AZƏRBAYCAN və TÜRKİYƏ PREZİDENTLƏRİ ŞUŞADA TARİXİ SƏNƏD İMZALADI - FOTOLAR/VİDEOLAR (Yenilənib)

Şuşada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Görüşdən sonra sənədlərin imzalanma mərasimi keçirilir. Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb. 

"Şuşa bəyannaməsi tarixə əsaslanır, burada xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları əksini tapır". Bu sözləri Prezident İlham Əliyev bu gün Şuşada Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib.

“20-ci əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdi ki, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. 20-ci əsrin sonlarında Heydər Əliyev demişdi ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Bu tarixi sözlər bizim fəaliyyətimiz üçün əsas faktordur. Biz bu vəsiyyətə sadiqik. Və 21-ci əsrdə azad edilmiş Şuşada müttəfiqlik bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk, - deyə o qeyd edib.

İlham Əliyev əlavə edib ki, birgə bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir: “Tarixi Qars müqaviləsi yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”. 

Sözügedən görüşün videoxülasəsi təqdim edirik:

***

İyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.

Görüşdən sonra sənədlərin imzalanma mərasimi keçiriləcək.

***

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Həmin görüntüləri təqdim edirik:

* * *

\Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün gecə saatlarında gəldiyi Bakıda bir sıra təmaslardan sonra xanımı Əminə Ərdoğanla və rəsmi nümayəndə heyəti ilə birlikdə Şuşaya yola düşüb. Türkiyə KİV-ləri Ərdoğanı müşaiyət edən heyətdə müdafiə naziri Hulusi Akarın, prezident administrasiyasının kommunikasiyalar departamentinin rəhbəri Fahrettin Altunun, prezidentin sözçüsü İbrahim Kalının, AKP sözçüsü Ömər Çelikin və digər şəxslərin yer aldığını bildirir.

Ərdoğan və onu müşaiyət edənlər avtomobil korteji ilə Şuşaya yola düşüb. Azərbaycan KİV-ləri xəbər verir ki, Prezident İlham Əliyev Ərdoğanı və onu müşaiyət edənləri Füzuli rayonunda qarşılayıb. Prezidentlərin oradan Şuşaya birlikdə yola düşdüyü bildirilir. Protokola əsasən Ərdoğanın rəsmi qarşılanma mərasimi Şuşanın mərkəzində olacaq.

***

İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə yola düşüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşılayıb.

Xəbər yenilənir...

635x100

Şərhlər

Niyaməddin 2021-06-16 01:07:40

Daha böyük sənədlərin imzalanması diləyilə, Allah mübarək eləsin!

vidadi goyce 2021-06-15 17:56:44

xosh geldin boyuk turan yolcusu

Nadir 2021-06-15 15:03:00

Cox qururlu anlar!

Son yazılar