Menu

Bakıda “PATA Hosted Buyers Summit 2026” başladı: 6 Asiya ölkəsindən 50-dən çox turizm nümayəndəsi qatılıb

29.10.2026, 10:15
Bakıda “PATA Hosted Buyers Summit 2026” başladı: 6 Asiya ölkəsindən 50-dən çox turizm nümayəndəsi qatılıb

Bakıda Dövlət Turizm Agentliyi və Asiya-Sakit Okean Səyahət Assosiasiyasının (PATA) birgə təşkilatçılığı ilə “PATA Hosted Buyers Summit 2026” beynəlxalq turizm sammiti işinə başlayıb.

"AzPolitika" xəbər verir ki, tədbirin açılışında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev PATA-nın Sədri cənab Henri Oh başda olmaqla beynəlxalq turizm ictimaiyyətinin nümayəndələrini və xarici tərəfdaşları salamlayıb. Fuad Nağıyev bildirib ki, bu mühüm sammitin Bakıda təşkil olunması Azərbaycanın Asiya-Sakit Okean regionu ilə daha sıx əlaqələr qurmaq əzmində və strateji görünüşündə olduğunu bir daha sübut edir.

6 ölkədən 50-dən çox beynəlxalq alıcı Bakıdadır

Agentlik sədrinin sözlərinə görə, Asiya-Sakit Okean regionu hazırda turizm sahəsində ən dinamik və sürətlə inkişaf edən bazarlardan biridir. Bu baxımdan sammit çərçivəsində Çin, Malayziya, İndoneziya, Sinqapur, Yaponiya və Koreya Respublikasından 50-dən çox aparıcı turizm nümayəndəsi Bakıya gəlib. Tədbir beynəlxalq alıcılar ilə yerli turizm sənayesi nümayəndələri arasında birbaşa işgüzar (B2B) əlaqələrin qurulması və ölkənin turizm potensialının nümayişi üçün əvəzolunmaz platformadır.

PATA ilə 7 illik uğurlu tərəfdaşlıq və Pekin nümayəndəliyi

Fuad Nağıyev vurğulayıb ki, Azərbaycanın 2019-cu ildə PATA-ya üzv olmasından bəri Dövlət Turizm Agentliyi qurumla fəal əməkdaşlıq edir. Azərbaycan nümayəndə heyətləri Makao, İstanbul və Cənubi Koreyada keçirilən PATA illik sammitlərində, həmçinin Banqkok və Kuçinq şəhərlərindəki “PATA Travel Mart” sərgilərində vahid milli stend altında təmsil olunublar.

Bundan əlavə, bu il də ITB China, Indonesia Travel Expo, Kuala-Lumpurda WITEX kimi beynəlxalq sərgilərdə və Asiyanın aparıcı ölkələrində rod-şoularda (roadshow) fəal iştirak davam etdirilir. Agentlik sədri xüsusilə qeyd edib ki, Pekində rəsmi nümayəndəliyin açılması Azərbaycanı bu bazarlara daha da yaxınlaşdıran və tərəfdaşlarla uzunmüddətli əlaqələr quran mühüm addımdır.

Çıxışının sonunda Fuad Nağıyev qonaqlara sammitin işində uğurlar arzulayaraq, onların rəsmi hissədən əlavə Azərbaycanın qonaqpərvərliyindən zövq alacaqlarına və ölkəmizdən xoş təəssüratlarla ayrılacaqlarına ümidvar olduğunu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol