Menu

Qazaxıstan 4 gündür internetsizdir - "Daha o rəqəmsal ölkə olmayacaq..."

08.01.2022, 18:29
Qazaxıstan 4 gündür internetsizdir - "Daha o rəqəmsal ölkə olmayacaq..."

Artıq 4-cü gündür ki, Qazaxıstan interneti bütün ölkə üzrə qapadılıb. Qlobal şəbəkənin monitorinqini aparan Britaniyanın NetBlocks qurumu bununla bağlı tez-tez açıqlamalar verir.

NetBlocks hesabatlarından görsənir ki, yalnız Prezident Tokayevin çıxışları və rəsmi xəbərlər üçün qısa müddətlik internetin fəaliyyəti bərpa olunur, sonradan isə yenidən qapadılır. Eyni zamanda mobil rabitə də bütün ölkə üzrə kəsilib. Bəzi qərb regionlarında isə bəzən mobil rabitənin işlədiyi bildirilir. Yalnız dövlət televiziyası fasilərlərlə işləyir. İnternet media, sosial media, mesencerlər də bir neçə gündür ki, fəaliyyətini dayandırıb.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, internetin bütün ölkə üzrə qapadılması Qazaxıstanın bütün rəqəmsal sektorunu, internetlə əlaqəli bütün sahələri iflic edib. O, xatırladır ki, Qazaxıstan yetərincə rəqəmsallaşan, internetə inteqrasiya olunan ölkə hesab olunurdu.

"Rəqəmsal sahibkarlıq, rəqəmsal bankçılıq, startap ekosistemi, e-xidmətlər, eGov infrastrukturu bu ölkədə xeyli inkişaf etmişdi. Təhsil və bank sektorunda, müxtəlif sahələrdə aktiv fəaliyyət göstərən milli rəqəmsal platformaları, E-ticarət və İT sahəsində Çinlə ciddi əlaqələri, iş birlikləri vardı",- ekspert vurğulayıb.

O.Gündüz bildirir ki, Qazaxıstanın adını həmişə MDB məkanında rəqəmsal sektorda nümunə ölkələr sırasında çəkib: "Kriptovalyutaların tənzimlənməsi, vençur maliyyələşmə, alternativ ödəniş sistemləri haqqında qanunları onlar illər öncə qəbul ediblər. Ötən il peyk operatoru olan OneWeb və SES ilə peyk interneti üçün müqavilələr bağlamışdılar, "Starlink"lə danışıqlar aparırdılar və bu ildən peyk interneti işə düşməliydi. Qazaxıstan dünya peyk ailəsinin üzvüdür".

Eksperti əlavə edir ki, Qazaxıstanın bəzi İT şirkətlərinin səhmləri beynəlxalq birjalarda qiymətləndirilirdi. İT, innovasiya və eGov üzrə beynəlxaq statistikalarda Qazaxıstan MDB məkanında demək olar ki, çox zaman öndə olurdu: "Əlbəttə, internetin olmaması ilk növbədə rəqəmsallaşan cəmiyyətə, rəqəmsal sahibkarlığa və informasiyalı mühitə daha ciddi zərbə vurur. Hazırda bu ölkədə vətəndaşlar yalnız fasilələrlə və yalnız rəsmi informasiyaları ala bilirlər. Ötən gün Prezident Tokayev xalqa müraciətində bəzi ərazilərdə qısa müddətlik də olsa internetin bərpa olunacağını açıqlayıb. Bu gün bir sıra regionlarda terminalların işləməsi haqqında məlumatlar verilib.10 yanvar tarixədək bütün dövlət xidmətlərinin göstərilməsi də rəsmi olaraq dayanndırılıb. Hökumətə məxsus internet resurs Gov.kz açılsa da, elektron xidmətlər portalı - eGov.kz saytı işləmir".

Osman Gündüz deyir ki, dünya üzrə ikinci ən böyük ( 18%) bitcoin mayninqi istehsalı Qazaxıstandaydı.

"2021-ci ildə Çində kriptovalyuta istehsalı qadağan edildikdən sonra, Qazaxıstanda bitcoin istehsalı üzrə on minlərlə Çin fermaları (mayninq qurumları) mövcud idi. Hansı ki, indi onlar fəaliyyətini dayandırıblar, necə deyərlər, internet yoxdursa mayninq də yoxdur və bu da dünyada kriptovaltua kurslarına ciddi təsir edib. Hazırda Qazaxıstanın maynerləri, startapçıları, rəqəmsal sahibkarları, adi e-ticarət iştirakçıları bank hesablarına, birja hesablarına və rəqəmsal platformalara daxil ola bilmirlər. Bütün bunlar isə Qazaxıstanın həm də qlobal dünyada mövqelərinin itirilməsinə, investisiya imkanlarının zəifləməsinə səbəb olacaq. İnternetin bütövlükdə qapadılması rəqəmsal Qazaxstan üçün çox böyük zərbədir",- ekspert vurğulayıb.

Osman Gündüz hesab edir ki, Qazaxıstanda rəqəmsal sektoru dirçəltmək üçün uzun müddət lazım gələcək və güman ki, bu da daha çox hökumətin götürəcəyi siyasi kursdan, yeni iqtisadi münasibətlərdən asılı olacaq: "İnternet alternativliyi sevir. İnternetin bütün fəlsəfəsi, bütün mahiyyəti onun alternativliyindədir. Əgər İnetrnetin "rubilniki" bir nəfərin əlində olacaqsa və o da özü çıxış etmək istəyəndə onu açıb-bağlayacaqsa, onda onun adı internet yox, ən yaxşı halda, NetBlocks qrafikdən də görsənir ki, "TokayNet TV" ola bilər.Hələlik gedişatdan görsənir ki, ən yaxın perspektivdə, əvvəlki tempdə inkişaf edən rəqəmsal Qazaxıstan olmayacaq".

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol