PAŞİNYAN BRÜSSELDƏ SƏNƏD İMZALAYA BİLƏRMİ? – Yaxud niyə noyabrın 10-u yox, dekabrın 15-i?

Kremlin sözçüsü Dmitri Peskov noyabrın əvvəllərində Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə baş tutmalı olan görüşün alınmamasının səbəbini açıqlayarkən demişdi ki, bunun üçün bütün tərəflərin razılığı olmalıdır. Nəzərə alsaq ki, Azərbaycan və Rusiya görüşə hazır olduqlarını çoxdan bəyan etmişdilər, bu, o demək idi ki, məhz Ermənistan tərəfi noyabrın 10-da Moskvada görüşməyə razı deyildi. Baxmayaraq ki, daha öncə belə bir görüşün baş tutacağının anonsu Kreml tərəfindən verilmişdi.

Moskvaya razılıq verməyən Ermənistan tərəfi dekabrın 15-də Avropanın siyasi paytaxtı sayılan Brüsseldə görüşə razılıq verdi. Sual olunur: niyə noyabrın 10-u yox, dekabrın 15-i və niyə Moskva yox, Brüssel?

Noyabrın 10-u Azərbaycan üçün qələbənin, Rusiya üçün Cənubi Qafqazda daha bir nöqtəyə “qonmasının”, Ermənistan üçün isə məğlubiyyətin ildönüm tarixidir. Bu baxımdan məhz həmin gün növbəti görüşün təşkili Nikol Paşinyan üçün arzuolunan və komfortlu deyildi. Digər yandan görüşdə imzalanması nəzərdə tutulan sənədlərlə bağlı Ermənistanın Baş nazirinə həm ölkə daxilindəki qüvvələr, həm də Qərbdəki tərəfdaşları və diaspora tərəfindən böyük təzyiqlər var. Bütün bunlar onu Moskva görüşündən mümkün qədər yayınmağa, hətta Kremlin sözçüsünün görüşlə bağlı dediklərini geri oxutdurmağa vadar edirdi. Bunun ardınca Azərbaycan-Ermənistan sərhədində baş verənlər və Ermənistanın Moskvaya hərbi köməklə bağlı müraciətinin nəticəsiz qalması isə müəyyən mənada Rusiya qarşısında Paşinyanın əlini gücləndirmiş və Qərbə üz tutması üçün ona bəhanə vermiş oldu. Həmin günlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi və parlamentin Paşinyanın partiyasından olan deputatlarının bir neçəsi Rusiyanın “öz müttəfiqlik öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə” başqa istiqamətlərə üz tutacaqlarını açıq şəkildə bildirmişdilər. İndi də görüşün Brüsselə daşınması həmin istiqamətin haraya olduğu barədə açıq təsəvvür yaradır...

Əslində, sərhəd və dəhliz məsələlərinin, sülh müqaviləsinin müzakirəsinin, ümumiyyətlə danışıqlar prosesinin məhz Moskvada, Rusiyanın inhisarçılığı altında reallaşdırılması, yaxud son qərarın orada verilməsi heç Azərbaycan cəmiyyəti üçün də ideal variant deyil. Lakin tarix göstərir ki, ikiüzlülükdə, demokratiya saxtakarlığında, islamofobiyada, nəhayət, ermənipərəstlikdə kollektiv Qərb Rusiyadan da bir baş üstündür. Digər yandan Azərbaycana qardaş ölkə, ən yaxın təbii müttəfiqimiz və regionumuzda söz sahibi olan Türkiyənin Qərblə və Rusiya ilə münasibətlərinə ayrı-ayrılıqda diqqət yetirmək lazımdır. Hazırkı mənzərə Ankaranın Moskva ilə daha intensiv, inkişafa meylli və qarşılıqlı etimad əsasında qurulmaqda olan münasibətlərini, Brüssellə isə soyuq və uzun illər Türkiyəyə qarşı davam edən ədalətsiz ayrıseçkilik siyasətini ortaya qoyur. Həmçinin, istər Avropa Birliyi, istər AŞPA, istərsə də Fransa başda olmaqla, digər Qərb strukturları və dövlətləri Azərbaycana qarşı qərəzli və ziyanlı mövqelərini heç vaxt gizlətməyiblər. Onlar Azərbaycan-Türkiyə birliyinə qətiyyən şad olmadıqları kimi, ümumilikdə Türkiyənin və Azərbaycanın güclənməsinə qarşı hətta şeytanla dostluğa da hazır olduqlarını dəfələrlə büruzə veriblər.

