ŞƏHİD GENERALIN XATİRƏSİ YAD EDİLDİ - Milli Qəhrəmanımızın 47 yaşı tamam oldu + FOTOLAR

Müdafiə Nazirliyinin bir qrup zabiti, Vətən müharibəsinin iştirakçıları, ictimaiyyətin nümayəndələri, eləcə də Milli Qəhrəmanın ailə üzvləri Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günündə onun məzarını ziyarət ediblər.

Bu barədə "Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir.

General-mayor P. Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailələri ilə birgə Sumqayıt şəhərinə köçdüyündən Sumqayıt şəhər 28 və 34 nömrəli məktəblərdə orta təhsil alıb. Sonra o, taleyini hərbçilik peşəsinə bağlamaq üçün indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və bu xüsusi təyinatlı təhsil ocağını müvəffəqiyyətlə bitirib.

Taqım komandirliyindən “general-mayor” ali hərbi rütbəsinədək yüksələn P.Həşimov, cəbhə bölgələrində xidmət edərək qarşıya qoyulmuş əmr və tapşırıqların layiqincə yerinə yetirilməsi üçün səy göstərib.

2016-cı ilin Aprel döyüşləri zamanı ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusu qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 20 aprel 2016-cı il tarixli müvafiq sərəncamına əsasən P.Həşimov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

2019-cu il iyunun 24-də Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilib.

P.Həşimov 14 iyul 2020-ci il tarixdə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Anım mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhidin ailəsinə başsağlığı verilib, məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.

***

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.

Milli Qəhrəmanın dünyaya gəlməsindən 47 il ötür.

P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.

General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Onun şəhid olması xəbərini ictimaiyyətə Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyevlə yanaşı dəfn olunub.

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Altı il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb.

P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən hərbi əməliyyatlar zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Ötən ildən Bakı şəhərinin küçələrindən biri Azərbaycanın Milli Qəhrəmanının adını daşıyır.

P.Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adının verildiyi yeni park salınıb.

P.Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.

635x100

Şərhlər

Veten dashi 2022-01-05 12:35:01

Ruhu şad olsun!GENERALIN şəhadəti gənclərimizin müharibə öncəsi səfərbər olunmasıına ,milli ruhun yüksəlişinə səbəb oldu.Şəhadəti ilə hər kəsə bir örnək oldu CƏNAB GENERAL Sizi bu millət hər zaman məhəbbətlə anacaq...

Qoca 2022-01-03 20:56:03

Rəhmətlik təmiz insan olub ona görə də öldürdülər. Bu məmləkətdə gərək Nəcməddin kimi satqın məmurlar kimi oğru talançı olasan ki sənə iş verələr imkan verələr yaşamağa. Düz adamlar ya türmədə ya acından ölür ya da Polad Həşimov kimi öldürürlər.

JJ 2022-01-02 13:26:57

Allah Qardashimiza Rehmet Elesin!

RT 2022-01-02 12:47:05

Allah rehmet elesin , qebri nurla dolsun !!!! Bu ishde eli olanlarin Allah belasin versin !!

Vətəndaş 2022-01-02 11:40:11

Allah rəhmət eləsin böyük qəhrəmanımıza,böyük Generalımıza. Polad Həşimov Azərbaycan millətinin 21-ci əsrdə qəhrəmanlıq simvoludur. Biz millət Polad Həşimov kimi qəhrəmanlarımızı,şəhidlərimizi heç vaxt yaddan çıxarmayaq! Unutmayaq!!!!!

Anar Əhmədov 2022-01-02 11:22:03

Allah şəhid generalımız Polad Həşimova və onun timsalında bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun! Amin!

Son yazılar