"İndi ən ciddi yaradıcılıq prosesləri məhz İTV-də gedir. Biz də bunu görür, qiymətləndiririk". Bunu “Report”a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, media eksperti Qulu Məhərrəmli deyib.
“Televiziyada onun formatına və fəlsəfəsinə uyğun diskussiya proqramları maraqla qarşılanır. İctimai TV-də son illər ciddi axtarışlar hiss olunur. Maraqlı yaradıcılıq formatları rəğbətlə qarşılanır. Məsələn, “Diqqət mərkəzi”, “Sabaha saxlamayaq” kimi verilişlər qısa zamanda ciddi populyarlıq qazanıb. Əlbəttə, İTV-dən gözləntilərimiz daha çoxdur. Müsəllim Həsənovun apardığı “XXI əsr” verilişi Azərbaycan teleməkanında ən uğurlu layihələrdən biridir. Belə verilişlərin sayının çox olmasını istərdik. Eyni zamanda İTV-nin xəbər proqramının güclənməsi, diskussiyaların artması da arzumuzdur. Plüralizmə daha çox yer verilməsi, əks fikirlərin TV proqramlarda ifadəsi çox mühümdür. Əlbəttə, hazırkı reallığı nəzərə aldığımıza görə bunun çətinliklərini də anlayırıq”, - o bildirib.
Qulu Məhərrəmli
“Ədalət” qəzetinin təsisçisi, Milli Məclisin deputatı Aqil Abbas isə özünün tez-tez müxtəlif kanallarda çıxış etdiyinə görə teleməkana müəyyən mənada bələd olduğunu vurğulayıb: "Yəni təkcə tamaşaçı kimi yox, həm də mühiti, kollektivi görən adam kimi İTV-nin fəaliyyətini müsbət dəyərləndirirəm. İTV-nin yaxşı, cəlbedici verilişləri var. Maraqla izləyirəm. Kanal rəhbərliyinə, kollektivə uğurlar arzulayıram".
“Şərq” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı da İTV-nin ünvanına səslənən fikirlərə münasibət bildirib: “Deputat Fazil Qəzənfəroğlu İTV ilə bağlı müəyyən tənqidlər sadalayıb. Lakin, məncə, İTV daha az tənqidə layiqdir. Kanalın son illərdəki fəaliyyəti bunu sübut edir. İTV dünya standartlarına uyğun olaraq abunəçilərin vəsaiti hesabına maliyyələşməlidir. Bizdə isə dövlət də bu kanala maliyyə vəsaiti ayırır. Bu gün İTV əvvəlki illərə nisbətən daha balanslıdır”.
Tanınmış aparıcı Turan İbrahimovun fikrincə, hazırda İctimai TV-nin yaradıcılıq və informasiya siyasəti doğrudur: “Efirini estetik baxımdan möhtəşəm qurub. Məzmun baxımından da yaxşıdı. Ən əsası odur ki, İTV-yə baxanda adamın özünə və mənsub olduğu cəmiyyətə hörməti artır, utanmır, natamamlıq travması almır”.
O, İTV-də yeganə saydığı problemə diqqət çəkib: “İTV-nin bircə problemi var. O problemin də səbəbi qətiyyən özü deyil. İçində bu gün onu tənqid edən deputatların da olduğu riyakar insanların toplusudu. O toplum ki, danışanda yüksək dəyərlərdən, səviyyədən danışır, seçimə gələndə isə tam əksini edir…”
Qeyd edək ki, Milli Məclisin dekabrın 30-da keçirilən iclasında deputatlar Fazil Mustafa, Siyavuş Novruzov və Fəzail Ağamalı İTV-nin fəaliyyətindən narazılıqlarını bildiriblər, televiziyanı parlamentin fəaliyyətini işıqlandırmamaqda ittiham ediblər.


Şərhlər
aZƏRBAYCANDA TELEVİZİYALAR ZƏİF.SÜJETİ MƏLİM OMAYAN, DÜŞÜK PROQRAMLARLA ZƏNGİNDR.iNSANLAR EKRANA BURAXLAN zAURLAR,eLGİZ.xOŞQƏDƏMLƏRİN SİFƏTLƏRİNDƏN VƏ ONLARIN MİLLİ MENTALİTETƏ YARAŞMAYAN VERİLİŞLƏRİNDƏN BEZİB VƏ 12-15 PROQRAMDA BAXIMLI VERİLİŞ TAPA BİLMİR.yERLİ-YERSİZ,VERİLİŞLƏRDƏN ARTIQ ZAMAN İTƏN REKLAMLAR İSƏ TAM ƏSƏB YARADIR VƏ TELEVİZİYALARI BAXIMSIZ EDİR.əGƏR REKLAM TELEVİZİYAYA LAZIMSA O ZAMAN HR GÜN 30 DƏQİQƏ,1 SAAT MÜƏYYƏN VAXT AYIRB REKLAM VERSİNLR.pROQRAMLAR İSƏ HƏR SƏVİYYƏLİ VƏTƏNDAŞLARAUYĞUN OLMALIDIR.E
Əlbəttə,hər kəs öz səviyyəsinə uyğun olaraq fikir söyləyir.Ancaq,hər bir mətbuat orqanının əsas göstəricisi onun milliyi olmalıdır.Milli kökə və təəssübkeşliyə söykənməyən mətbuat orqanı sovetlər dövründəki kimi dəmdəməki olur.