Menu

COVID-19 pasportunun əldə edilməsi ilə bağlı qaydalar AÇIQLANDI - Yenilənib

25.05.2021, 17:08
COVID-19 pasportunun əldə edilməsi ilə bağlı qaydalar AÇIQLANDI - Yenilənib

Azərbaycanda COVİD pasportunun necə əldə olunacağı açıqlanıb.

APA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib ki, artıq ölkədə təxminən 10 faizə yaxın əhali vaksinasiyadan keçib: “Birinci sertifikat peyvəndləmə sertifikatıdır. İki doza vaksin vurduranlara e-gov.az portalında xüsusi vaksinasiya sertifikatı formalaşdırılır. Həmin sertifikata hər bir vətəndaşın “e-təbib” tətbiqi vasitəsilə çıxışı var. Eyni zamanda e-gov.az portalından da çap edib, kağız formasında özündə saxlaya bilər. İkincisi isə immunitet sertifikatıdır, bu da xəstələnib sağalmış insanlara tətbiq olunur. Onlara müəyyən dövr ərzində vaksinasiya tətbiq olunmur, ona görə də immunitet sertifikatı da COVID pasportu hesab olunur. Hər iki sertifikatın üzərində QR kod mövcuddur. Bu da elektron yoxlama imkanı yaradır.

Beləliklə, vaksinasiya sertifikatı və immunitet sertifikatı – hər ikisi COVİD pasportu hesab olunur. Bunlardan birinin mövcudluğu ilə idman və sağlamlıq mərkəzlərinə girişə icazə veriləcək.

Gələcəkdə bu yanaşmanın konsert, kinoteatr, toylar, digər şənliklərə tətbiqi də nəzərdə tutulur. Qeyd olunanlara bunun nə zaman tətbiq olunacağı barədə isə məlumat veriləcək”.

Sözügedən sertifikatları əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində “E-xidmətlər” bölməsinin “Şəxsi Kabinetə giriş” (https://kabinet.its.gov.az/az/index) altbölməsi seçilməlidir. Bu bölmə “MyGov” portalına da inteqrasiya edilib.

Burada “ASAN Login” sisteminə istifadəçi FİN-i, “Asan İmza”, Elektron imza və ya BSXM (Bank Sertifikat Xidmətləri Mərkəzi) imzası ilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra açılan pəncərədə “Digər xidmətlər” bölməsi seçilməlidir.

“Digər xidmətlər” bölməsi seçildikdə ekranda “COVID-19 vaksin sertifikatı” və ya “COVID-19 immunitet sertifikatı” seçimləri əks olunur.

Əgər vətəndaş vaksin olunubsa, “COVID-19 vaksin sertifikatı” seçimini etməlidir. Xəstəliyə yoluxub sağalmış şəxs isə “COVID-19 immunitet sertifikatı” seçimini etməlidir.

Bu zaman təqdim olunan COVID-19 pasportunu elektron formatda yükləmək, eləcə də çap versiyada əldə etmək olar. Qeyd edək ki, COVID-19 pasportunun doğruluğunun sənəddə əks olunan “QR Code” vasitəsi ilə yoxlanılması da mümkündür.

Qeyd edilib ki, vətəndaşlar COVID-19 pasportunu “E-Təbib” mobil tətbiqi vasitəsi ilə də əldə edə bilərlər. 

Şərhlər

Rufet 2021-05-25 15:11:34

BU konistutusiya huquqlarmizin pozulmasi demekdi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol