Menu

Neft zavodlarının əvəzinə kimya zavodları - Ukrayna Rusiyaya zərbələrin hədəflərini dəyişir

29.10.2026, 11:06
Neft zavodlarının əvəzinə kimya zavodları - Ukrayna Rusiyaya zərbələrin hədəflərini dəyişir

ABŞ administrasiyasının Ukraynanı Rusiya neft emalı zavodlarına zərbələrə görə ittiham etməsindən və bununla bağlı məlum təzyiqlərindən sonra Ukraynanın Rusiyadakı hədəflərini dəyişməyə başladığı müşahidə olunur.

Ötən gecə Ukrayna dronları Başqırdıstanın Sterlitamak şəhərinə hücum edib. Rusiya mediasının məlumatına görə, hədəf Başqırdıstan Soda Şirkəti (BSC) zavodu olub. Zavodun ərazisni tüstü bürüyüb və hava hücumundan müdafiə sistemləri işə düşüb.

Hələlik zavoda dəyən ziyan və itkilər barədə rəsmi məlumat verilməyib. Lakin Ufa şəhərindəki hava limanında təyyarələrin enişi və uçuşu məhdudlaşdırılıb.

Başqırdıstan Soda Şirkəti ASC Rusiyanın ən böyük kimya komplekslərindən biridir və ölkədə soda külü və çörək sodası istehsalında birinci yerdədir. Şirkət böyük kimya holdinq şirkəti Roskhim ASC-nin bir hissəsidir. O, 2013-cü ilin may ayında iki böyük sovet müəssisəsinin - Soda ASC və Kaustik ASC-nin birləşməsi yolu ilə yaradılıb. Şirkət Rusiya Sənaye və Ticarət Nazirliyinin müdafiə müəssisələrinin qapalı reyestrinə daxil edilib. O, müdafiə sənayesi də daxil olmaqla, müxtəlif sənaye sahələrinə məhsullar tədarük edir, xlorid turşusu və dixloretan istehsal edir. Müəssisə tereftaloil xloridinin yeganə Rusiya istehsalçısıdır. Bu çox vacib kimyəvi birləşmə sintetik ballistik saplar, yüksək möhkəmlikli polimerlər və aramid materialları yaratmaq üçün istifadə olunur. Ondan müasir güllə keçirməyən jiletlər, dəbilqələr, hərbi nəqliyyat vasitələri və təyyarələr üçün zirehli mühafizə elementləri istehsal etmək üçün istifadə olunur.

Müəssisə daha əvvəl 27 avqustda hücuma məruz qalmışdı.

Bundan bir gün öncə isə Ukrayna Rusiyanın Tula vilayətinin Novomoskovsk şəhərində yerləşən “Azot” kimya zavoduna PUA-larla hücum edib. Həmçinin, elə həmin gün Novolipetsk Metallurgiya Kombinatı (NLMK) vurulub. Bu, Rusiyanın ən böyük metallurgiya zavodudur və dünyanın ən böyük 20 polad zavodundan biridir. Onun ildə 17 milyon ton polad istehsal etmək gücü var.

Bütün bunlar göstərir ki, neft emalı zavodlarına hücumları ola bilsin müvəqqəti dayandırmağa məcbur olan Ukrayna Rusiyanın kimya və metallurgiya sənayesini vurmağı hədəfləyib. Bu, neft sənayesi qədər olmasa da, hər halda Rusiya üçün ağrılı zərbədir. Məsələ ondadır ki, kimya zavodları neft emalı zavodlarından fərqli olaraq, daha unikaldırlar. Elə kimya zavodları var ki, Rusiyada hərbi sənaye üçün lazım olan bir sıra məhsullar yalnız onlarda istehsal olunur. Belə zavodların sayı çox deyil və bir müəssisənin dayanması bütünlükdə hərbi sənayeni konkret məhsullardan məhrum edə bilir.

Bununla yanaşı, Ukrayna xüsusilə də Rusiya paytaxtının hava nəqliyyatını iflic etməkdə davam edir. Moskva meri Sergey Sobyanin bildirib ki, hava hücumundan müdafiə qüvvələri ötən gecə Moskvaya “üz tutan” daha 17 pilotsuz təyyarəni vurub. Ümumilikdə, Moskvaya yaxınlaşarkən təxminən bir saat ərzində 47 PUA "məhv edilib".

Rosaviasiyanın məlumatına görə, Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanları bütün gələn və gedən uçuşları Moskva vaxtı ilə saat 23:50-dən (Bakı vaxtı ilə saat 00:50) dayandırıb. Bu mənzərə artıq bir aya yaxındır ki, müşahidə edilməkdədir.

Bütün bunlar o deməkdir ki, Rusiyanın Ukraynaya endirdiyi ağır zərbələrə eyni gücdə olmasa belə, cavab verilir və bu güc getdikcə artır. Bu isə qarşılıqlı dağıntı, ziyan, insan itkisindən başqa heç bir effekt vermir və tərəflərin danışıqlardakı mövqeyinə ciddi təsir göstərmir. Ancaq belə görünür ki, müharibə davam etdikcə, tərəflər bir-birinə daha ağır zərbələr endirməkdə davam edəcəklər. Bunun ən böyük ziyanını isə mülki infrastruktur və əhali görəcək...

E.Qüdrətoğlu

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol