Menu

BƏLKƏ... AYAQLAŞMAQ İSTƏMİRİK?

24.05.2021, 15:56
BƏLKƏ... AYAQLAŞMAQ İSTƏMİRİK?

Hikmət Əlizadə, BDU-nun professoru

Bir neçə gün əvvəl millət vəkili Etibar Əliyevin mətbuatda “Ayaqlaşa bilirikmi?” adlı fəlsəfi-psixoloji məna kəsb edən yazısını oxuduq. Müəllif bu məqalədə bəlkə də bütün Azərbaycan ziyalılarının ürəyindən keçənləri ürək yanğısı ilə ifadə etmişdi.

Qaldırılan problem bir pedaqoq kimi məni də narahat edir, buna görə də müəlliflə həmrəylik nümayiş etdirməyi özümə bir ziyalı kimi borc bildim.

Hələ qədim dövrlərdə insanlar yeni nəsli həyata hazırlamaq məqsədilə əldə edilmiş güzaran təcrübəsini bir nəsildən digərinə ötürməyə başladı. Beləliklə, təhsil insan həyatının ayrılmaz hissəsinə çevrildi. Yalnız güzaran problemlərinin həlli qayğısı ilə yaşayan icma dövründə cəmiyyətdə fundamental inkişaf baş vermədi.

İnsanlarda əqli tərbiyəyə tələbat yarananda yeni - antik mədəniyyət formalaşdı.

Aristotelin, Platonun, Sokratın ..... məktəbi yarandı. Bu məktəb təfəkkürün inkişafı konsepsiyası üzərində köklənmişdi və dünya tarixinə nəhəng şəxslər bəxş etdi.

Eramızın əvvəllərində feodal münasibətlər təşəkkül tapanda din xadimləri təhsildə “qəlbin təmizlənməsi” konsepsiyasına üstünlük verdilər, antik mədəniyyətin böyük kəşfini - təfəkkürün inkişafı konsepsiyasını məktəbdən kənarlaşdırdılar. Qəlbin təmizlənməsi konsepsiyası insanlarda yalnız mənəvi dəyərlərin formalaşmasına xidmət etdi. Əgər bu konsepsiya təfəkkürün inkişafı konsepsiyası ilə birləşsəydi...

Bir az gec olsa da, tarixdə bu baş verdi. İslam dini meydana gələndə yaradılan İslam məktəblərində bu konsepsiyalar vəhdətdə tətbiq edilməyə başladı və IX-XII əsrlər Şərqin intibahı kimi tarixə düşdü, Əl Kindi, Əl Fərabi, Əbu Reyhan Biruni, İbn Sina, Nəsirəddin Tusi, İbn Xəldun kimi mütəfəkkirlərin əsərləri dünya tarixinin incilərinə çevrildi. Təəssüf ki, müsəlman ölkələri bu konsepsiyanı inkişaf etdirmədilər və Şərqin həyatı sadələşdi. Əvəzində bu yüksəlişi qiymətləndirən Qərb ölkələri öz məktəblərində Şərqin yaratdığı yeni konsepsiyadan istifadə etdi. Nəticədə tarixin yaddaşında Qərbin “Renessans”ı özünə yer tutdu, I və II sənaye inqilabları baş verdi. Bu inkişafın məntiqi davamı kimi, XX əsrdə fundamental psixoloji tədqiqatlar dünyanı daha da rəngarəng etdi, “intellektin inkişaf modeli” formalaşdı. Təfəkkürün inkişafının yeni konsepsiyaları yarandı. Bu konsepsiyalar “dünyanın nəbzini” tutmaqda insanlara kömək etdi. III sənaye inqilabı baş verdi, gözümüzün qarşısında daha nələr kəşf edilmədi. Bəşəriyyət böyük sürətlə IV sənaye inqilabına doğru istiqamət aldı.

Aksioma xarakteri daşıyan qənaət: Təhsil nələrə qadir imiş.

Cəmiyyətin inkişafında təhsilin rolu haqqında danışdıq:

- Gördük ki, dünya öz inkişafı üçün təhsilə borcludur; 

- Gördük ki, cəmiyyətin inkişafı təhsildən asılıdır; 

- Gördük ki, təhsil təkmil olduqca, dünyanın inkişafı ilə ayaqlaşmaq mümkün olur.

Dünyanın inkişaf etmiş ölkələri təhsilin gücündən istifadə edərək inkişaf edib. Bu məqsədlə keçən əsrin ortalarından etibarən Qərb ölkələrində inkişafetdirici təhsil konsepsiyaları tətbiq edilib. O vaxt biz hələ Sovetlər ölkəsinin “durğunluq” məktəbinin sərhədlərində “var-gəl” edirdik. Dünya təhsil sistemi isə cəmiyyətin inkişaf tələblərinə uyğun inkişaf edirdi.

Dünyanın inkişafında xalqımızın həmişə özünəməxsus payı olub. Buna görədir ki, müstəqillik əldə edən kimi, təhsilimizi yeni konsepsiyalarla zənginləşdirdik, zəruri hüquqi-normativ sənədlər hazırladıq, yeni texnologiyaları məktəbə daxil etdik, müəllim hazırlığını təkmilləşdirdik, daha nələr etmədik… Bütün bunları ona görə etdik ki, dünyanın inkişafı ilə ayaqlaşaq. Amma bu gün məlum olur ki, hələ ayaqlaşa bilmirik. Görəsən niyə? Bəlkə... ayaqlaşmaq istəmirik?

Əgər ayaqlaşmaq istəsəydik, təhsildə güzəştə yol verərdikmi? – müəllim güzəşt edərək təhsilalana yüksək qiymət yazır, təhsilalan isə daha yüksək qiymət almaq istəyir. Əlbəttə, daha yüksək qiymət almaq üçün mübarızə aparmaq təqdirəlayiqdir, amma yüksək qiymət güzəşt hesabına olmamalıdır. İnkişaf etmiş ölkələrin heç birində təhsildə güzəşt yoxdur. Qiymət təhsilalanın bilik və bacarığına adekvat olmalıdır. Biz bunu edə bilmişikmi?

Əgər ayaqlaşmaq istəsəydik, təhsilə vasitə kimi baxardıq – İnkişaf etmiş ölkələrdə təhsil vasitədir – insanın inkişafı üçün, karyera qazanması üçün, insanın daha mədəni yaşaması üçün, cəmiyyət həyatının mədəni səviyyəsini yüksəltmək üçün. Biz bunu edə bilmişikmi?

Əgər ayaqlaşmaq istəsəydik, müəllim-tələbə, müəllim-şagird münasibətlərini yeniləşdirməzdikmi? İnkişaf etmiş ölkələrdə təhsildə bu münasibətlər yeni trendlərə uyğun formalaşıb. Bu çür formalaşdığı üçün təhsil yeni keyfiyyət mərhələsinə qalxıb. Buna müvafiq olaraq, öz nüfuzu ilə diqqət çəkən yeni müəllim modeli formalaşıb. Biz bunu edə bilmişikmi?

Əgər ayaqlaşmaq istəsəydik... suallar da çoxdur, suallardan doğan problemlər də çoxdur.

Adətən suala cavab verir, problemi isə həll edirlər. İnkişaf etmiş dünya ölkələrində suala cavab tapmağın, problemi həll etməyin ən yaxşı yolu diskussiya hesab olunur. Diskussiya “Bir baş ağıllıdır, iki baş ondan da ağıllıdır” atalar sözünün həqiqətinə əsasən yaradılıb. Diskussiya nəticəsində suala daha düzgün cavab, problemin həllinin isə daha düzgün yolu tapılır. Biz bunu edə bilmişikmi?

Son söz əvəzi:

Bəlkə… təhsildə münasibətlərimizə yenidən baxmalıyıq?

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol