AZƏRBAYCANDA UN VƏ ÇÖRƏYİN MAKSİMAL QİYMƏTİ MÜƏYYƏNLƏŞDİ - Qiymətlər

Son dövrdə dünyada baş verən iqtisadi proseslərin və COVID-19 pandemiyasının təsirləri, 2021-ci il ərzində dünya bazarlarında ərzaqlıq buğdaya tələbin artması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə həyata keçirdiyi müxtəlif proteksionist tədbirlər fonunda ərzaqlıq buğdanın qiyməti kəskin artıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, əlavə olaraq, ən böyük ərzaqlıq buğda istehsalçılarından biri və Azərbaycana ixrac edilən buğdanın əsas mənbə ölkəsi olan Rusiya Federasiyasının 2021-ci ilin fevral ayından yüksək ixrac rüsumları tətbiq etməsi səbəbindən ölkəyə idxal olunan ərzaqlıq buğdanın qiymətində 2019-cu il ilə müqayisədə təxminən 58% artım baş verib.

Vurğulamaq vacibdir ki, Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. 2021-ci il ərzində ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədi ilə hökumət tərəfindən ayrılmış böyük həcmdə subsidiyalar hesabına buğda və unun qiymətlərinin real qiymətlərdən aşağı saxlanılması təmin olunub.

Təbii olaraq, subsidiyalar hesabına bu qiymətlərin uzunmüddətli dövrdə liberal iqtisadi tələblərə zidd olaraq qeyri-real səviyyədə saxlanılması mümkün deyildir.

Nəticədə cari ilin əvvəlindən etibarən ərzaqlıq buğda tədarükü və un istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən unun qiyməti ərzaqlıq buğdanın hazırkı idxal qiymətinə uyğunlaşdırılmışdır. Satış bazarında qiymət manipulasiyalarına yol verilməməsi məqsədi ilə preventiv tədbir olaraq, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bir sıra iri ərzaqlıq buğda idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə müzakirələr aparmış və prosesin nəzarətdə saxlanılması təmin edilib.

Belə ki, idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, hazırda bu məhsula real qiymət formalaşıb, un və çörək istehsalçıları ilə qiymətin maksimal yuxarı həddi müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 65 qəpik.

Dövlət Xidməti qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərini davam etdirir. İlk günlərin monitorinqlərinin nəticələrinə əsasən, unun topdansatış qiyməti 35,4-35,9 manat arasında dəyişir.

Hazırda Dövlət Xidməti un istehsalçılarının topdansatış mərkəzləri və məntəqələri, iş vaxtları və topdansatış qiymətlərinə dair mütəmadi şəkildə yenilənəcək məlumat bazası hazırlayır və bu gün ərzində ictimaiyyətə açıqlanacaq.

İstehlakçılar un və çörək bazarında qiymət manipulasiyası halları ilə rastlaşdıqda, həmçinin əlaqəli məlumat almaq məqsədi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər: əlaqə telefonu: (+99412)-599-76-00

635x100

Şərhlər

Афиг 2022-01-06 22:01:40

niyə əhalinin gündəlik istifadə etdiyi ərzaqlar üzərində dövlət nəzarəti yoxdur,niyə aztəminatlı ailələrə komunal xərclərdə güzəştlər yoxdur,bəyəm hamı eyni miqdarda gəlir əldə edir ki,eyni miqdarda da ödəniş edə bilsin?

Azərbaycanlı 2022-01-06 21:41:57

Çörək əsas kasıb əhaliyə vacib olan ərzaqdır. Çörəyi dənə ilə yox çəki ilə millətə satmaq lazımdır

Kasıb 2022-01-06 20:12:43

ÇÖRƏYİN QİYMƏTİ QALXIB VƏ EYNİ ZAMANDA ZAVOD ÇÖRƏYİ KİÇİLDİLİB BULKAYA DÖNDƏRİLİB....

Akif 2022-01-06 17:11:37

Hörmətli redaksiya, bu məqalədə Antiinhisar və İstehlak Bazarına nəzarət Xidmətinin verdiyi məlumat tam yalandır. Şəxsən mən bu gün 500 qr adı ilə satılan dairəvi çörəyin ARAZ Supermarketində (S.Vurğun küçəsi, Əlövsət Quliyev küçəsinin tini) 65 qəpiyə satıldığının şahidi oldum. Əslində həmin çörəyin çəkisi 500 yox, 470 qramdır. Bundan əlavə məqalənin sonun göstərilən +9912-599-76--00 nömrəli telefona bir neçə dəfə zəng etdim, amma dəstəyi götürən olmadı...

Fizuli 2022-01-06 16:38:08

Böyül miqdarda subsidiyanın həcmi niyə açıqlanmır? Məlumdur ki.1 kg undan 3-4 ədəd dairəvi çörək istehsal olunur ki, bunun da hər biri 50 qğpikdir.Bu zaman unun 1 kgından 2 manat əldə olunurda və bu 1.15 dollar,ton hesabında 1150 dollar təşkil edirsə bu zaman subsidiyaya nə ehtiyac qalır?Niyə bizib "qğıllı" iqtisadçılar bu sadə hesabı unudub.milləti borclu çıxarmağa cəhd edirlər?Ölkə iqtisadiyyatı ağıllı,təcrübəli iqtisadçılar tərəfibdən yönləndirilməlidir...

RAHİM 2022-01-06 14:36:36

BİZNESMEN deputatların gözü aydın OLSUN. 2022 - ci il Onların İLİ oldu. Daha da başlayacaqlar. Budurmu Sosial yönümlü büdcə?

Akif 2022-01-06 13:33:49

Nə üçün Gilan Xoldingin istehsal etdiyi 400 qr. çörəyin qiyməti keçən ilin oktyabr ayından 75 qəpiyə və digər çörəklər də 70-80 və hətta 1-00 satılır.

Son yazılar