Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda koronavirusla bağlı hazırkı situasiya ilə bağlı brifinq keçirib. Brifinqdə bildirilib ki, Azərbaycanda son sutkada 377 nəfər koronavirusa yoluxub. Ölkədə bu günə qədər 600 mindən çox yoluxma sayı olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bu məlumatı təqdim edərək bildirib ki, iki illik dönəmdə ən yüksək yoluxma 2020-ci ilin noyabr-dekabrda olub: “Bu son üç ayda yenə də noyabrda olub. 21 %-ə qədər olub. Yoluxma sayında hazırda ciddi azalma müşahidə olunur".

Y.Qarayeva deyib: "Azərbaycanda yoluxma sayında ciddi azalma müşahidə olunur. Bu ilin son ayının dörd həftəsində yoluxmalar arasında 59 %, ölüm sayında isə 39 % azalma müşahidə olunub. Ölkədə yenə də ən çox pozitiv nəticələr Bakı və Abşeronda qeydə alınıb. Bakıda da daha çox Xətai və Binəqədi rayonu ərazisində qeydə alınıb. Vəziyyəti stabil olaraq qiymətləndiririk, nəzarət altındadır".

Səhiyyə naziri əvəzi Teymur Musayev isə bildirib ki, bu günə qədər Azərbaycanda koronavirusun “Omikron” ştammı qeydə alınmayıb. Lakin qonşu ölkələrdə bu ştammın yayılması qeydə alınıb və onun sözlərinə görə, ştamm Azərbaycanda da qeydə alınsa bir sırda məhdudlaşdırıcı tədbirlər tətbiq etmək zərurəti yarana bilər.

"Koronavirusun müalicəsində istifadə olunacaq yeni dərman vasitələrinin Azərbaycana gətirilməsi nəzərdən keçiriləcək",-Teymur Musayev deyib.

Onun sözlərinə görə, yeni tətbiq olunacaq dərmanlar birinci fazaya aiddir: “Bu günə qədər ölkəyə bu istiqamətdə gətirilən dərmanlardan istifadə olunub. Vaksinasiya isə virusa qarşı inkar yox, dəstəkverici xarakter daşıyır”.

Brifinqdə prezidentinin köməkçisi –Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov da çıxış edib. Bildirib ki, Azərbaycanda aparılan effektiv vaksinasiya kampaniyası və görülən digər tədbirlər nəticəsində yoluxmaların sayında ciddi azalma müşahidə olunur. 

Amma “Omikron” ştammının yayılması ilə bağlı dünyada pandemik vəziyyət də dəyişməkdədir. Ş.Mövsümov bir sıra Avropa ölkələrində yoluxma hallarının necə kəskin artması barədə faktları sadalayıb, bildirib ki, bu ölkələr yoluxmaların kəskin artmasına görə yenidən məhdudlaşdırıcı tədbirlərə əl atıblar.

“Azərbaycanda COVID-19 pasportunun və immunitet sertifikatının müddətinə məhdudiyyət qoyulur” -deyə, Mövsümov bildirib.

Onun sözlərinə görə, gələn il fevralın 15-dən sonra COVID-19 pasportlarının müddəti 6 ay müəyyən ediləcək: "İkinci dozadan 6 ay sonra COVID-19 pasportu öz qüvvəsini itirmiş olacaq".

Ş.Mövsümov deyib ki, vaksinasiyanın yoluxmaların azaldılmasında effektivliyi artıq toplanan statistik məlumatlar əsasında sübuta yetirilib. Onun sözlərinə görə, Operativ Qərargahın bütün qərarları elmi tədqiqatlara əsaslanır. Bu baxımdan qərargah bundan sonra da əhali arasında vaksinin üçüncü-buster dozasının vurulmasının vacibliyini təbliğ edəcək. Mövsümov xatırladıb ki, 2 doza vaksin vurulması nəticəsində əldə edilən immunitet sertifikatının qüvvəsi 6 aydır və müddətin uzadılması üçün 3-cü doza vurulmalıdır. 3-cü dozanı isə 2-ci dozadan 5 ay sonra vurdurmaq olar.

“Azərbaycanda vaksinasiya uğurla aparılır. Son aylarda yoluxma sayları da aşağı doğru gedir. Amma digər ölkələrdə olan problemlərin Azərbaycanda da meydana gəlməsi mümkündür. Vəziyyəti nəzarətdə saxlamağın yeganə yolu vaksinasiyadır. Vaksinasiya 2 dozadan sonra kifayət qədər güclü qoruyucu qüvvəyə malikdir. Ancaq həmin tədqiqatlara görə vaksinin 2-ci dozasından 4 ay sonra immunitet zəifləyir və buster dozanın vurulması ciddi tövsiyə edilir. Bu proses Azərbaycanda da gedir. Bu prosesdə daha çox qoruyucu və ehtiyatlı yanaşmanı tətbiq etmək məqsədilə hazırda istifadə olunan COVİD pasportlarının vaxtına məhdudiyyət qoyulur. Fevral ayının 15-dən sonra COVİD pasportlarının müddəti 6 ay müəyyən edilir. İkinci dozadan 6 ay sonra COVİD pasportu öz qüvvəsini itirmiş olacaq. Vaxtı keçmiş COVİD pasportu ilə bəzi məkanlara daxil olmaq mümkün olmayacaq”,-Şahmar Mövsümov deyib.

“Ölkələr arasında qarşılıqlı vaksin pasportunun tanınması istiqamətində danışıqlar gedir” - detə, Ş. Mövxümov qeyd edib.

O bildirib ki, “Sinovac” vaksini sertifikatla təsdiq edilib və tətbiqi bir çox ölkələrdə aparılır: “Avropanı akkreditasiya ilə təmin edən səlahiyyətli qurum tərəfindən “Sinovac” vaksinin tətbiqinə icazə verilib. Bu gün bir çox ölkələrdə də bu vaksin tətbiq edilir və tanınır”.

 Şahmar Mövsümov deyib ki, “Omikron” “Delta” ştammına nisbətən dörd dəfə daha sürətlə yayılır və biz bunu başqa ölkələrdə müşahidə edirik: “Niderlandda milad bayramı ləğv edilib və yanvara qədər məhdudiyyətlər tətbiq ediləcək. Yunanıstanda da eynilikdə milad ləğv edilib və 60 yaşdan yuxarı şəxslərin vaksinasiyanın məcburi olması barədə qərar qəbul edilib. Portuqaliyada bütün bar və restoranlar bağlanıb, Çexiyada restoranlar yalnız saat 10-a qədər fəaliyyət göstərə bilər və s. İspaniyada hər yerdə, açıq və qapalı məkanlarda tibbi maska taxılması məcburidir. Almaniyada 10 nəfərdən çox toplaşmaq qadağandır, Avstraliyada isə artıq vəziyyət lokdaun səviyyəsinə çatıb.

Bütün bunları səsləndirməkdə məqsədim odur ki, vəziyyət gərgin olaraq qalır. Bu kimi ciddi məhdudiyyətlərin Azərbaycanda tətbiqinə ehtiyac yoxdur. Ölkəmizdə düzgün düşünülmüş vaksinasiya prosesi tətbiq edilir və biz özümüzü yaxşı qorumuşuq. Yoluxma sayında da azalma var. Lakin unutmamalıyıq ki, sadalanan vəziyyətin ölkəmizdə də müşahidə edilməsi mümkün ola bilər və buna görə də qaydalara düzgün riayət etmək önəmlidir”.