Menu

“Moskva bilir ki, müharibə olsa, onu hansı aqibət gözləyir” - Azərbaycanın Ukraynadakı keçmiş səfiri

19.01.2022, 18:24
“Moskva bilir ki, müharibə olsa, onu hansı aqibət gözləyir” - Azərbaycanın Ukraynadakı keçmiş səfiri

"İnanmıram ki, Rusiya ilə Ukrayna arasında müharibə olsun. Ola bilər ki, hər hansı xırda təxribatlar baş versin, Moskva tərəfindən bu səpkili addımların atılacağını gözləmək olar. Lakin bunun müharibəyə gətirib çıxaracağı ehtimalı çox azdır". 

"AzPolitika.info" xəbər verir ki, bu sözləri Azərbaycanın Ukraynadakı sabiq səfiri Azər Xudiyev “Ayna.az”-a müsahibəsində deyib. 

Onun sözlərinə görə, hazırda Rusiyanın vəziyyəti yaxşı olmasa da, Kreml əlində olan resurslardan Ukraynanı zəiflətmək üçün istifadə edir: "Bunu beynəlxalq münasibətlər sistemində təhdid də adlandırmaq olar. Tarixi təcrübəyə istinad etsək, görərik ki, Moskva bu cür siyasi texnologiyalardan məharətlə istifadə edib və bu gün də istifadə etməkdə davam edir. Digər tərəfdən, hazırda bu yöndə çox ciddi müzakirələr gedir. Rusiya öz şərtlərini diqtə edir, ABŞ və Qərb isə qəti mövqe ortaya qoyub. Hesab edirəm ki, hazırkı şəraitdə Rusiya müharibə qərarı verərsə, böyük səhvə yol vermiş olar", - diplomat vurğulayıb.

Rusiyanın Ukrayna ilə ortaq məxrəcə gətirəcək amillərdən danışan A.Xudiyev qeyd edir ki, Moskvanın yürütdüyü siyasətin nəticələrini bir çox hallarda onların özləri də hesablamırlar: "Məşhur bir deyim var: Rusiyanın yürütdüyü siyasətin məntiqi yekunu onların özlərinə belə bəlli deyil. Onların öz “rus dünyası” var və həmin xəttə uyğun siyasət yürüdürlər. Lakin artıq dünya dəyişib, müasirləşib və yeni trendlər meydana çıxıb. Bu xüsusda Rusiya da məcburdur ki, yeni dünya qaydaları ilə hesablaşsın. Zamanla bu reallıqları qəbul edəcəyi qaçılmazdır. Hazırda nəinki Ukrayna, Rusiyanın özündə də ciddi böhran hökm sürür. Belə bir şəraitdə Rusiya-Ukrayna, o cümlədən Qərb-Rusiya gərginliyi davam etsə də, bunun irimiqyaslı müharibə ilə nəticələnəcəyini gözləmək sadəlövhlük olardı. Moskva bilir ki, bu, baş verərsə, onu hansı aqibət gözləyir. Bu halda ABŞ və Qərbin sərt iqtisadi sanksiyaları onsuz da sosial-iqtisadi problemlər məngənəsində üzən Rusiya üçün sarsıdıcı ola bilər".

Müharibə ehtimalının artdığı hazırkı şəraitdə Ukraynadakı soydaşlarımızın durumundan danışan keçmiş səfir deyib: "Bir çox soydaşlarımız Ukraynanın vətəndaşlarıdır. Allah etməmiş, müharibə olsa, onlar Ukrayna vətəndaşları olaraq öz borclarını yerinə yetirəcəklər. Mən özüm Azərbaycan vətəndaşı olsam da, Ukraynada yaşayan və çalışan biri olaraq bu ölkəni müdafiə etməyə, dəstəkləməyə hazıram. Ukrayna Qarabağ münaqişəsində, ərazi bütövlüyü məsələsində və digər məsələlərdə Azərbaycanı daim dətsəkləyib və bizim aramızda çox yüksək münasibətlər mövcuddur. Bu münasibətlər sürətlə inkişaf edir və strateji tərəfdaşlıq xarakteri daşıyır", - Azər Xudiyev vurğulayıb.

"AzPolitika.info"

Şərhlər

Eldar 2022-01-20 01:32:34

Çox uğursuz bir yazıdı. Azər Xuduyev uğursuz bir səfir olub və ona işdən çıxarılıb. Ukrainada oturub alveri ilə məşğul olsun. Bu məqalə azərbaycanın xarici siyasətinə qarşı yönəlmiş yazıdı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol