Azərbaycan Turizm Bürosu Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) ilə əməkdaşlığı genişləndirir. Qurumun 75 illik yubileyi çərçivəsində tərəflər arasında dörd əsas istiqaməti əhatə edən Anlaşma Memorandumu imzalanıb.
"AzPolitika" xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Senqstşmid Yaponiya və Koreya Respublikasının Azərbaycan üçün böyük turizm potensialına malik hədəf bazarlar olduğunu bildirib. O qeyd edib ki, ölkəmizə gələn xarici qonaqlar üçün Bakı ilə yanaşı regionların da təşviqi xüsusi əhəmiyyət kəsb edir.
Floryan Senqstşmid son günlər təşkil olunan tanışlıq turları çərçivəsində xarici qonaqların Şamaxı, Qəbələ və qədim İpək Yolunun üzərində yerləşən, YUNESKO-nun İrs Siyahısına daxil edilmiş Şəki marşrutu ilə yaxından tanış olduqlarını diqqətə çatdırıb.
İmzalanan Anlaşma Memorandumu dörd əsas əməkdaşlıq istiqamətini müəyyən edir:
Regional təşviq: Asiya-Sakit Okean regionunda Azərbaycanın turizm brendinin və profilinin gücləndirilməsi.
B2B əlaqələr: Turizm sənayesi nümayəndələri üçün B2B formatlı tədbirlərin və tanışlıq turlarının (FAM trips) təşkili.
Media əməkdaşlığı: Regionun aparıcı media qurumları ilə sıx tərəfdaşlığın qurulması.
Analitik mübadilə: Marketinq təhlilləri, bazar meylləri və təcrübə mübadiləsinin aparılması.
Florian Senqstşmid PATA-nın 75 illik yubileyi münasibətilə təbriklərini çatdıraraq, bu əlamətdar ilin bir səhifəsinin Azərbaycanda yazılmasından qürur duyduqlarını vurğulayıb.


Şərhlər