"Azərbaycan ərazilərinin otuz illik işğalına son qoymuş Müzəffər Ali Baş Komandan İlham Əliyevin fikirləri dünyanın siyasi mərkəzlərində ciddi şəkildə öyrəniləcək".
"AzPolitika.info" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov Prezidentin BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışını şərh edərkən deyib. Millət vəkili bildirib ki, ölkə başçısının çıxışının ekoloji aspektlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
- İşğal nəticəsində regionun ekoloji tarazlığının pozulması;
- Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı;
- Təbii sərvətlərin qanunsuz istismarında xarici şirkətlərin iştirakının müəyyən edilməsi və onlara qarşı hüquqi prosedurların həyata keçirilməsi.
S.Qurbanovun sözlərinə görə, sessiyada cənab İlham Əliyevin çıxışında ekoloji tarazlığın pozulması və təbii ehtiyatların qanunsuz istismarı ilə bağlı məsələlər xüsusi ilə diqqət çəkəndir. Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın uzun illər davam edən işğalçı siyasətinin regionun ümumi inkişafına nə qədər böyük zərbə vurduğuna yönəldib: "Ölkə başçısının “Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid - ətraf mühitə qarşı genosid törədib. Meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərlənib”, fikri maraq doğurub. Prezidentin çıxışında su ehtiyatları ilə bağlı məsələlərə xüsusi yer ayırması təsadüfi deyil. Cənab İlham Əliyev beynəlxalq tribunadan Ermənistanın regionun su ehtiyatlarını məhv etməsi, çirkləndirlməsi, eyni zamanda vaxtilə bu təbii resursdan siyasi təzyiq vasitəsi kimi istifadə etməsini, bu sahədə beynəlxalq hüquq normalarını kobud şəkildə pozmasını da xüsusi ilə vurğuladı".
S.Qurbanov daha sonra qeyd edib ki, Prezident beynəlxalq hüquq normalarını heçə sayan Ermənistanın qanunsuz hərəkətlərini ifşa etməklə eyni zamanda bu cinayətdə iştirak edən ayrı-ayrı xarici şirkətlərin qanunsuz hərəkətləri nəticəsində ətraf mühitə və iqtisadiyyatımıza vurulmuş zərərlə bağlı hüquqi prosedurların həyata keçiriləcəyini bildirib: "Ölkə başçısı xarici şirkətlərin Ermənistanın hərbi cinayətkar rejimi ilə birlikdə Azərbaycan ərazilərində və transsərhəd zonalarda yerləşən Oxçuçay çayını kəskin şəkildə çirkləndirilməsini və ekoloji cinayət törətdiklərini diqqətə çatdırıb. Düşmən tərəfindən təbii ehtiyatlarımızın qanunsuz istismarını xüsusi vurğulayan Prezident İlham Əliyev, qızıl və digər qiymətli metal və mineralların talan edilərək xarici bazarlara ixrac edilməsindən danışdı. Biz tutarlı faktlara əsaslanaraq bu işlə məşğul olan xarici şirkətləri müəyyən etmişik və onlara qarşı hüquqi tədbirlərə başlamışıq. Onlar məsuliyyətə cəlb ediləcəklər".
"AzPolitika.info"


Şərhlər