QARABAĞDA XÜSUSİ ƏMƏLİYYAT... – Yarımçıq qalmış işimizi başa çatdırmağın tam zamanıdır!

Dünyanın gündəmi Rusiyanın Ukraynaya təcavüzüdür, kollektiv Qərb və müttəfiqləri təcavüzkarı durdurmaq üçün ən müxtəlif sərt tədbirlərə əl atırlar. Ağır iqtisadi sanksiyalar tətbiq edilir, Ukraynaya milyardlarla pul və silah yardımı davam edir.

Bu ağır günlərdə postovet regionunda atəş səsləri gələn tək Ukrayna cəbhəsi deyil. Cəmi il yarım əvvəl aktiv fazası başa çatan Qarabağ cəbhəsində də silahlar işə düşüb.

Rusiya "sülhməramlılarının" himayəsində olan bir qrup cinayətkar, separatçı erməni azlığı müxtəlif təxribatlara cəhd edir. Gah Azərbaycan ordusunun mövqelərinə atəş açır, gah da Rusiya hərbçilərinin arxasında qanunsuz fəaliyyətlər həyata keçirir. Ötən həftə Azərbaycan Silahlı Qüvvələri səsgücləndiriclər vasitəsi ilə onlara xəbərdarlıq etmişdi ki, Azərbaycan hökuməti ilə razılaşdırmadan hər hansı fəaliyyət qadağandır, istisna olunur. Hətta təsərrüfatla məşğul olmaq üçün bu ərazilərin sahibindən icazə almaq lazımdır.

Müdafiə Nazirliyi bir həftənin, demək olar, hər günü atəşkəsin pozulduğunu açıqlayır. Nazirliyin martın 9-da yaydığı informasiyada diqqətçəkən bir cümlə yer alıb: "Azərbaycan Ordusu heç bir halda mülki infrastrukturu hədəfə almır, yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir".

Bu, sözügedən bölgədə hazırkı vəziyyəti kifayət qədər dəqiq ifadə edən cümlədir. İlk növbədə hədəf dəqiq göstərilir və sülhməramlılarla bağlı gözlənilən spekulyasiyaların qarşısı alınır: Azərbaycan ordusunun hədəfi qanunsuz erməni dəstələridır. 

İkincisi, Müdafiə Nazirliyi cəmiyyətin çoxdan sosial sifarişinə çevrilmiş məsələnin həllinə start verildiyini açıqlayır: separatçıların mövqe tutduqları yerlər dəqiq zərbələrlə vurulur. 

Üçüncüsü, Azərbaycanın qanunsuz dəstələri ləğv etməyə qərar verməsi bölgədə artıq Rusiyanın sülhməramlı missiyasının iflasa uğradığını göstərir.

Bu günə qədər rus hərbçiləri Azərbaycan ərazilərində saysız-hesabsız qanunsuz fəaliyyətlə məşğul olub: separatçıları təşkilatlandırıb, məskunlaşdırıb, maliyyə yardımı edib, onlara təlimlər keçib, onların cinayətkar başçılarını himayə edib, nəhayət, 10 noyabr bəyanatına zidd olaraq qanunsuz silahlı dəstələrin rotasiyasına, silah, ərzaq təminatına şərait yaradıb. 

Laçın dəhlizi ölkə ərazisində dövlət hakimiyyətinə tabe olmayan bir dəstə quldurun rahat tranziti üçün istifadə olunub.

Bu günə qədər rəsmi Bakı əsasən diplomatik kanallarla, bəzən açıq şəkildə Rusiyanın Qarabağdakı qanunsuz fəaliyyətinə etiraz edib, amma ciddi nəticə əldə olunmayıb. Nazirlər Kabinetinin 2021-ci illə bağlı açıqlanan hesabatından məlum olur ki, Azərbaycan hökuməti həm də Laçın dəhlizindən təyinatına zidd olaraq hərbi məqsədlə istifadə edilməsilə bağlı BMT, ATƏT, Avropa Şurası və NATO-ya müraciət edib.

Bugünlərdə Rusiya Müdafiə Nazirliyinin yenidən Qarabağı müstəqil subyekt kimi təqdim etməsi artıq Bakının səbr kasasını daşıran son damla oldu. Bu bəyanata Azərbaycan Müdafiə Nazirliyi sərt formada etiraz bildirib.

Beləliklə, separatçı quldur dəstələrinin ləğv edilməsi üçün zəmin var və xüsusi əməliyyatın keçirilməsi üçün legitim şərtlər formalaşıb.

İlk növbədə 10 noyabr bəyanatında nəzərdə tutulsa da, ilyarım ərzində erməni separatçıları bölgəni tərk etməyib.

İkincisi, elə həmin bəyanata uyğun olaraq azərbaycanlıların öz yerlərinə qayıdışı üçün heç bir addım atılmayıb.

Üçüncüsü, Xankəndində Azərbaycan dövlətinə qarşı təxribatçı hərəkətlərin sayı günü-gündən artır və nəticədə sülhməramlı missiya öz rolunu oynaya bilmir.

Dördüncüsü, Rusiya tərəfindən Laçın dəhlizində dövlət sərhədinə Azərbaycan nəzarətinin bərpa olunmasına imkan verilmir və bu kommunikasiya separatçıların sərəncamına verilib.

Fevralın 22-də Rusiya və Azərbaycan Prezidentləri arasında imzalanmış Moskva bəyannaməsi də xüsusi əməliyyatın gerçəkləşdirilməsinə "yaşıl işıq" yandırır. 

Belə ki, bəyannamənin 6-cı və 11-ci bəndlərində yazılıb:

- Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya Tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər;

- Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar.

Hazırda Rusiyanın Ukraynaya təcavüzü olduqca mürəkkəb beynəlxalq situasiya yaradıb. Məlumdur ki, Ukrayna böhranı Moskvanın Krımı özünə birləşdirməsi, Donbass regionunda separatçı rejimlər yaradıb himayə etməsi ilə başlayıb. 8 ildir davam edən münaqişə, bu gün Rusiya və Ukrayna arasında irimiqyaslı müharibəyə çevrilib və bu fəlakətin başlıca səbəbi separatizm və onun himayə olunmasıdır.

30 ildir eyni problemlə üzləşən Azərbaycan, 44 günlük qalibiyyətli müharibə ilə ərazilərinin əhəmiyyətli hissəsini işğaldan azad edib. Amma Rusiya müharibənin sona çatmasına imkan verməyib, bölgəyə sülhməramlı qiyafəsində ordu yeridib və separatçı erməni cinayətkarlarını kiçik bir ərazidə himayə etməkdə davam edir. 

Bu gün beynəlxalq ictimaiyyət Azərbaycanın bu ərazilərdəki cinayətkar dəstələrin ləğvi üçün həyata keçirəcəyi xüsusi əməliyyatı dəstəkləməlidir. Çünki problem zamanında aradan qaldırılmasa, sonradan hamını narahat edən böhrana çevrilir.

E.Rüstəmli

"AzPolitika.info"

635x100

Şərhlər

əlil 2022-03-11 21:23:39

Bu təhlükəli zamanda bunu etmək olmaz. Avropa İttifaqı Qarabağın müstəqilliyini tanıya bilər! Aİ başında fransa durur!

Son yazılar