Azərbaycanda baza ssenarisi üzrə illik inflyasiyanın həm 2026-cı ildə, həm də 2027-ci ildə isə 5,9 % olacağı gözlənilir.
"AzPolitika" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
"Baza ssenari üzrə proqnozlar dövlət tərəfindən tənzimlənən qiymət və tariflərin sabit qalmasını nəzərdə tutur", - deyə AMB bəyan edib.
Bundan əvvəl qurum illik inflyasiyanın 2026-cı ildə 6,1 %, 2027-ci ildə isə 5,8 % olacağını bəyan etmişdi.
"İllik inflyasiya hədəf diapazonu (4±2%) daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin sentyabrında 12 aylıq inflyasiya 5,5% təşkil edib ki, bu da avqustdakı analoji göstəriciyə nəzərən 0,2 faiz bəndi aşağıdır. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 %, ödənişli xidmətlər üzrə 5,1 %, qeyri-qida məhsulları üzrə isə 3,6 % olub. İllik baza inflyasiya 4,9 % təşkil edib.
İnflyasiya üzrə risklər əsasən beynəlxalq mühitlə bağlıdır. Qlobal geosiyasi qeyri-müəyyənlik fonunda enerji və ərzaq qiymətlərinin artması, eləcə də bu artımın əsas ticarət tərəfdaşları vasitəsilə daxili qiymətlərə ötürülməsi riski əhəmiyyətli olaraq qalır. Bu ötürülmənin dərəcəsi, digər amillərlə yanaşı, manatın nominal effektiv məzənnəsinin dinamikasından asılı olacaq. Növbəti dövrdə AMB-nin inflyasiya proqnozları əsasən bu risklərin reallaşma miqyasından asılı olaraq yenilənəcək. Mövcud fiskal və pul siyasəti şəraitində daxili tələbin inflyasiya təzyiqlərini əhəmiyyətli dərəcədə artıracağı gözlənilmir", - deyə AMB bəyan edib.


Şərhlər