PUTİNİN “ÖZ EVİ”... – Ermənilər KTMT-nin Qazaxıstana girməsinə sevinir, lakin...

“KTMT xətti ilə görülən tədbirlər aydın şəkildə göstərdi ki, biz evimizdə situasiyanı qarışdırmağa imkan verə bilmərik və rəngli inqilablar adlanan ssenarinin reallaşmasına imkan verməyəcəyik”.

Bunu Rusiya Prezidenti Vladimir Putin bu gün KTMT-nin onlayn konfransında söyləyib. Ardınca Qazaxıstana “terror hücumu” barədə danışan Putin bildirib ki, Qazaxıstana yürüdülən qoşun orada “nə qədər lazımdırsa, o qədər də qalacaq”.

Qazaxıstan başda olmaqla KTMT-yə aid dövlətləri “öz evi” adlandıran və orada kefləri istədikləri qədər qalacaqlarını deyən Rusiya Prezidenti bununla da açıq-aşkar, gizlətmədən bu ölkələrə olan iddiasını ortaya qoyur.

Maraqlıdır ki, Putin bu açıqlamasında rəngli inqilablara imkan verməyəcəyini deyərkən, iclasda iştirak edən və 2018-ci ildə məhz belə bir inqilab nəticəsində hakimiyyətə gələn Ermənistanın Baş naziri Nikol Paşinyan da gözlərini döyə-döyə ona baxırdı...

Artıq Ermənistanda bir çoxları Rusiyanın başçılığı altında Qazaxıstana qarşı reallaşdırılan təcavüzü alqışlayır və buna sevinirlər. Təbii ki, 44 günlük müharibədəki biabırçı məğlubiyyətdən sonra Ermənistanın dövlət, onun hərbçilərinin isə “adam yerinə” qoyulub belə ciddi işğal əməliyyatına simvolik də olsa cəlb edilməsi ermənilərin xüsusilə də revanşist kəsimini bir qədər ruhlandırıb. Ancaq Paşinyana səs verənlər də bu məsələdə revanşist qüvvələrdən çox da geri qalmır...

Ötən gün Ermənistan parlamentinin üzvü, deputat Tiqran Abramyan deyib ki, Qazaxıstanda baş verənlər “Türkiyənin və Azərbaycanın regional planlarını pozub(?)".

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə Qazaxıstana müdaxilənin ilk günündə bu ölkədəki olayları nəzərdə tutaraq, sevincək şəkildə KTMT-nin ilk dəfə böhran vəziyyətinə operativ reaksiya verdiyini deyib: “Təşkilata üzv ölkələr necə reaksiya vermək lazım gəldiyini əyani göstərdilər. Ümid edirik ki, oxşar durum yaranarsa, təşkilat Ermənistana dəstək olacaq...”

Putinin keçirdiyi bugünkü onlayn toplantıda iştirak edən Nikol Paşinyan isə bir qədər də irəli gedərək, yaranmış fürsətdən istifadə edib, Qazaxıstanda baş verənlərlə 44 günlük müharibəni eyniləşdirməyə çalışıb: “Qazaxıstandakı kimi Dağlıq Qarabağda da 44 günlük müharibədə kənardan terrorçular gətirilmişdi. Biz beynəlxalq terrorçularla üz-üzə qalmışdıq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər yeni təhlükələrlə üz- üzə qala bilər...”

Bununla da, həm Qriqoryan, həm də Paşinyanın özü bir tərəfdən KTMT-nin 44 günlük müharibədə deyil, yalnız indi ilk dəfə böhran vəziyyətinə müdaxilə etdiyinə işarə vurursa, digər tərəfdən də Qazaxıstana müdaxilə ilə artıq yeni presedent yarandığını vurğulayır və Ermənistana da Azərbaycanla mümkün münaqişə zamanı açıq dəstək olunacağına ümidləndiklərini ifadə edirlər.

Erməni cəmiyyətinə gəldikdə isə Qarabağdan dovşan kimi qaçan və Azərbaycan tərəfinə əsir düşməkdən “zövq alan” erməni ordusunun sınıq-salxaq tör-töküntülərinin Qazaxıstana göndərilməsindən eyforiyaya qatılanlar, hətta onlara “qazaxlara ikinci Xocalını yaşadın” çağırışı edənlər də var.

Göründüyü kimi, Türk düşmənlərini sevindirən və onlara fürsət verən Tokayevin KTMT-ni köməyə çağırmaqla faktiki olaraq ölkəsini işğal faktı ilə üz-üzə qoyması Rusiyanın yaratdığı və dominantlıq etdiyi hərbi bloka nəfəs vermiş oldu. Ermənistan 44 günlük müharibə dövründə, eləcə də müharibədən sonra sərhəddə yaşanan gərgin hərbi qarşıdurmalar zamanı hər nə qədər çalışsa da, Rusiyanın və KTMT-nin savaşa birbaşa müdaxiləsinə nail ola bilməmişdi. Təbii ki, bu məsələdə Türkiyə amili də daxil olmaqla, bir çox faktorlar öz sözünü dedi...

Doğrudur, Rusiya erməni ordusu demək olar tam məhv ediləndən və Şuşa azad olunandan sonra sülhməramlı adı altında Qarabağın bir hissəsinə girdi, lakin bu nəticə ermənilərin gözlədiyi və ümid etdiyi dəstəyə qətiyyən adekvat deyildi. İndi isə Qazaxıstanda yaranan durum Ermənistan kimi işğalçı, aqressiv dövlətdə və cəmiyyətdə iştahaları artıra bilər...

Ancaq erməni əsgərlərinin Qazaxıstana göndərilməsinin əleyhinə olan və bunun Ermənistanın “demokratik imicinə” zərbə vurduğunu düşünən erməni siyasətçiləri də az deyil. Məsələn, bir neçə gün əvvəl Paşinyanın partiyasından olan sabiq deputat Qayane Abramyan deyib ki, Qazaxıstana hərbçi göndərməklə Ermənistanın böyük əziyyətlə yaratmaq istədiyi demokratik dövlət imicinə ciddi zərbə vurulub: “Biz indi artıq de-fakto bir avtoritar şəxsə xidmət göstərən ailənin(KTMT-red) üzvünə çevrilmişik...”

Əlbəttə ki, daşıdığı Rusiya imperiya düşüncəsinə görə, Putin və onun kimi düşünənlər təkcə KTMT ərazisini yox, bütünlükdə keçmiş SSRİ məkanını öz evi və mülkü hesab edir. Həmin “mülkdə” Ermənistan dövləti Rusiya üçün “sanitar qovşaq” statusuna malik olsa da, ondan Azərbaycana qarşı istifadə etmək cəhdləri və imkanları qətiyyən tükənməyib. 

Odur ki, Azərbaycan da istər dövlət, istərsə də cəmiyyət olaraq Qazaxıstan hadisələrindən nəticə çıxarmalı, vətənimizin nə Rusiyanın, nə Putinin, nə də başqa birinin “öz evi” olmasına şans yaratmamalıdır...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Vətəndaş 2022-01-11 09:57:11

M.Ə.Rəsulzadə: Rusiya kiçilib oz tarixi ərazisinə sığmayınca, dünya xalqlarına rahatlıq yoxdur.

Son yazılar