Azərbaycanda dövlət ümumi təhsil müəssisələrinin adambaşına maliyyələşdirilməsi qaydaları və hər bir təhsilalana düşən illik təhsil xərclərinin baza məbləğləri müəyyənləşdirilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, adambaşına maliyyələşdirmə prinsipi tətbiq edilən dövlət ümumi təhsil müəssisələrində hər bir şagirdə düşən illik təhsil xərcləri məktəbin növünə uyğun olaraq müəyyən edilib.
Belə ki, tam orta ümumtəhsil məktəblərində hər bir təhsilalana düşən illik xərc 2000 manat, lisey və gimnaziyalarda 2200 manat, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində 2500 manat, internat tipli lisey və gimnaziyalarda isə 3000 manat təşkil edəcək.
Qeyd edək ki, müəyyən edilən məbləğlər baza göstəriciləridir. Təhsil müəssisələrinə ayrılan vəsaitin hesablanması zamanı ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalları da tətbiq edilir. Qərar 2026-cı il sentyabrın 15-dən qüvvəyə minib.
Məsələ ilə bağlı “AzPolitika”ya danışan təhsil eksperti Əmrah Həsənli bildirib ki, bu qərar ümumi təhsilin idarə edilməsində adambaşına maliyyələşdirmə modelinə keçidin hüquqi və maliyyə çərçivəsini müəyyənləşdirir.
Ekspertin sözlərinə görə, yeni yanaşmanın əsas mahiyyəti dövlətin məktəblərə yalnız bina və ya ümumi təsərrüfat obyekti kimi yanaşmaması, maliyyə resurslarını real şagird sayına və təhsilalanların ehtiyaclarına uyğun müəyyənləşdirməsidir.
“Bu qərar, əslində, ümumi təhsilin idarə olunmasında adambaşına maliyyələşdirmə modelinə keçidin hüquqi və maliyyə çərçivəsidir. Qərarın əsas mahiyyəti ondan ibarətdir ki, dövlət artıq məktəbə sadəcə bina və ya ümumi təsərrüfat obyekti kimi deyil, oradakı real şagird sayına və təhsilalanların ehtiyaclarına uyğun maliyyə resursları ayırır. Müəyyən edilən 2000–3000 manatlıq baza məbləğləri şagirdlərin təlim-tərbiyəsinə, rəqəmsal resurslara, laboratoriya təminatına, tədris materiallarına, dərsliklərin alınmasına və binanın saxlanılması ilə bağlı kommunal xərclərə yönəldilən maliyyə normasıdır. İnternat tipli məktəblərdə isə uşaqların qidalanması və yataqxana təminatı da bu xərclərə daxildir”, – deyə ekspert bildirib.

Ə. Həsənlinin sözlərinə görə, hesablama zamanı sadəcə şagird sayını müəyyən məbləğə vurmaqla kifayətlənmirlər: “Təhsilin səviyyələri, sinif pillələri və tədris proqramının mürəkkəbliyi nəzərə alınaraq xüsusi artım əmsalları tətbiq olunur. Bu modelin təhsilin keyfiyyətinə təsirinə gəldikdə isə, o, məktəb rəhbərliyini daha çevik, məsuliyyətli və nəticəyönümlü idarəetməyə sövq edir. Şagird sayına əsaslanan maliyyələşdirmə məktəblər arasında sağlam rəqabət mühiti yarada bilər. Çünki təhsilin keyfiyyəti yüksək olan, valideyn və şagird məmnuniyyətini qazanan məktəbdə şagird kontingenti artdıqca, onun maliyyə resursları da genişlənəcək”.
“Lakin reallığı da düzgün qiymətləndirmək lazımdır. Məktəblərin fəaliyyətini davam etdirməsi üçün müəyyən edilmiş baza məbləğləri kifayət edə bilər. Ancaq tammiqyaslı rəqəmsallaşma, müasir elmi laboratoriyaların qurulması və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün bu məbləğlər gələcəkdə inflyasiya və bazar şərtləri nəzərə alınmaqla mütəmadi artırılmalıdır. Ən vacib məqam isə ayrılan resursların məktəb daxilində təyinatı üzrə və tam şəffaf şəkildə xərclənməsidir. Vəsaitlərin məhz şagirdlərin inkişafına xidmət etməsini təmin etmək üçün effektiv nəzarət mexanizmi qurulmalıdır”, – deyə Əmrah Həsənli bildirib.
E. Bəyməmmədli
“AzPolitika.info”


Şərhlər