Göyçay rayonu Həbibi küçəsi ev 50 ünvanında yaşayan Azadov Seymur Əlibala oğlu Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovdan ölkə başçısına və hüquq-mühafizə orqanlarına şikayət edib.
Şikayət məktubunun bir nüsxəsini də “AzPolitika.info”-ya göndərən Göyçay sakini yazır ki, Suvarma Sistemləri İdarəsinin fəaliyyətini tənqid etdiyi və orada yol verilən qanunsuzluqları ictimailəşdirdiyi üçün idarənin müdiri Şakir Əhmədov onu təhdid edir.
Məktubda yazılanlara görə, idarə müdiri avtomobil ustası işləyən S.Azadovu məhkəməyə verərək, ona aid sexin qanunsuz olduğunu iddia edib: “Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən vaxtında təmizlənmədiyi və tədbir görülmədiyi üçün rayondakı arx daşaraq həyətləri və küçələri su basıb. Bunun üçün mən Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun özünə müraciət etdim. Şakir Əhmədov mənə bildirdi ki, idarənin texnikaları hazırda kəndlərdə su kanallarının qazıntısı, təmizlənməsi ilə məşğul olurlar deyə, burada iş görmək hazırda mümkünsüzdür. Bundan sonra mən Göyçay rayon Suvarma Sistemləri İdarəsinə məxsus texnikaların özəl işlərə cəlb olunmasının videoçəkilişini aparıb, öz “feysbuk” səhifəmdə paylaşım etdim. Bu barədə həmçinin Göyçay Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etdim.
Bundan sonra Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov mənim ünvanıma məktub göndərib xəbərdarlıq etdi ki, Göyçay şəhəri Natavan küçəsindəki avtomobil mühərrikinin təmiri sexiniz su arxının qoruma zolağında inşa edildiyi üçün sökməlisiniz. Hansı ki, Göyçay rayon ərazisində yetmişdən çox obyekt düz su arxının üzərində inşa edilib və hazırda da fəaliyyət göstərirlər, ancaq mənim qanuni inşa etdiyim avtomobil mühərrikinin təmiri sexilə su arxının arasında 4 metr məsafə var və onun qoruma zolağına heç bir aidiyyatı yoxdur. Buna baxmayaraq, Şakir Əhmədov məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mənə məxsus avtomobil mühərrikinin təmiri sexinin su arxının qoruma zolağının üzərində qanunsuz inşa edilməsini əsas gətirərək, sökülməsini xahiş edib. Qeyd edim ki, himayəmdə 4 azyaşlı uşağım var. Ailədə yeganə işləyən mənəm.”

Göyçay sakini yazır ki, məhkəmə idarə müdirinin iddiasını rədd edib, lakin Ş.Əhmədov ona qarşı qanunsuz əməllərini davm etdirib və hətta onu döydürüb: “Belə ki, 25 oktyabr 2021-ci il tarixdə saat 11-00 radələrində avtomobilimdə oturub telefonla danışan zaman qarşıda VAZ-2107 avtomobili, arxada isə ekskavator saxlayıb məni əhatəyə aldılar. Məni avtomobildən düşürüb döydülər və telefonlarımı əlimdən alıb oradan uzaqlaşdılar. Həmin şəxslər Göyçay rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşları idi, ekskavator həmin idarəyə məxsus idi.”
Bundan sonra polisə müraciət edən şikayətçi törədilən cinayətə rəğmən Ş.Əhmədova qarşı heç bir tədbir görülmədiyini yazır: “Göyçay Rayon Polis Şöbəsində izahatım alındı, mən təhqiqatçıya başqa telefon nömrəsi verdim ki, mənimlə əlaqə saxlaya bilsin. Həmin gün axşam saatlarında təhqiqatçı zəng edib dedi ki, telefonlarını gətirib veriblər, gəl apar. Bu fakt sübut edir ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun işçiləri mənim telefonlarımı quldurluqla ələ keçiriblər. Ancaq buna baxmayaraq, onların barəsində heç bir qanuni tədbir görülmədi. Çünki Şakir Əhmədov dövlətdən taladığı pullar hesabına oliqarxa çevrilib deyə onun qarşısında Göyçay hüquq- mühafizə orqanları acizdirlər.”
Sonda ölkə rəhbərliyinə və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinə müraciət edən Göyçay sakini Göyçay rayon Suvarma Sistemləri İdarəsinin fəaliyyətinin araşdırılmasını və idarə müdiri Ş.Əhmədovla bağlı qanunda nəzərdə tutulan tədbirlərin görülməsini xahiş edir.
“AzPolitika.info” qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.
“AzPolitika.info”


Şərhlər