pik saatlarda tıxac yaranmasını təsvir etsək, Xırdalan şəhər sakinlərinin nə qədər əziyyət çəkdiklərini təsəvvür etmək olar. Əgər Bakı-Xırdalan-Sumqayıt elektrik qatarının fəaliyyəti bərpa edilsə, avtobuslarda sərnişin seyrəkliyinə və Bakı-Sumaqyıt yolunda tıxacın qismən azalmasına səbəb olar".
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Natəvan Bayramova "AzPolitika.info"-nun sorğusuna cavab olaraq bildirib ki, Bakı-Xırdalan-Sumqayıt elektrik qatarının fəaliyyətinin dayandırılması təmir-bərpa işlərinin yekunlaşmaması ilə bağlıdır. Onun sözlərinə görə, qısa müddətdə işlər başa çatacaq və qatarın əvvəlki rejimdə fəaliyyəti bərpa olunacaq.
"AzPolitika.info"


Şərhlər