Təkcə onu qeyd etmək kifayətdir ki, Qərb Azərbaycanla müqayisədə Ermənistana böyük məbləğlərdə (son olaraq 2.5 milyard avro) yardım, güzəştli kredit yönəltdiyi təqdirdə, Azərbaycana bundan dəfələrlə az, hətta simvolik sayıla biləcək ölçüdə dəstək verib. Həmçinin, Avropa Birliyi Azərbaycanla Türkiyəni birləşdirəcək dəhlizin reallaşmaması və effekt verməməsi üçün hətta sanksiyalar altında olan İranla belə əməkdaşlığa, İran və Ermənistandan keçərək Gürcüstan və Avropaya doğru uzanmalı olan məlum layihələrə yatırım etməyə hazır olduğunu gizlətmir. Bir sözlə, kollektiv Qərbin Azərbaycana Rusiyadan daha yaxın və sərfəli tərəfdaş olmadığı şübhəsizdir... Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan üçün danışıqların Moskvada, yoxsa Brüsseldə keçirilməsinin Ermənistan üçün olduğu qədər prinsipial əhəmiyyəti yoxdur. Çünki bizim Paşinyandan fərqli olaraq, kimsənin qarşısında heç bir öhdəliyimiz yoxdur. Bu danışıqlarda Azərbaycanın “baqajı” o qədər dolu və zəngindir ki, Ermənistan tərəfi ilə nəinki Brüsseldə, ermənilərin ən güclü olduqları Los-Ancelesdən tutmuş ermənipərəst Parisə qədər dünyanın istənilən nöqtəsində görüşə hazırdır.

Digər yandan Azərbaycanın rəsmi mövqeyi də Ermənistanla istənilən müstəvidə, platformada görüşə hazır olmasından ibarətdir. Yeganə məsələ uzun illər yararsızlığını sübuta yetirmiş Minsk Qrupunun yenidən prosesi öz monopoliyasına almasına imkan verilməməsi, “status” məsələsinin heç bir halda gündəliyə salınmaması və Zəngəzur dəhlizi başda olmaqla 10 noyabr sazişində göstərilən məsələlərin masa üzərində olmasıdır ki, buna da nail olunur. Bu şərtlərə əməl olunmaqla, istənilən ölkə, şəhər, ada və s. danışıqlar aparmaq üçün məqbul hesab oluna bilər.

Bütün bunlar gözə alındıqda, Azərbaycanın Brüssel görüşünə razılıq verməsində qeyri-adi heç nə yoxdur. Əksinə, bu, bir tərəfdən ölkəmizin istənilən müstəvidə danışıqlar prosesinə açıq olduğunun, digər yandan isə bütün baş verənlərə rəğmən Qərblə normal sivil münasibətlərin qurulmasında maraqlı olmasının göstəricisidir. Digər yandan bu razılıq Qarabağda sülhməramlı qüvvələri olan və tez-tez öz missiyasına uyğun olmayan davranışlara yol verən Moskvaya da müəyyən siqnal kimi qəbul edilə bilər... Paşinyana gəldikdə isə, onun bütün cəhdlərinə rəğmən Ermənistanın bir nömrəli sahibi olan Moskvanın iradəsindən kənarda nəyəsə nail olmaq cəhdləri mənasız görünür. Onun görüşlə bağlı Moskvaya imtina, Brüsselə isə razılıq verməsi daha çox Rusiyadan getdikcə narazılığı artan daxili publikaya və Qərbə mesajlar verməyə, “siyasi xal qazanmağa” xidmət edir. Odur ki, Brüssel görüşündən hər hansı ciddi nəticənin hasil olacağı inandırıcı görünmür və Paşinyan hakimiyyəti hər nə qədər danışıqlar prosesini Qərbə daşımağa çalışsa da, yekun sənəddə Qərbin yox, Şimalın ağırlığının üstünlük təşkil edəcəyi qaçılmaz görünür...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Mən Azər 2021-11-22 21:15:48

Hər halda itirilmiş hüquqlarımız və Konstitusiyamıza uyğun bir neçə variant hazır layihə və təkliflərlə bəlkə də tarixi bu görüşə getmək lazımdır.

turan 2021-11-22 20:27:43

ilanın ağınada lənət, qarasınada

B.Qarabağlı 2021-11-22 17:36:35

Doğru mülahizədir. Ancaq, Avropanın ilkin dəyəri-xüsusilə də tarixi-doğulma və müqəddəs insan hüquqları meyarına gəldikdə bərpası illərlə mümkün görünməyən milyonlarla azərbaycanlı ailələrinə qarşı acıncaqlı Milis deportasiyası və vəhşi hərbi soyqırım terroru 33 illik cinayətin nəticələri göz önündədir! Sülh və Ədalət həmin acı reallıq üzərində qurulmalıdır! Mən mərhumiyyətə uğramış ölkənin vətəndaşı kimi utanır-sıxılıram! Bəs, "demokrat" N.Paşinyan və onu əhatə edənlər?

Son yazılar