"Yəqin yaxın 10-12 gün ərzində mərhələli şəkildə müxtəlif sahələrdə çalışanların əmək haqlarının qalxması haqda cənab Prezident tərəfindən fərmanlar imzalanacaq. Dünən müəllimlərdən başlanılmaqla buna start verildi. Qeyd edildiyi kimi 20+ % artım təsirləri fevraldan sonra hiss edilməyə başlayacaq".
"AzPolitika.info" xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib. O, qeyd edib ki, "təsir" dedikdə artımların sosial vəziyyətə yan təsirlərini nəzərdə tutur: "Son 4-5 ayda müşahidə edilən inflyasiyanın ciddi artım templəri Mərkəzi Bankın uçot dərəcəsini artırması fonunda və "doymuş inflyasiya" effektinin nəticəsi olaraq nisbətən artım tempi azalıb. Lakin əmək haqlarının əksər sahələrdə qaldırılması fevraldan başlayaraq inflyasıyanın artım tempinə yenidən tətikləyici təsir göstərəcək. Gəlirlərin artması, iqtisadi aktivliyə öz təsirini göstərəcək, bu da istehlak səviyyəsinin, eləcə də qiymətlərin artımına səbəb olan ciddi faktor olacaq".
İqtisadçının sözlərinə görə, istehlak mallarında olan artım xidmət və digər sahələrdə də qiymət artımına gətirib çıxaracaq. "Məsələn, bərbər rəsmi əmək haqqı almadığı üçün özü öz xidmət haqqını 20% qaldırmaqla "sosial ədaləti"ni bərpa etməyə çalışacaq. Eləcə də əksər digər sahələrdə təxmini 20%-lik artımlar müşahidə ediləcək. Amma elə sahələr var ki, həmin sahələri fərman əhatə edə bilməz, ya da onlar özləri bərbərlər və ya dərzilər kimi öz əmək haqlarını dəyərləndirmək ixtiyarında olmurlar. Məhz maaş artımları zamanı yaranan iki əsas problemdən biri də budur", - ekspert vurğulayıb.

E.Əmirovun sözlərinə görə, ikinci və daha ciddi problem isə fevraldan başlayaraq sürətlənə biləcək inflyasiya tempi ola bilər: "Düzdür, gəlirlərin artması istehlak həcminin artmasına və qiymət artımına gətirib çıxaran təbii iqtisadi qanundur. Amma təcrübə onu göstərir ki, ölkəmizdə belə hallarda qiymətlər iqtisadi qanunauyğunluğun səbəb olduğundan daha çox artır. Bunun da əsas səbəbi inhisarçı subyektlərin "qiymət diktəetmə" texnologiyasıdır. Rəqabət Məcəlləsinin 15 ildir ki, müzakirə mərhələsində qalması və qanun kimi qəbul edilməməsi belə məqamlarda qiymətlərin daha kəskin artırılmasının əsas səbəblərindən biridir. Bu isə son nəticədə təkcə sadə vətəndaşa deyil, ölkənin iqtisadi inkişaf tempinə ən pis zərbələrdən birini vurur. Buna görə də fevralda artım dalğasının olmaması üçün vaxt itirmədən bu gündən başlayaraq, preventiv tədbirlərə başlanılmalıdır".
"AzPolitika.info"


Şərhlər
İqtisadçı sadəcə azad iqtisadi rəqabət qaydasının təsdiqini istəyib. Dünyanın hər yerindən zəruri ilə yanaşı yüz minlərlə çeşid zir-zibilin qarşısını yalnız və yalnız ikiqat təminat imkanına malik daxili iqtisadiyyat ödəyə bilər? On illərlə davam edən müharibə vəziyyəti belə bizi bu zərurətə sazlaya bimədisə, sonrakı strategiyada da belə ehtiyatlara inanmıram. Ən iri dövlətlər illərlə ABŞ dollarını öldürməyə çalışdılar? Nə qədər çox, yüksək rəqabətli məhsulumuz olsa manatımız da o qədər yüksələcək! Bu isə siyasi-iqtisadi bəyanat yox, çox ciddi texniki-texnoloji inkişaf problemidir!
Belə iqeisadçısı,eksperti olan haıda milləyin nə dərdi.Ay iqtisadçı,ekspert! Bir gözünü açıb ətrafa niyə baxmırsan.Market və bazarlaeda son iki-üç ayda qiymətlər 30-45 faiz artıb.dövlət qaz,su,elektrik,və digər xidmətləri 20-100 faiz bahalaşdırıb.Bunun önündə əhalinin işləyən kəsiminin maaşının 39 faiz artırılması hansı sosial vəziyyəti yüngülləşdirə bilər?İnflyasiya məsələsi qarışıq məsələ olduğundan,statistikamızın yanlış məlumatıarı iə milləti yatızdırmaq artlq mümkün deyil.insanlar yalnız gördüklərinə inanır.Ona görə Szin siciəməniz mənasız və boş bir əməldir.Dəqiq analiz verməyi bacarmaq lazımdır ki, millət buna inana bilsin.Boş və yalan məlumatlardan hamı bezib.ybç