"SƏNİ HƏMİŞƏ SEVMİŞƏM, AMMA KİŞİ KİMİ DANIŞAQ..." - Sabiq başçıya rüşvət verənlər dindirildi

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə şahidlər-vaxtilə Vilyam Hacıyevə rüşvət verənlər və bunun hesabına öz işlərini "aşıranlar" ifadə veriblər, keçmiş başçıya hansı məbləğdə rüşvəti hansı iş üçün və kimin əliylə verdiklərini danışıblar. 

Onlardan bəziləri indi dəmir barmaqlıqlar arxasında oturan keçmiş başçıya öz hörmət-izzətlərini də ifadə etməyi yaddan çıxarmayıblar. Şahidlərdən biri hətta "Vilyam məllimə" öz tükənməz sevgisini də izhar edib, amma deyib ki, bunun məsələyə dəxli yoxdur-rüşvət faktını etiraf etmək lazımdır.

Prosesdə əvvəlcə İmişli rayonunun Qaralar kənd bələdiyyəsinin sədri Şıxəli Gülməmmədov ifadə verib. O, əvvəllər sahibkarlıqla məşğul olduğunu, 2015-ci ildə bələdiyyə sədri seçildiyini deyib: “Quruculuq, abadlıq işləri olanda sahibkar kimi yardım etmişəm. Pulu Vilyam müəllimə yox, mühasibə vermişəm. Müəyyən miqdarda imkanım çatan qədər köməklik etmişəm”.

“Abadlıq-quruculuq işləri” üçün rüşvət

İmişli rayonunun Sərxanlı kənd sakini Namiq Xankişiyev məhkəməyə verdiyi ifadəsində deyib ki, torpaq sahəsini atasının adından öz adına keçirmək üçün İmişli icra hakimiyyətinin hüquqşünası Rahim Zahidova 1300 manat pul verib.

Digər şahid, sahibkarlıqla məşğul olan Hümbət Həsənov V.Hacıyevi rayon rəhbəri kimi tanıdığını, şəxsi tanışlığı olmadığını deyib: “Yanacaqdoldurma məntəqəsi balaca idi. Onu böyütmək, genişləndirmək lazım idi. Mən də baş memara müraciət etdim. Mənə dedilər ki, rayonun quruculuq işləri üçün icra hakimiyyətinə 3 min manat verməlisən. Pulu baş memar Nazimlə birlikdə mühasibatlığa vermişəm".

Məmi duz-çörəyi tapdalamır, amma Vilyama 5 min manat verdiyini təsdiqləyir

Əvvəllər Pambıq Zavodunun direktoru, şəhər icra nümayəndəsi vəzifələrində, hazırda İmişli rayonunda bələdiyyə sədri işləyən Məmi Atakişiyev məhkəmə ifadəsində sabiq icra başçısı ilə münasibtlərinin hər zaman yaxşı olduğunu deyib: "Duz-çörək kəsmişik. Hər şey ədalətli olsa yaxşı olardı. Tanışım, Səadət Şahvələdova bağça müdiri işləyirdi. Vilyam müəllim onu işdən çıxartmaq istəyirdi. Gəldim yanına, xahiş elədim, məni eşitdi. Buna görə Səadət mənə 5 min manat verdi, mən də aparıb icra hakimiyyətinin mühasibi Cəmilə verdim. Vilyam müəllim, başına dönüm, səni həmişə sevmişəm. Amma kişi kimi danışaq də. Beş min manat vermişəm axı... ”


İmişlidə təqdimatın qiyməti 5 min manat

Daha sonra şahid qismində M.Atakişiyevin qardaşı oğlu Orxan Atakişiyev dindirilib. O, icra hakimiyyətindən təqdimat almaq üçün 5 min manat verdiyini deyib.

Vaxtilə İmişli Dəmir yolunda məsul vəzifədə çalışan, hazırda təqaüddə olan Aydın Xankişiyev ifadəsində rayonda aparılan abadlıq-quruculuq işləri üçün icra hakimiyyətinin mühasibinə 1000 manat pul verdiyini deyib.

Digər bələdiyyə sədri Malik Əzimov da ifadəsində rayonun abadlaşdırılması üçün pul verdiyini açıqlayıb. 

"İcra başçısı iclasda dedi ki, abadlıq işlərinə kömək lazımdı. Mən də mühasibə 2 min manat verdim. Rayonda səkilər salındı, abadlıq işləri aparıldı”,-o deyib.

Yalavac kənd sakini: “Başçıya 70 min manat verdim...”

İmişli rayonunun Yalavac kənd sakini, sahibkarlıqla məşğul olan Malik Əliyev kənd təsərrüfatı təyinatlı 300 hektar torpaq almaq üçün icra hakimiyyətinin mühasibinə 70 min manat pul verdiyini deyib: "Bu işlə əlaqədar İcra Hakimiyyətinin mühasibinə müraciət etmişəm. Məndən 70 min manat istədi, verdim. O da torpağın sənədlərini verdi. İndi də həmin torpaq sahəsi istifadəmdədir. 180 baş inəyim var".

Məhkəmə prosesi martın 28-də davam etdiriləcək. V.Hacıyev 2020-ci il mayın əvvəllərində DTX tərəfindən həbs edilib. Ona qarşı vəzifə səlahiyyətlərini aşma, mənimsəmə və rüşvət alma maddələri ilə ittiham irəli sürülüb. (virtualaz.org)

Sabiq icra başçısı elan olunan ittihamlarla özünü təqsirli bilmədiyini deyib. 

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar