Menu

“Özəl təhsil sistemi böhran içərisindədir” - Deputat Etibar Əliyev universitetləri tənqid etdi

29.09.2021, 12:13
“Özəl təhsil sistemi böhran içərisindədir” - Deputat Etibar Əliyev universitetləri tənqid etdi

"Universitetlər dünyada elm və təhsil sahəsində baş verən yeniliklərlə ayaqlaşmalıdır. Gecikmələr öz dərin təsirini göstərib. Yəqin ki, heç kim tərəddüd etməz: universitetlərimizin əksəriyyətində durğunluq hökm sürür. Cəmi 2-3 universitetdə islahatların aparılması, yeniliklərə imza atılması müqayisədə aşağı göstəricidir".

"AzPolitika.info" xəbər verir ki, bunları təhsil eksperti, millət vəkili Etibar Əliyev "Facebook" hesabında yazıb.

Deputat özəl təhsil sisteminin böhran içərisində olduğunu qeyd edib: "Universitetlərin vəzifələri və missiyaları haqqında aydın təsəvvürlər yoxdur. Universitet tədqiqatları aşağı səviyyədədir. Təbiət və fundamental elmlərdə texnoloji uçurum öz təsirini göstərib. Tələbə qəbulunun nəticələrindən başqa heç bir göstərici önə çəkilmir. Yüksək nəticə göstərən tələbələr bir müddətdən sonra təhsillərini başqa ölkələrdə davam etdirmək istəyirlər". Millət vəkili hesab edir ki, universitet təsəvvürlərimiz yenilənməlidir. Onun sözlərinə görə, universitet fundamental məsələləri həll etmək üçün ən rahat məkan olmaqla yanaşı, həm də alternativ dəyərlər sistemi yaratmalıdır. "Universitetin digər ictimai institutlardan əsas fərqləndirici cəhəti onun əmək bazarına və insan kapitalının inkişafına cavabdehlik daşımasıdır. Universitet elmi öz həyatını yaşamalı və özü prioritetlərini müəyənləşdirməlidir", - E.Əliyev vurğulayıb.

Təhsil eksperti daha sonra ali tədris müəssisələri ilə bağlı vacib keyfiyyət standartlarını sadalayıb:

- Universitetlər özünəməxsusluğu ilə seçilən mədəni, sosial-iqtisadi və fiziki əhatəsindən faydalanmalıdır. Kampus məhdudiyyəti bu prinsipin həyata keçməsinə imkan vermir.

- Distant təhsilin keyfiyyətinin ənənəvi təhsilə yaxınlaşdırılması istiqamətində texnoloji və məzmun istiqamətində yeniliklərə imza atmalıdırlar.

- Universitet kitabxanaları daima yenilənməli, universitetlərarası kitabxana kommunikasiyası yaradılmalı, elektron kitabxana özünəməxsusluğu ilə seçilməlidir.

- Universitetlər cəmiyyətə transformasiya olunmalı, sosial dəyişikliklərin katalizatoru funksiyasını daşımalıdırlar.

- Universitetlər akademik imbridinqi (öz məzunlarının işə götürülməsi) genişləndirməlidir.

- Universitetlər sahibkarlıq təşəbbüslərini dəyərləndirməli, öz bilik tutumlarını tətbiq etməli, innovasiyaları rəğbətləndirməlidir.

- Universitetlər tədqiqatları ilə paraktik məslələri (tədqiqatların tətbiqini) həll etməli, elmin populyarlaşdırılmasında maraqlı olmalıdırlar.

- Tələbələrə uğurlarını təqdim etməyə imkanlar yaratmalı, hər bir tələbənin uğurunu qiymətləndirməlidir.

- Tələbələr müəllimlərin mühazirələri ilə kifayətlənməməlidirər. İxtisasları üzrə yeni ədəbiyyatları axtarıb tapmalı və bilik dairələrini genişləndirməlidirlər.

“Təəssüflər olsun ki, müəllimlərin böyük kəsimi illər boyu mühazirələrini yeniləmirlər".

"AzPolitika.info"

Şərhlər

Niyaməddin 2021-09-29 13:44:43

Hər sahədə olduğu kimi, təhsil sahəsində də " irəli" gedirik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol