"Milli Məclisin iclaslarında bəzən 20-yə yaxın məsələ müzakirə olunub. Milli Məclisin 6-cı çağırışının ilk iclası başlayandan indiyə qədər xanım Sahibə Qafarova bütün məsələlərin müzakirəsində yüksək tolerantlıq və savadlılıq nümayiş etdirib. Bunu mən ən çox çıxış edən deputatlardan biri kimi deyirəm. Çıxışların bəzən təkrarçılıq xarakterindən asılı olaraq hansısa deputat məsələnin səsə qoyulması barədə təklif irəli sürüb. Ancaq reallıq ondan ibarətdir ki, Sahibə xanım bütün çıxışa yazılanlara söz verib. Təkliflər dinlənilib. Özü də bütün prosedur qaydalarına riayət etməklə".
Bunları Milli Məclisin üzvü, tanınmış təhsil eksperti Etibar Əliyev həmkarı Qüdrət Həsənquliyevin "Milli Məclisdə 4-5 deputat var ki, özləri ya təsadüfən danışırlar, ya da ümumiyyətlə heç bir məsələ barədə çıxış etmirlər. Amma təəssüf doğuran məqam odur ki, onlar daima susmurlar, yerdən hay-küy salmaqla Sədrə təzyiq edir, ya bu halda olduğu kimi çıxışlara tamamilə imkan verilmədən məsələnin səsə qoyulmasını, ya da müzakirələrin tez yekunlaşdırılmasını tələb edirlər" fikrinə münasibət bildirərkən deyib.
E.Əliyev bildirib ki, Azərbaycan parlamentində fikir plüarizmi yüksək səviyyədədir. "Sahibə Qafarova parlamentdə demokratik abu-hava yaradıb. Bu amilin özü çox önəmlidir. Qüdrət bəy təcrübəli siyasətçidir hər zaman aktual müsahibələri və çıxışları ilə seçilən deputatlardan biri sayılır. Ola bilsin ki, o, fikrində “təzyiq” anlayışını işlətməklə yanlışlığa yol verib. Ancaq bu məsələ şişirdilməməlidir. Parlament jurnalistləri Sahibə Qafarovanın demokratik idarəçiliyinin şahidləridirlər və onlara bütün məsələlərin işıqlandırılması üçün yüksək şərait yaradılıb. Həmçinin deputatlar istənilən mətbuat orqanında, televiziyalarda fikirlərini sərbəst söyləyə bilirlər. Onlara təzyiq olunmadığı kimi, xanım spikerə qarşı hansısa təzyiqə yol verilməsi barədə düşüncələr absurddur".
"AzPolitika"


Şərhlər