Dekabrın 20-də Prezident İlham Əliyev "Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında" Fərmana dəyişiklik etdi. Bu məbləğ hər uşağa görə 55 manatdan 70 manata qaldırıldı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ölkədə beşdən çox uşağı olub sosial müavinət alan qadınların sayı 2500 nəfərə yaxındır, onların uşaqlarının sayı isə 10 mindir.
Əvvəl Azərbaycanda çoxuşaqlı analar üç və daha çox uşaqlı analar sayılırdı. Lakin bu il sentyabrın 27-də Nazirlər Kabineti "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nda dəyişiklik edərək beş və daha çox uşaqlı qadınları çoxuşaqlı analar kimi tanıyıb.
Bu ilin iyul ayının statistikasına görə, üç uşaqlı ailələrin sayı 261.9 min təşkil edir.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı "Turan"a bildirib ki, uşaqlara verilən müavinətlər həmişə gündəmdədir: "Analara uşaqpulunun verilməsi çox vacib məsələdir. Bugünkü durumda dövlətimiz resurslarından maksimum dərəcədə çalışır ki, əhalinin sosial rifahını yaxşılaşdırsın. Özünüz də son günlər möhtərəm prezidentin imzaladığı fərman və sərəncamlardan görürsünüz ki, elə bir növ müavinət, təqaüd yoxdur ki, əhalinin həssas sosial qrupları kimi əhatə edilməsin".
Deputat hesab edir ki, hazırda çox ağır və qısa zamanında həll olunmasını tələb edən problemlər var: "Biz müharibədən təzə çıxmışıq, 10 minlərlə şəhid ailələri və qazilərimiz var. Bura Birinci Qarabağ müharibəsinin iştirakçıları da aiddir. Onların hamısına avtomobillərdən tutmuş, evə, torpaq sahəsinə və müavinətlərə qədər verilir. On minlərlə müharibə iştirakçılarına da müavinətlər verilir.
M.İbrahimqızının vurğulamasına görə, bütün bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə sürətlə bərpa prosesləri gedir: "Digər tərəfdən isə, koronavirus pandemiyası ilə bağlı sahibkarlara və işsizlərə kompensasiya verilib. Lakin bütün bunlara baxmayaraq, dövlət maksimum çalışır ki, müavinət və təqaüdlər, əmək haqları qaldırılsın. Heç kəs deməz ki, bu artımlar kifayətdir, amma bu gün ayrılan sosial müavinətlər və təqaüdlər dövlətimizin resursları və gücü daxilindədir".
"AzPolitika.info"


Şərhlər
"...bu gün ayrılan sosial müavinətlər və təqaüdlər dövlətimizin resursları və gücü daxilindədir" Sözün bitdiyi yer!!
Ayibdiyeeee Vallahi ayib..... !!!
İclasarda tatan millət vəkillərinn maaşı kəsilib ehtiyac içində olan əlillərə.şəhid ailələrinə verissin.Bu daha insaflı və demokratik olar.Millət vəkili nə ağır iş görür ki,onlara 5000-6000--- maaş verilir?Halaldır?
Sənin kimilərin nəinki nəsə danışmağı görünməsi belə bu hakimiyyətə qarşı antitəbligat effekti verir. O səviyyənin sahibisən ki, elə güman edirsən ki, dediklərinə kimsə inanır. Heç olmasa görünmə, danışma, sus ki, insanlar qıcıqlanmasın....
Hər yerdə biz şitil, pələngik, güclüyük deyirsiz. Vətəndaşa sosial qaygıya gələndə niyə pişiyə dönürsüz?