Menu

Vəkil bəraət istədi, Eldəniz Quliyev son söz dedi

29.10.2014, 17:40
Vəkil bəraət istədi, Eldəniz Quliyev son söz dedi

Oktyabrın 29-da Nəsimi Rayon Məhkəməsində daxili işlər naziri general-polkovnik Ramil Usubovun Azərbaycan Ziyalılar Birliyinin sədri, müxalif Milli Şuranın üzvü, kinodramaturq Eldəniz Quliyevlə bağlı iddiası üzrə proses davam etdirilib.

Prosesdən sonra Eldəniz Quliyevin vəkili Elçin Sadıqov “Media forum” saytına deyib: “Proses boyunca hiss olunurdu ki, məhkəmə bu məsələdə müstəqil deyil. Çıxışımda Eldəniz Quliyevə bəraət verilməsini tələb etdim. Eldəniz Quliyev son söz dedi. Müşavirədən sonra məhkəmə bildirdi ki, qərarını oktyabrın 30-da elan edəcək.

Əvvəlki iclaslarda vəsatət qaldırmışdıq ki, cənab Ramil Usubov məhkəməyə çağırılsın və suallarımıza cavab versin. Ancaq məhkəmə vəsatətimizi təmin etmədi, proses ittihamçının iştirakı olmadan keçirildi”.

Ramil Usubov Eldəniz Quliyevə qarşı iddiasını Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırıb. İddiaya səbəb Eldəniz Quliyevin yol polisi barədə Ramil Usubova yazdığı müraciətdir. Eldəniz Quliyev “Feysbuk” şəbəkəsində yazdığı, “Moderator.az” saytında da dərc olunan həmin müraciətində bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini bildirib və naziri konkret addımlar atmağa səsləyib. Nəsimi Rayon Məhkəməsinin təyin etdiyi linqvistik ekspertiza Eldəniz Quliyevin yazdıqlarında təhqir məqamlarının olduğu barədə rəy verib. Oktyabrın 20-də keçirilən prosesdə Ramil Usubovun vəkili Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə Eldəniz Quliyevə üst-üstə 1 il həbs cəzası verilməsini istəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol