Menu

Kupçasız torpaqda ev tikmək istəyənlərə XƏBƏRDARLIQ

27.10.2026, 17:31
Kupçasız torpaqda ev tikmək istəyənlərə XƏBƏRDARLIQ

Azərbaycanda torpaq sahəsi olan, lakin onun çıxarışını ala bilməyən vətəndaşlar müxtəlif çətinliklərlə üzləşirlər. Sənədləşmə problemi torpaq üzərində ev tikintisinə, əmlakın satılmasına və mülkiyyət hüququnun rəsmiləşdirilməsinə maneə yarada bilər. 

Bəs torpaq sahəsinin çıxarışı yoxdursa, onu qanuni yolla necə əldə etmək mümkündür? Hansı sənədlər tələb olunur və belə torpaqların rəsmiləşdirilməsi hansı hallarda mümkündür?

Mövzunu "Azpolitika"ya şərh edən vəkil Roman Qaraşov bildirib ki,

“Kupça” deyilən sənədin hüquqi adı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdır:

"Yəni torpaq sahəsinə “kupça almaq” dedikdə, əslində həmin torpaq üzərində mülkiyyət və ya digər əşya hüququnun dövlət qeydiyyatına alınması nəzərdə tutulur. Əgər torpağın çıxarışı yoxdursa, ilk növbədə həmin sahəyə hüququn hansı əsasla yarandığı müəyyən edilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8 və 10-cu maddələrinə əsasən, dövlət qeydiyyatı üçün hüquqmüəyyənedici sənəd və torpağın plan-ölçüsü tələb olunur. Belə sənəd alqı-satqı müqaviləsi, dövlət aktı, qanuni əsasla verilmiş bələdiyyə qərarı və müqaviləsi, vərəsəlik sənədi, məhkəmə qərarı və ya qanunla tanınan digər sənəd ola bilər. Bu sənədlər mövcuddursa, torpağın hüquqi statusu, sərhədləri və təyinatı yoxlanılır və hüquq dövlət reyestrində qeydiyyata alındıqdan sonra çıxarış verilir".

Vəkilin sözlərinə görə, əgər torpaq sahəsinə dair ümumiyyətlə hüquqmüəyyənedici sənəd yoxdursa, sadəcə həmin torpaqdan uzun müddət istifadə etmək və ya faktiki sahiblik çıxarış almaq üçün kifayət etmir:

"Bu halda əvvəlcə torpağın dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olması, sahənin təyinatı və şəxsin həmin torpağa hüququnun hansı sənədlə və ya hüquqi faktla yarandığı araşdırılmalıdır. Bəzi hallarda köhnə arxiv sənədləri, təsərrüfatbaşına kitabdan çıxarışlar, əvvəlki torpaqayırma sənədləri və digər sübutlar hüququn tanınmasına əsas verə bilər. Hüquq sənədlə təsdiqlənmirsə, məsələ konkret haldan asılı olaraq aidiyyəti dövlət və ya bələdiyyə orqanında, yaxud məhkəmədə hüququn tanınması tələbi ilə həll edilə bilər. Torpağın hüquqi statusu rəsmiləşdirilmədən tikinti aparmaq isə sonradan həm torpaq sahəsinin, həm də həmin tikilinin dövlət qeydiyyatına alınmasını ciddi şəkildə çətinləşdirə bilər".

Günəş Fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol